Düşmənin növbəti siyasi şousu
Digər xəbərlər

Düşmənin növbəti siyasi şousu

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş bir sıra vacib məqamlarla yadda qaldı. Bunlardan biri də Azərbaycanın Qarabağda yaşayan ermənilərə ərzaq tədarükünün Ağdam yolu üzərindən həyata keçirilməsi ilə bağlı idi. Azərbaycanın bu təklifi Şarl Mişel tərəfindən dəstəklənsə də, Ermənistan bu dəfə də sülhə maraqlı olmadığını, hər vəchlə sabitliyə əngəl törətmək niyyətini bir daha göstərdi.

Nikol Paşinyanın sülh nağılları fonunda Laçın dövlət sərhədində erməni təxribatları  artıb. Artıq ermənipərəst humanitar missiya icraçıları belə qeyri-qanuni əməllərə imza atır. Azərbaycan Dövlət Sərhəd Xidməti Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağ bölgəsində fəaliyyətində ciddi qanun pozuntularına yol verməsini üzə çıxardı. Humanitar təşkilatın bəzi əməkdaşları öz səlahiyyətlərindən sui-istifadə edərək bölgədə faktiki qaçaqmalçılıq fəaliyyəti ilə məşğuldur.

Keçid məntəqəsində siyasi manipulyasiya məqsədilə müxtəlif yollarla təxribatlar törədilir. Məlumdur ki, Azərbaycanın öz suveren ərazisində bölgədəki qanunsuz əməllərin qarşısının alınması və dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qurduğu Laçın sərhəd-buraxılış məntəqəsi hayların xəbis niyyətlərini puç etdi. Laçın-Xankəndi yolundan müxtəlif cinayət əməlləri üçün istifadə edə bilməyən haylar hər vəchlə beynəlxalq ictimaiyyəti öz yalanlarına inandırmağa çalışırlar. Belə ki, hayların "oturaq aksiya" və "blokada" şousunun növbəti təzahürü olan yük maşınlarının Laçın yoxlanış məntəqəsinə düzülməsi buna əyani misaldır. Xatırladaq ki, iyulun 25-də DSX Laçın sərhəd-buraxılış məntəqəsində Ermənistanın mümkün təxribatı ilə bağlı xəbərdarlıq etmişdi. Bildirilmişdi ki, Ermənistan tərəfindən 26 iyulda Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkarcasına növbəti təxribat əməli planlaşdırılır.

Yolun bütün göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Ağdam-Xankəndi yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri sözügedən ərazilərdə qanunsuz əməlləri davam etdirmə niyyətini sübut edir. 30 ilə yaxın bir dövr ərzində narkotik, silah-sursat və təbii sərvətlərimizin qanunsuz şəkildə daşınmasının reallaşdırıldığı bu ərazilərin artıq Azərbaycan dövlətinin nəzarəti altında olmasından qıcıqlananlar çirkin əməllərini reallaşdıra bilməyəcəklər. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məsələ ilə bağlı şəxsi "twitter" hesabındakı paylaşımı bunu bir daha sübut edir: "Təkcə Laçın yolundan istifadə etməkdə israrlı olmaq, amma Ağdam yolundan imtina etmək, yolu bağlamaq, siyasiləşdirmək yolverilməzdir. Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolundan istifadə edilməsi və Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın ismarış verməlidir. Başqa yol yoxdur! Oyun bitdi!".

Bəli, Ermənistan kapitulyasiya aktına imza atmaqla məğlub tərəf olduğunu təsdiqləyib. Ermənistan dərk etməlidir ki, Azərbaycan döyüş meydanında olduğu kimi, danışıqlar masasında da gücünü bütün dünyaya göstərdi. Belə olan halda Ermənistanın bu cür təxribatlara əl atması regionda sülhün təminatına əngəl törətməkdən və onun "nüfuzuna" xələl gətirməkdən başqa bir işə yaramır.

Nurlan ABDALOV,

"Respublika".