Yarım qalan arzular
Digər xəbərlər

Yarım qalan arzular

Məhv olan ailələr

Fevralın 5-də gecə minlərlə insan hansı xəyallarla, hansı arzularla yummuşdu gözünü, kim bilir. Səhərin planlarını axşamdan qurmuşdular. Ancaq "sən saydığını say, gör fələk nə sayır". Dəhşətli zəlzələ minlərlə insanı elə yuxusunda, yatağındaca yaxaladı. Şəhərləri yerlə-yeksan edən, minlərlə binanı toz-dumana çevirən zəlzələdən ayaqyalın halda canlarını belə güclə qurtardı bəziləri. Çoxu isə heç qurtara bilmədi, beton yığınının altında bircə nəfəs, zəif işıq, kiçicik ümid axtardı. On minlərlə insan axtardığını tapa bilmədən gözlərini yumdu, qəlbində neçə arzusu, neçə xəyalı, yaşadıqları, yaşamadıqları, yaşaya bilmədikləri ilə...

Adıyaman vilayətində yaşayan 48 yaşlı Funda Akpınar gözyaşları ilə danışdı yaşadıqları dəhşəti: "Altı övladım vardı. Beş oğlan və bir qız. Böyük oğlum İzmirdə, biz isə Adıyamanda yaşayırdıq. Həyat yoldaşım dünyasını dəyişdikdən sonra çox ağır günlər yaşadım altı uşaqla. Kirayədə qalırdıq, çox vaxt kirayə pulunu verməkdə belə çətinlik çəkirdim. Yaşadığımız mənzili bir il öncə almışdım. Təzə tikilən bina olduğu üçün içim çox rahat idi. Çox xoşbəxt bir ailə idik. Fevralın 5-nə kimi. Həmin gün işdən tez gəlib yemək hazırladım. Güclü qar yağırdı. Oğlanlarıma tək-tək zəng vuraraq evə tez gəlmələrini istədim. Hava çox soyuq idi. Üşüyüb xəstələnərlər deyə nigaran idim. Gec olmadan evə gəldilər. Deyib-gülərək birlikdə son şam yeməyimizi yedik. Özümə rahatlıq tapa bilmirdim. İçimdəki sıxıntı məni didib-parçalayırdı. İzmirdəki oğluma zəng vurdum, səsini eşitmək istəyirəm oğlum, dedim. Amma içimdəki fırtına səngimədi. O gecə heç yatmaq istəmirdim. Sanki kimsə mənə yatma, sarıl balalarına, onları qoru deyirdi. Oğlanlarıma hava çox soyuqdu, gəlin bu gün birlikdə isti olan otaqda yataq dedim. 4-ü də güldü, biz üşümərik baş tacımız, dedilər. Saat 2-də buz kimi yatağıma girdim. Yata bilmirdim, çox gec yuxuya getdiyimi xatırlayıram. Gecə dəhşətli uğultunun səsinə yuxudan ayıldım. Yataq otağındakı şifoneri sanki kimsə qəsdlə divara çırpırdı. Qışqırmağa macal tapmadım, bina çökdü. 8-ci mərtəbədə yaşayırdıq. 12 mərtəbəli bina bir anda yerlə-yeksan oldu. Qızımla mən eyni betonun altındaydıq. Amma oğlanlarımın harada olduğunu bilmədim. 3 gün dağıntılar altında qaldıq. Özümə gələndə xəstəxanada idim. Qızımın 16 yaşı var. Ayaqlarında və bel nahiyəsində qırıqlar var. Həyatım paramparça, dünyam qaranlığa qərq oldu o gecə. Yeni aldığım mənzil 4 oğlumun məzarına çevrildi".

