"Ermənistanın və paralel şəkildə separatçıların təxribatlarını sinxron qaydada intensivləşdirməsi sübut edir ki, qalib Azərbaycanın ardıcıl sülh ritorikası, əməkdaşlıq çağırışları İrəvanda lazımınca qiymətləndirilmir, yaxud fərqli anlaşılır. Deməli, Ermənistanla yenidən onların anladığı dildə, "Dəmir yumruq"la danışmağa ehtiyac var".
Bu sözləri "Respublika"ya verdiyi açıqlamada deputat Bəhruz Məhərrəmov bildirib.
Deputat qeyd edib ki, cəmi 4 ay əvvəl Azərbaycanın ərazi bütövlüyünü rəqəmlərdə ifadə edərək, tanıdığını bəyan etməsinin ardınca, indi Paşinyanın yenidən Qarabağa dair Vətən müharibəsinə qədərki ritorikasına qayıtması ərazi bütövlüyü məsələsində İrəvanın heç vaxt səmimi olmadığını, yenidən təcavüzkar niyyətlər üçün fürsət gözləyən riyakar olduğunu göstərir: "Xüsusən, İrəvanda Köçəryan-Sarkisyan cütlüyünün, Qarabağda isə onların himayəsi altında daşnakların yenidən aktivləşməsi ermənilərin öz havadarlarının təşviqi ilə artıq revanşist niyyətlərini reallaşdırmaq istəyində olduğunu göstərir. Devrilmək təhlükəsi ilə üz-üzə qalan Paşinyan isə eyni zamanda hərbi əməliyyatlara Ermənistan daxilində vəhdətə nail olmaq imkanı kimi baxır. Lakin aydındır ki, müharibədə və sonrakı bütün revanş cəhdlərində məğlub olmuş və fərari, döyüş ruhu olmayan bir toplumda vəhdət məsələsi mümkün deyil, xüsusən Rusiya və Qərb arasında uğursuz manevrlər fonunda erməni cəmiyyətinin siyasi baxımdan da parçalandığı bir şəraitdə".
Bəhruz Məhərrəmov vurğulayıb ki, Azərbaycanın bu prosesin gedişatına dözmək niyyəti yoxdur: "Bəli, möhtərəm Prezidentin ifadə etdiyi kimi, biz qisasımızı 44 günlük savaşda almışıq, lakin İrəvanın start verdiyi ardıcıl təxribatları fonunda Bakı da BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq hərbi əməliyyatlarla təhlükəsizliyini təmin etmək hüququnu özündə saxlayır: "Əslində Paşinyan da, erməni cəmiyyəti də yaxşı başa düşür ki, mümkün hərbi əməliyyatlarda İrəvanın heç bir şansı yoxdur. Mümkün yeni cəhdinin isə artıq Ermənistan üçün yeni revanş cəhdi yox, intihar demək olduğunu anlasa da, təəssüf ki, haylar yenidən eyforiyaya qapılaraq Hindistandan verilənlər silahlara, Fransa və İran kimi ölkələrinin əsassız təşviqinin təsiri ilə davranmaqdadır.
Təbii ki, təhlükəsizliyimiz təhdid edilirsə, cəza tədbirləri kimdəsə sual doğurmamalıdır. Bu il iyunun 23-də Prezident İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrindən birinə baş çəkərkən Ermənistanla şərti sərhəd boyunca bütün əlverişli mövqelərdə möhkəmləndiyimiz, yüksəkliklərdə olmağımızın bizə strateji üstünlük təmin etdiyi, Ordumuzu isə böyük dərəcədə gücləndirdiyimiz barədə hər kəsi xəbərdar etmişdi. Möhtərəm Prezidentin dediyi kimi, "Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici qohumları başa düşmürlərsə, onda günah onların boynundadır". Üstəlik möhtərəm Prezidentin Şuşadan bəyan etdiyi kimi, ermənilər anlamalıdır ki, heç kim gəlib Ermənistanın yerinə döyüşməyəcək. Belə olan halda erməni xalqı sağlam ruhla qərar verməli, miflərdən, psixi cəhətdən qeyri-sağlam düşüncə tərzindən imtina etməlidir. Əks halda bərpası mümkün olmayan itkilər və hətta məhv qaçılmazdır. Bizim isə dözümlə hərbi təxribatların səbəblərini araşdırıb nəticələrini gözləməyə vaxtımız yoxdur. Artıq şübhə yoxdur ki, regionda davamlı sülhə və sabitliyə təhdidə çevrilmiş Ermənistanın tam zərərsizləşdirilməsi artıq geosiyasi zərurətdir. Azərbaycan isə reallıq yaradan və qlobal situasiyanı doğru qiymətləndirən güc sahibi kimi beynəlxalq hüququn aliliyi çərçivəsində özünün maraqları və təhlükəsizliyini istənilən üsulla təmin etməkdə qərarlıdır".
Töhfə SƏMƏDOVA,
"Respublika".