2001-ci il 3 aprel tarixində ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində ilk dəfə olaraq ABŞ-ın dövlət katibi Kolin Pauellin vasitəçiliyilə ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərinin (Keri Kavano, Jan Jak Qayyard və Vyaçeslav Trubnikov) iştirakı ilə Azərbaycan Prezidenti Heydər Əliyev və Ermənistan prezidenti Robert Köçəryanın birgə görüşü olub. Tam yeni formatda aparılan danışıqlar öncəsi Dövlət Departamentinin Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı yaydığı rəsmi sənəddə ilk dəfə olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı qeyd olunurdu.
Prezident Heydər Əliyevin Birləşmiş Ştatlara işgüzar səfəri ümumilikdə 14 gün (1-14 aprel) davam edib. Bu səfər çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fasiləsiz olaraq 4 gün danışıqlar keçirilib. Harri Trumen adına "Kiçik Ağ ev"də aprelin 3-də, səhər saatlarında başlayan görüşdə çıxış edən Prezident Heydər Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan prezidentlərinin birgə keçirdikləri bu ilk görüşün əlamətdar olduğunu vurğulayıb, münaqişə barədə ətraflı məlumat verib, onun tənzimlənməsinə mane olan səbəbləri göstərib, Dağlıq Qarabağ həqiqətlərini çatdırıb, həll yollarına dair öz mülahizələrini söyləyib.
Ulu öndərin həmin bəyanatından: Beynəlxalq hüququn prinsip və normalarına, BMT-nin nizamnaməsinə uyğun olaraq, BMT-yə daxil olan hər bir müstəqil dövlət ərazi bütövlüyünə, onun sərhədlərinin pozulmazlığına hamı tərəfdən və xüsusən bu münaqişənin həllinə görə məsuliyyəti öz üzərinə götürmüş ATƏT tərəfindən əməl olunmalıdır. ATƏT və onun Minsk qrupu bu prinsipə möhkəm əməl etməli, onun ciddi şəkildə yerinə yetirilməsinə hər cür kömək göstərməlidirlər. Bu gün danışıqlar prosesində yaranmış vəziyyət isə beynəlxalq münasibətlərdə təhlükəli presedent yaradır. Beynəlxalq birlik beynəlxalq hüququn norma və prinsiplərinə ciddi əməl olunmasını, bunların möhkəmləndirilməsini təmin etmək əvəzinə, qətiyyətsizlik nümayiş etdirir. Beynəlxalq hüququn ərazi bütövlüyünün toxunulmazlığı, sərhədlərin pozulmazlığı kimi fundamental norma və prinsipləri şübhə altına alınır və bununla da Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yaşayan 100 min erməniyə görə beynəlxalq praktikanın, beynəlxalq hüququn on illər boyu formalaşmış dayaqları sarsıdılır. Hərbi təcavüzün tanınması nəticəsində əldə edilmiş sülh, sabitlik və təhlükəsizlik isə möhkəm və əbədi ola bilməz.
Prezident Heydər Əliyev Azərbaycan torpaqlarının hələ də təcavüz altında olduğunu xatırladaraq, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin həyata keçirilmədiyini söyləyib. Minsk qrupunun münaqişənin tənzimləməsinə dair verdiyi üç təklifin hər birinin Azərbaycanın mənafeyinə zidd olsa da, təkliflərdən birinin Azərbaycan, digər ikisinin isə Ermənistan tərəfindən qəbul olunmadığını qeyd edib. Azərbaycan tərəfindən qəbul olunmayan "ümumi dövlət" təklifinin beynəlxalq hüququn prinsip və normalarına zidd olaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını qanuniləşdirdiyini bildirib.
Azərbaycan Prezidenti bəyanatında deyib: Mən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində yaranmış vəziyyətin tarixini şərh edərək bəyan edirəm ki, Azərbaycan sülhə, 1994-cü ilin mayında əldə olunmuş atəşkəs rejiminə əməl edilməsinə sadiqdir. Biz bundan sonra da münaqişənin sülh yolu ilə tam tənzimlənməsinə nail olmaq üçün səylər göstərəcəyik. Rusiyaya, ABŞ-a, Fransaya müraciət edərək, onları silahlı münaqişənin aradan qaldırılması, möhkəm sülh yaradılması üçün öz səylərini fəallaşdırmağa çağırıram. Sübut etməyə ehtiyac yoxdur ki, ərazisinin 20 faizinin işğal altında olduğu, yüz minlərlə vətəndaşının çadırlarda yaşadığı Azərbaycan münaqişənin aradan qaldırılmasında, sülh əldə edilməsində hamıdan çox maraqlıdır. Aydındır ki, Ermənistan ilə Azərbaycan arasında sülh yaradılması bütün Cənubi Qafqazda həm sabitlik üçün, həm də təhlükəsizlik üçün müstəsna əhəmiyyət daşıyacaqdır. Biz bu görüşə böyük ümidlərlə gəlmişik və ATƏT-in Minsk qrupu həmsədrlərinin - Rusiyanın, ABŞ-ın, Fransanın fəal səylər göstərəcəyini, habelə Ermənistan Respublikasının konstruktiv mövqe