Minlərlə insanın ölümünə səbəb olan zəlzələnin təsirindən çıxa bilməyən insanlardan biri də Hatayın Antakya bölgəsində yaşayan 73 yaşlı Ramazan Köksaldır: ''Doqquz övladım, 30 nəvəm Antakyanın mərkəzində, mən isə həyat yoldaşımla kənddə yaşayırdım. Həmin gecə zəlzələnin uğultusuna oyandıq yuxudan. Sanki həmin gecə yerlə göy birləşib insanlardan qisas alır, evləri dağıdırdı. Özümüzü həyətə necə atdıq bilmirəm. Nə mən, nə də həyat yoldaşım xəsarət almadıq. Kaş heç biz də yaşamasaydıq... O dəhşətli andan sonra övladlarıma zəng vurdum. Heç kimsədən cavab gəlmədi. Təcili həyat yoldaşımla şəhərə getdik. Yerlə-yeksan olmuş binaları, dağıntılar altından ''kömək edin'' deyə bağıran insanların səsini eşitdiyim an dünya başıma uçdu. Kömək edə bilmədim heç kimsəyə. Dağıntının ərazisi böyük idi, həm də çox dərindən gəlirdi imdad səsləri. Ailəmdən 21 nəfər o dağıntılar altında can verdi. Bundan sonra həyatım necə olacaq? Kim sarıyacaq yaramızı?".

Baş verən zəlzələ geridə dəhşətli mənzərələr buraxıb. Minlərlə dağıdılmış ev, məhv olmuş ailələr, yarım qalan xəyallar və arzular... Həmin gün ana təbiət sanki möcüzələri də oyandırmışdı yuxudan. Möcüzə nəticəsində həyatda qalan ailələrdən biri də Adıyamanın Çelikhan rayonunda yaşayan Fadime Ayaz və övladları olub. İkimərtəbəli evdə yaşayırmış Ayaz ailəsi: "Birinci mərtəbədə qaynım ailəsi ilə, ikinci mərtəbədə isə biz yaşayırdıq. Şam yeməyimizi yedik, evi təmizlədim və uşaqlara gedin yatın dedim. 5 yaşlı qızım Ayişə - ana, gəlin yatmayaq, gecə zəlzələ olacaq dedi. Yuxusunda görübmüş qızım. Qızıma sakit ol, yuxular tərsinə yozulur dedim. Övladlarıma sarılaraq gecəniz xeyrə qalsın deyib qapını örtüb çıxdım yataq otaqlarından. Bir az keçməmiş Ayişə qapını açdı və zəlzələ olacaq, qapı bağlansa qaça bilmərik dedi. Gəlin bu gecə yatmayaq, oyun oynayaq. İçimə bir qorxu düşdü. Allahım, məni övladlarımla imtahan etmə", - deyərək dua etdim o gecə. Uşaqların səsinə oyandım yuxudan. Ana-ana deyərək qışqırırdılar. Ayağa qalxdım, ayaqda dura bilmirdim. Zəlzələ baş verdiyini anladım. Yeriyə bilmirdim, sanki kimsə məni divarlara çırpırdı. Uşaqların yatdığı otağa qaçdım. Uşaqların hər üçü yatağın yanında yerə çökərək başlarını yastıqla qoruyurdular. O anda paltar dolabı üstümə aşdı, altında qaldım. Uşaqlara qaçın, canınızı qurtarın dedim. O anda bina çökdü. Sanki bizi kimsə heç nə olmamış kimi həyətə gətirdi. Toz dumanın içində övladlarımı axtardım. Ayişə yox idi aralarında. Qışqırmağa başladım. Bir az sonra onun babasının əlindən tutub gəldiyini gördüm. Bir-birimizə sarıldıq, Ayişənin yuxusu çin çıxdı. Yaşadığımız ev torpağa qarışıb, oradan sağ çıxan olmadı. Qaynım ailəsi ilə birlikdə dağıntılar altında can verdi. Rayonda dağılmamış bina qalmayıb, hər evə od düşüb. Bizim sağ qalmağımız isə qızım Ayişənin sayəsində bir möcüzəyə döndü. O gecə Ayişə özündən böyük qardaşını və bacısını yatmağa qoymayıb. Oyun oynayaq deyib yalvararaq, yatsaq zəlzələdə hamımız öləcəyik... Bütün ailəmi - atamı, qardaş-bacılarımı, doğmalarımı, əzizlərimi itirdim. Məni ayaqda tutan isə övladlarım, həyat yoldaşım və tək qalan anamdır...".

Esmira YAZKAN,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.