Azərbaycanla Ermənistan arasında münaqişənin həll olunmasında vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in keçmiş Minsk qrupu 28 il fəaliyyətsizliyi ilə hər bir azərbaycanlının nifrətini qazanmış oldu. BMT TŞ-nin Ermənistan ordusunun təcili və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasına dair 4 qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan bu qətnamələrin icrasını yerinə yetirmədi. Keçmiş Minsk qrupu həmsədrləri Ermənistan rəhbərliyinə təsir göstərmək əvəzinə, onların təcavüzkar hərəkətlərinə göz yumur, 28 il regiona turist kimi səfərlər edir, mənasız danışıqlar aparırdılar.
Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva əməkdaşımızla söhbətində bildirdi ki, keçmiş Minsk qrupu münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqla Ermənistanın işğalçılıq siyasətini dəstəkləyirdi. İşğal dövründə Prezident İlham Əliyev keçmiş Minsk qrupunun həmsədrləri ilə hər görüşündə onlara Azərbaycanın öz torpaqlarının işğalda qalması ilə barışmayacağını bildirirdi. Təəssüflər olsun ki, həmsədrlər ölkə başçımızın bu mesajlarından nəticə çıxarmadılar.
2020-ci ildə Azərbaycan BMT TŞ-nin qətnamələrini və beynəlxalq hüququn prinsiplərini əsas götürərək müharibə yolu ilə torpaqlarımızı işğaldan azad etdi. Cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi, müdrik siyasəti, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın birliyi nəticəsində torpaqlarımız işğaldan azad edildikdən sonra Minsk qrupunun fəaliyyəti iflasa uğramış oldu. Ölkə başçımızın da qeyd etdiyi kimi, keçmiş Minsk qrupu ölmüş bir quruma çevrildi və tarixin arxivinə göndərildi.
Azərbaycanın bölgədə ədaləti bərpa etdiyinə toxunan deputat vurğuladı ki, Prezident İlham Əliyev bölgədə sülhün, əmin-amanlığın bərpa olunması üçün Ermənistan tərəfinə sülh müqaviləsi bağlamağı təklif etdi. Prezidentin sülh sazişinin bağlanması üçün təqdim etdiyi 5 prinsip beynəlxalq hüquq normalarına əsaslanır. Ermənistan rəhbərliyi isə prosesi ləngidir. Ermənistandakı revanşist qüvvələr, Qərbdəki bəzi dövlətlər, xüsusən Fransa vaxtı uzatmaqla keçmiş Minsk qrupunun fəaliyyətini bərpa etmək arzusundadırlar. Onlar başa düşməlidirlər ki, Prezident İlham Əliyev keçmiş Minsk qrupu haqqında öz fikirlərini bildirib, ölmüş bir qurum isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında iştirak edə bilməz. Bu qüvvələr onu da anlamalıdırlar ki, Prezident İlham Əliyevin sözü imzası qədər keçərlidir.
M.NƏRİMANOĞLU,
"Respublika".