Ankara
Ankarada Heydər Əliyevin adını daşıyan məktəbdə Ulu Öndərin vəfatının 20-ci ildönümü münasibətilə anım tədbiri keçirilib. Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım mərasimində Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, Azərbaycanın rifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmlənməsi sahəsində fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, anadan olmasının 100 illiyini qeyd etdiyimiz və vəfatının iyirminci ildönümündə əziz xatirəsini ehtiramla yad etdiyimiz Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarı və müstəqil müasir dövlətimizin memarı olaraq adını dövlətçilik tariximizə qızıl hərflərlə yazdırıb. Təhsil müşaviri siyasi hakimiyyətinin bütün dövrlərində Azərbaycanın yüksəlişi, xalqlar, ölkələr arasında dostluq və qardaşlıq naminə tarixi missiya həyata keçirən Heydər Əliyevin yorulmaz fəaliyyətindən bəhs edib. O əlavə edib ki, Heydər Əliyevin böyük uzaqgörənliyi sayəsində daha da möhkəmləndirilmiş azərbaycançılıq ideologiyası müasir dünyada Azərbaycan Respublikasının əzəmətli yerini müəyyən edib, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək ölkəmizin çoxşaxəli inkişafı üçün möhkəm zəmin yaradıb.
Tədbirdə çıxış edən Yeniməhəllə rayon təhsil müdiri Veli Karakuş və digər natiqlər Ulu Öndər haqqında fikir və mülahizələrini bölüşüb, ömrünü xalqına xidmətə həsr etmiş dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Tədbir məktəb şagirdlərinin ifasında xalq mahnıları və Heydər Əliyevə həsr olunmuş müsabiqədə qalib gələn əsərlərin nümayişi ilə davam edib. Sonda şeir, bəstəkarlıq və rəssamlıq üzrə müsabiqələrdə qalib olan şagirdlər mükafatlandırılıb.
İzmir
İzmirin Əliağa qəsəbəsində fəaliyyət göstərən Heydər Əliyev adına İzmir Texniki və Sənaye Peşə Liseyində ölkəmizin Ankaradakı səfirliyi tərəfindən Ümummilli Liderimizin xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Mərasimdə ümummilli lider Heydər Əliyev şəxsiyyətini şagirdlərə daha yaxından tanıtmaq məqsədilə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi tərəfindən təşkil olunan inşa, şeir və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin inkişafı yolunda həyata keçirdiyi siyasətin ayrı-ayrı istiqamətlərindən danışan natiqlər diqqətə çatdırıblar ki, Ulu Öndər hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanda təhsilin inkişafına hər zaman xüsusi diqqət göstərib.
Vurğulanıb ki, Heydər Əliyev adına Peşə Təhsili Liseyində təhsil almaq böyük xoşbəxtlikdir. Burada oxuyan hər bir şagird yüksək təhsil almaqla yanaşı, hərəkət və davranışında nümunəvi olmalı, bütün məsələlərə vətənpərvərlik mövqeyindən yanaşmalıdır.
Mərasim bədii proqram ilə davam edib.
Eskişəhər
Eskişəhərdə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Türkiyənin müxtəlif şəhərlərində təhsil alan azərbaycanlı tələbələr arasında şahmat turniri keçirilib. Turnir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Eskişəhər Azərbaycanlılar Dərnəyi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının əməkdaşlığı ilə baş tutub.
Müsabiqə Eskişəhər Anadolu Universitetində təşkil olunub. Turnir iştirakçılarını və qonaqları salamlayan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib ki, bu günlərdə xalqımız və dünya azərbaycanlıları dövlət müstəqilliyimizin bərqərar olunmasında, qorunub saxlanılmasında və möhkəmləndirilməsində misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirir. Bu baxımdan, turnirin önəmli olduğuna diqqətçəkən V.Hacıyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında danışıb və iştirakçılara uğurlar arzulayıb.
Esmira YAZKAN ASLANOVA,
"Respublika" qəzetinin
Türkiyə üzrə müxbiri.