ETİBARLI DOST VƏ STRATEJİ TƏRƏFDAŞ
Gündəm

ETİBARLI DOST VƏ STRATEJİ TƏRƏFDAŞ

Çin Xalq Respublikasının yaradılmasının 74-cü ildönümü münasibətilə qəbul təşkil edilib

28 sentyabr 2023-cü il tarixində Bakının Gülüstan sarayında Çinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri xanım Qo Min Çin Xalq Respublikasının yaradılmasının 74-cü ildönümü münasibətilə qəbul təşkil edib. Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, hökumət strukturlarının, müxtəlif ölkələrin diplomatik nümayəndəliklərinin, siyasi partiyaların, eləcə də cəmiyyətin bütün təbəqələrinin görkəmli xadimləri, Çin kapitalının iştirakı ilə fəaliyyət göstərən müəssisələrin iş adamları, Azərbaycanda oxuyan çinli tələbələr və Çin diasporunun nümayəndələri də daxil olmaqla 600-dən çox qonaq iştirak edib.

Qəbul Çinin və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başladı. Çin Xalq Respublikasının səfiri xanım Qo Min ölkəsinin son 74 ildə əldə etdiyi böyük nailiyyətlərdən danışdı. O, çıxışında vurğuladı ki, bu illərdə çoxmillətli xalqa rəhbərlik edən Çin Kommunist Partiyası yorulmaz təcrübə və səylə Çin xüsusiyyətlərinə malik sosializmin inkişaf yolunu təmin etdi. Çin xalqı zənginləşdi, gücləndi, irəliyə doğru böyük bir sıçrayış etdi. Çin xalqının böyük dirçəlişi geri dönməz tarixi prosesə çevrildi. Keçən ilin oktyabrında Çin Kommunist Partiyasının XX Ümumçin qurultayı uğurla keçirildi, burada müasir və qüdrətli sosialist dövlətinin hərtərəfli qurulması, ikinci yüzilliyin mübarizəsinin məqsədlərinin həyata keçirilməsi və Çin xalqının gəncləşməsinə hərtərəfli yardımın göstərilməsi üçün əsas vəzifələr müəyyən olundu. Çin xüsusiyyətləri ilə modernləşmə və Çinin gələcək inkişafını hədəfləyən böyük bir plan hazırlandı.

Səfir Qo Min qeyd etdi ki, 31 il bundan əvvəl Çin və Azərbaycan arasında diplomatik münasibətlər yaranıb, bu münasibətlər zamanın sınağından uğurla çıxıb. Ölkələr yorulmadan siyasi qarşılıqlı etimadı və strateji koordinasiyanı gücləndirir, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir, ənənəvi dostluğu möhkəmləndirir. İki ölkəni sarsılmaz dostluq, tərəfdaşlıq və ortaq tale birləşdirir. Ötən ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd şəhərində keçirilən sammiti zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında uğurlu görüş keçirilib, ikitərəfli münasibətlərin gələcək inkişafının istiqamətləri müəyyənləşdirilib.

Bu ilin əvvəlindən yüksək səviyyəli ikitərəfli mübadilələrin yeni mərhələsi həyata keçirilib. "Bir kəmər, bir yol" layihəsi reallaşdırılır, bir çox yerli vilayət və şəhərlər qardaşlıq əlaqələri qurur, humanitar və mədəni mübadilələrin səviyyəsi yüksəlir, ikitərəfli ticarət və investisiya əməkdaşlığı genişlənməkdə və dərinləşməkdə davam edir. Çin tərəfi Çin-Azərbaycan əlaqələrinin daha da inkişafına kömək etmək və yeni dövrdə ortaq taleyi olan Çin-Azərbaycan cəmiyyətinin birgə qurulması üçün Azərbaycan hökuməti ilə birgə fəaliyyətə hazırdır.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev dost Çin xalqını bayram münasibətilə səmimi-qəlbdən təbrik etdi və Çin ilə Azərbaycan arasında dostluğun qədim tarixə malik olduğunu, Çinin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu bildirdi. Dövlət başçılarının iştirakı və dəstəyi sayəsində Azərbaycan ilə Çin arasında siyasi qarşılıqlı etimad daim dərinləşir, müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli nəticələri əldə olunur, beynəlxalq əməkdaşlıq getdikcə daha da sıxlaşır. Azərbaycan-Çin münasibətləri sürətli və hərtərəfli inkişaf dövrünü yaşayır. Azərbaycan ikitərəfli münasibətləri daha da yüksək səviyyəyə qaldırmaq üçün Çin ilə işbirliyini davam etdirməyə hazırdır.

Tədbirdə "Təxəyyülünüzdən kənar Çin", "Siçuan - bir göz qırpımında Çinin yarısı", "Gözəl Çin" və s. kimi videoçarxlar nümayiş etdirildi. Bu videolar 74 il əvvəl Yeni Çinin qurulmasından bu yana ölkənin nailiyyətlərinin nümayişi idi. Azərbaycanın "Odlar Yurdu" xalq rəqs ansamblı və Vinq Çun Assosiasiyası Çin və Azərbaycanın ənənəvi rəqslərini, eləcə də Çin döyüş sənətlərini nümayiş etdirərək tamaşaçıların rəğbətini qazandı. Qonaqlar Çinin dünya miqyasında inkişaf nailiyyətlərini yüksək qiymətləndirdi, Azərbaycan-Çin dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə ümidvar olduqlarını bildirdilər.

Emin QASIMOV,

"Respublika".