İstanbul
Dahi lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar olaraq ulu öndərin İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında ucaldılan abidəsi ziyarət olunub. Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, İstanbulun Sarıyer bələdiyyəsinin sədri Şükrü Genc, Sarıyer bələdiyyəsinin və konsulluğun əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, KİV və QHT nümayəndələri iştirak ediblər.
Anım mərasimində çıxış edən baş konsul Nərminə Mustafayeva, ulu öndər Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan şanlı Qarabağ Zəfəri haqqında danışıb, ümummilli liderin Azərbaycanın yenidən qurulması və inkişafında əvəzsiz xidmətlərindən bəhs edib.
Anım tədbirində ulu öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklillər və gül dəstələri qoyulub.
Tədbir iştirakçıları Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün bu ərazidəki büstünü də ziyarət edərək önünə gül dəstələri qoyublar.
Ankara
Türkiyənin paytaxtı Ankara şəhərində ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Öncə Ankaradakı Heydər Əliyev Parkında ulu öndərin anım mərasimi təşkil olunub. Mərasimdə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Azərbaycan Milli Məclisi Səhiyyə Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AkParti) Xarici Əlaqələr Bölməsinin rəhbəri Mehmet Ceylan, digər deputatlar, ziyalılar, qardaş ölkədə hərbi təhsil alan kursantlarımız, ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Heydər Əliyevin parkdakı abidəsi önünə əklillər və qərənfillər qoyulub.
Sonra Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondundakı (TADİV) Şuşa Konqres Mərkəzində ulu öndərin xatirəsinə anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan TADİV rəhbəri Aygün Attar bildirib ki, müasir Azərbaycanın qurucusu Heydər Əliyev zamanın fövqündə dayanan dahi şəxsiyyət olub, onun “Bir millət, iki dövlət” fikri Türkiyə-Azərbaycan münsibətlərinin müttəffiqlik səviyyəsinə yüksəlməsində xüsusi əhəmiyyət daşıyır ki, bu gün belə bir münasibətin dünyada alternativi yoxdur.
Sonra səfir Rəşad Məmmədov millət vəkili Hikmət Məmmədov, AkParti Xarici Əlaqələr Bölməsinin rəhbəri Mehmet Ceylan və digər çıxışçılar Heydər Əliyevin fəaliyyətini müxtəlif aspektlərdən səciyyələndiriblər.
İğdır
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən İğdır-Azərbaycan Evində mərasim keçirilib. İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi tərəfindən təşkil olunan tədbirdə ictimaiyyət nümayəndələri, Heydər Əliyev adına Texniki Liseyin şagirdləri, İğdır Universitetinin tələbələri, ziyalılar iştirak ediblər.
Əvvəlcə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyə Dövlət himnləri səsləndirilib.
Ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan bəhs edən İğdır-Azərbaycan Evinin sədri, tədqiqatçı-yazıçı Ziya Zakir Acar diqqətə çatdırıb ki, ulu öndərin qətiyyətli siyasi qərarları ilə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün türk dünyasının birliyi və həmrəyliyi naminə yarımçıq qalan ideyalarının həyata vəsiqə qazanmasını təmin edib. Hazırda bütün türk dövlətləri ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu strategiyadan, beynəlxalq səviyyəli layihələrdən bəhrələnirlər.
Qars
Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğu ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi təşkil edib. Ulu öndərin Qars şəhərindəki abidəsi önünə tər çiçəklər düzülüb.
Sonra ulu öndərin həyat və fəaliyyətinin ən maraqlı məqamların əks etdirən fotolardan ibarət sərgi nümayiş olunub.
Mərasim Azərbaycan və Türkiyə Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Yerli hakimiyyət orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev, Qars valisi Türkər Öksüz, Qafqaz Universitetinin dosenti Yaşar Kop və bu təhsil ocağının tələbəsi Fidan Babayevanın çıxışları dinlənilib.
Ümummilli lider Heydər Əliyevin zəngin və mənalı həyatından bəhs edən çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycan-Türkiyə qardaşlığını dinamik inkişaf müstəvisinə çıxarmaq ulu öndərimizin həyat amalı olub və dahi siyasətçi böyük uzaqgörənliklə buna nail olub.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev əməli işləri ilə xalqlarımızın qəlbində özünə əbədi abidə ucaldıb.
Esmira YAZKAN ASLANOVA,
‘‘Respublika’’ qəzetinin Türkiyə üzrə müxbiri.