Politoloq: “Cinayətkarların saxlanması prinsipial məsələdir”
Gündəm

Politoloq: “Cinayətkarların saxlanması prinsipial məsələdir”

Dövlətimizə qarşı əsrlər boyu cinayətlər törədilib, təxribatlar həyata keçirilib. Şübhəsiz ki, bunların heç biri əsla unudulmur və vaxtı gəldikdə müvafiq maddələrə uyğun olaraq cəzası kəsilir. Ötən günlərdə Meşəli soyqırımını törədən, beynəlxalq axtarışda olan Vaqif Xaçaturyan saxlanılıb.

Qeyd edək ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixində Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmək və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir. Şübhəsiz ki, bu cinayətdə əli olan hər bir şəxs orqanlarımız tərəfindən saxlanılaraq, müvafiq maddələr üzrə cəzalandırılacaq.

Mövzu ilə bağlı “Respublika”ya açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, ümumiyyətlə, bu işlərlə bağlı Azərbaycanın nəzarət orqanları, Baş prokurorluq və digər istintaq aparan instansiyalarımız hamısı məlumatlıdırlar:

“Ümumiyyətlə, bu proseslərdə Azərbaycanın aidiyyatı qurumları interpolla, digər beynəlxalq təşkilatlarla sıx əlaqədədirlər. Çünki biz, o cinayətkarların hamısını beynəlxalq axtarışa vermişik. Əgər onlar hər hansı bir dövlətin sərhədini keçərək İnterpolun aidiyyatı olan qərarı ilə saxlanılacaqlarsa, dərhal Azərbaycan dövlətinə təhvil verilməlidir. Yəni belə bir president var. Məsələn, İsrail vətəndaşı olan bir blogger var idi. O, Azərbaycan dövlətinin həm sərhəd qanunlarını pozmuşdu, həm də bir neçə dəfə-qeyri qanuni işlərə qol qoymuşdu. O, eləcə də Azərbaycan dövlətinin, xalqının, bizim qaçqınlarımızın, məcburi köçkünlərimizin ünvanına təhqiramiz yazılar yazmaqla, ittihamlar və hücumlar təşkil etməklə, demək olar ki, Azərbaycan qanunvericiliyinin bir neçə maddəsinin pozulmasını təmin etmişdi. Ona görə də, sözügedən şəxs Belarusun dövlət sərhədini keçəndə artıq Belarus sərhəd orqanları və istintaq orqanları onu müvəqqəti olaraq saxlayıb Azərbaycan tərəfinə təhvil verdilər. O, Azərbaycanda cəzaçəkmə müəssisəsində bir müddət saxlanıldı, öz günahlarını boynuna aldı. Sonra məhkəmə qarşısına çıxdı. Məhkəmə onunla bağlı qərar verdi ki, dörd il müddətinə azadlıqdan məhrum olunsun. Lakin bəli, daha sonra prezident İlham Əliyev onu əfv etdi”.

Politoloq qeyd edir ki,  Vaqif Xaçaturyanı saxlamaqla, göstəririk ki, bizim üçün cinayətkarların tutulması prinsipial məsələdir:

“Çünki o cinayətkarların hamısının əli günahsız insanlarımızın qanına batıb. Onlar külli miqdarda bizim maddi tarixi irsimizə çox təsirli zərbələr endiriblər, dağıdıblar, insanlarımıza qarşı zorakılıq tətbiq ediblər. Buna görə də onlar həmişə gərək bizim diqqətimizdə olsunlar. Əlbəttə ki, ilk növbədə bizim istintaq, prokurorluq orqanlarımız gərək bu işlərlə bağlı vaxtaşırı özlərinin sorğularını, ismarıclarını yeniləsinlər. Çünki bəzi hallarda, digər ölkələrin aidiyyatı qurumları bir növ məsələlərə dırnaqarası baxırlar. Bu, olmasın deyə biz gərək prinsipial cəhətdən bütün bu işlərin hamısının görülməsini gündəmdə saxlayaq və vaxtaşırı sorğularımızı, tələblərimizi yeniləyək".

Tofiq Abbasovun sözlərinə görə, Ermənistan dövləti bizim üçün təzminat verməlidir:

“Çünki bizim 20 %-dən artıq ərazimizdə onlar dağıdıcı işlərini həyata keçiriblər, külli miqdarda ölkəmizə maddi zərər vurublar. Əlbəttə ki, bu işlərin üstündən ötüb-keçməli deyilik. Əksinə, o işlərin üzərində gərək biz həm nəzarətimizi saxlayaq, həm də tələbələrimiz həmişə öz qüvvəsində olsun. Odur ki, əgər erməni cinayətkarlarına elə gəlirsə ki, hər şey yaddan çıxıb, xeyr, heç nə yaddan çıxmır. Yəni belə cinayətlərin müddəti yoxdur. Əgər bu hadisələr baş veriblərsə, deməli, onlarla bağlı araşdırmalar həmişə aparılmalıdır və cinayətkarlar da cəza çəkməlidirlər. Mən inanıram ki, biz, bu işlərin çoxusunu uğurla, qanunvericiliyimizin tələblərinə uyğun olaraq, eləcə də beynəlxalq hüquqa əsaslanaraq həyata keçirəcəyik”.

Töhfə SƏMƏDOVA,

"Respublika".