Zəngilan rayonu
Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının "Ağalı kənd" ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul əməkdaşı Aqil Qurbanov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, həmçinin YAP-ın müasir müstəqil Azərbaycanın inkişafında müstəsna rolundan bəhs edib. Bildirib ki, tarixi Zəfərimiz harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlını qürurlandırır və hazırda işğaldan azad edilmiş torpaqlarımızda aparılan geniş bərpa-quruculuq işlərində hər bir partiya üzvünü yaxından iştirak etməyə çağırırıq.
YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə vurğulayıb ki, Vətən müharibəsində qazanılmış şanlı Zəfərdən sonra doğma torpaqlarımıza möhtəşəm Qayıdışın ilk ünvanı Zəngilan rayonu Ağalı kəndi, Böyük Qayıdış sevincini ilk yaşayanlar Ağalı kəndinin sakinləri oldular. Yeni Azərbaycan Partiyası, Ümummilli Liderin qeyd etdiyi kimi, dünənin, bu günün və gələcəyin partiyasıdır. Bütün sınaqlardan şərəflə çıxan partiya tarixə adını qələbələr, zəfərlər partiyası kimi həkk edib.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Elmar Məmmədov çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi zəngin və şərəfli yoldan bəhs edib.
Sonda partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi və hədiyyələr təqdim olunub.
Şabran rayonu
"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi, yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
2023-cü il fevralın 17-də YAP Şabran rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.
Daha sonra Heydər Əliyev Mərkəzinin konfrans zalında Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə partiyaya üzvlük vəsiqələri təqdim olunub.
Xəzər rayonu
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, "Azərbaycan Televiziyası və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə interaktiv təlim keçirilib.
Xəzər Gənclər Evində keçirilən tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov narkomaniyaya qarşı mübarizə istiqamətində maarifləndirmə işlərinin əhəmiyyətindən bəhs edib.
YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. Gənclərin bu kimi zərərli vərdişlərdən uzaq olması üçün maarifləndirmə tədbirləri davamlı xarakter daşımalıdır.
Çıxış edən "Narkotizmlə mübarizə" İctimai Birliyinin sədri Kənan Qubadzadə bildirib ki, sağlam gəncliyin yetişməsi hər bir cəmiyyət üçün önəmlidir. Ona görə də narkomaniyaya qarşı mübarizədə hər kəs fəal olmalıdır.
"Azərbaycan Televiziyası və Radio Verilişləri" QSC-nin əməkdaşı Ruslan Həsənli isə çıxışında narkomaniyaya qarşı mübarizədə birlik və həmrəyliyin önəmindən danışıb.
Mustafa KAMAL,
"Respublika".