Ulu Öndər Heydər Əliyevin ölkəmizin gələcəyi üçün atdığı təməl daşlarından biri də "Əsrin müqaviləsi"dir. Azərbaycan neftinin dünyaya tanıdılması və çatdırılması üçün imzalanan bu müqavilə işıqlı gələcəyin təminatçısı oldu. Lakin "Əsrin müqaviləsi"nin reallığa çevrilməsi üçün ilkin nefti dünya bazarlarına çatdıracaq əlverişli boru kəmərinin çəkilməsi vacib məsələlərdən biri idi.
Bu gün iqtisadi imkanlarımızın ötən əsrdən fərqli olaraq genişləndiyi bir dövrdə neftin Azərbaycandan qonşu ölkələrə və dünya bazarlarına nəql olunması üçün fəaliyyət göstərən üç magistral neft boru kəməri mövcuddur: Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan boru kəmərləri. Bundan başqa, neftin ölkə hüdudlarından kənara dəmir yolu vasitəsilə daşınması Azərbaycandan keçməklə, Gürcüstanın Qara dəniz sahilində yerləşən Batumi və Kulevi terminallarından keçirilir. Lakin keçən əsrdə ilk beynəlxalq neft kəməri "Bakı-Novorossiysk" kəməri oldu. Kəmərin çəkilməsi üçün ən uyğun yer isə dövrün şərtlərinə əsasən Rusiya idi. Azərbaycan neftinin Rusiya ərazisi ilə Qara dəniz sahilində yerləşən Novorossiysk limanına, oradan daha uzaq məntəqələrə daşınması ilkin variantda daha real görünürdü.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində xalqımızın mənafeyi və ölkəmizin inkişafı naminə müəyyənləşən neft strategiyasına uyğun olaraq bu boru kəmərindən səmərəli istifadə etmək nəzərdə tutulurdu. Boru kəmərinin bərpa edilərək neftin əks istiqamətə ötürülməsi üçün 1995-ci il oktyabrın 9-da qərar qəbul edildi. Azərbaycan və Rusiya hökumətləri arasında danışıqlar başlandı.
Bakı-Novorossiysk boru kəməri SSRİ dövründən (1983-cü ildən) mövcuddur. Boru kəməri Qroznı-Bakı istiqamətində xam neftin Bakıya emal üçün gətirilməsi məqsədilə istifadə olunub. 1997-ci ildən bu boru kəmərindən neftin əks istiqamətdə - Azərbaycandan Rusiyanın Qara dənizdəki Novorossiysk limanına nəqli üçün istifadəyə başlanılıb. Boru kəmərində müəyyən bərpa işləri aparılaraq 2008-ci ilə qədər AÇG (Azəri-Çıraq-Günəşli) neftinin və SOCAR-ın özünün hasil etdiyi neftin nəqli üçün istifadə edilib. Bundan əlavə, 2001-ci ildən etibarən SOCAR-ın xarici tərəfdaşlarla birgə istismar etdiyi qurudakı yataqlardan hasil edilən neftin nəqli də bu boru kəməri vasitəsilə həyata keçirilib.
Kəmərin maksimum ötürmə qabiliyyəti ilkin dövrdə gündə 105 min barrelə çatdırılırdı. Borunun diametri 720 mm, nasos stansiyalarının miqdarı 12 ədəd olub. Maksimal daşıma qabiliyyəti ildə 6 mln. ton təşkil edirdi, lakin 17 mln. tona qədər artırma ehtimalı var idi. Neft kəmərinin hərəkət istiqamətinin dəyişdirilməsi ilə bağlı 60 mln. dollar dəyərində görülmüşdü. Marşrut ölkəmizin ərazisində Səngəçal neft terminalından başlayırdı. Terminalın qiyməti 72 mln. dollar, tutumu 100000 tondur (730 min barr.). Terminal hər birinin tutumu 25000 ton olan 4 rezervuardan ibarət idi. Son məntəqə olan Novorossiysk limanı ildə 34 mln. tona qədər neft və neft məhsullarını daşıma qabiliyyətinə malik oldu.
Bakı-Novorossiysk kəmərinin çəkilməsi və işə salınması heç də asan başa gəlməmişdi. Bu layihənin həyata keçirilməsində Ümummilli Lider Heydər Əliyevin son dərəcə böyük xidmətləri olmuşdu. Belə ki, Bakıda Azərbaycan, Rusiya və Çeçenistan respublikaları arasında neftin Bakı-Novorossiysk boru kəməri ilə nəql edilməsi haqqında üçtərəfli sazişin 1997-ci il iyulun 11-də keçirilən imzalanma mərasimində Prezident Heydər Əliyev çıxış edərək demişdir: "Biz öz neftimizin ixracına çoxdan başlamalı idik". Dövlət başçısı bildirmişdi ki, boru kəmərinin Azərbaycan hissəsi 1997-ci ilin fevralında istismara hazır olsa da, ləngimə Rusiyanın "Transneft" şirkətinin təqsiri üzündən baş verdi və bu şirkət müəyyən səbəblərə görə öz öhdəliklərini yerinə yetirə bilmədi. Ulu öndər bu məqamda vacib xəbərdarlıq da etmişdi: "Mən sizə səmimi deyirəm, əgər siz bizim üçün bu marşrut üzrə yolu açmasanız, bizim öz neftimizi daha iki marşrut üzrə nəql etməyə imkanımız var - Gürcüstan vasitəsilə Supsa limanına və Türkiyə vasitəsilə Ceyhan limanına".
Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamına əsasən həmin 1997-ci il sentyabrın 5-də işçi qrupu yaradıldı və həmin ilin oktyabrında ölkənin iqtisadi-siyasi həyatında daha bir mühüm hadisə baş verdi, kəmərlə neftin əks istiqamətə - Azərbaycandan Rusiyanın Qara dənizdəki Novorossiysk limanına nəqlinə başlanıldı. "Əsrin müqaviləsi" imzalandıqdan sonra ilk tikilən boru kəmərlərindən biri olan Bakı-Novorossiysk 1997-ci ildə, Qərb İxrac Boru Kəməri və ya Bakı-Supsa Kəməri 1998-ci ildə istifadəyə verildi.
Nəzərdə tutulduğu kimi, 1997-ci ilin oktyabrında Azərbaycan neftinin ixracına başlandı və 1999-cu ilin yanvarına kimi 1,5 mln. ton neft vuruldu. Bakı-Novorossiysk boru kəməri vasitəsilə 2023-cü ilin ikinci yarısınadək 47,8 mln. ton Azərbaycan nefti ixrac olunub.
Bakı-Novorossiysk neft kəməri hər nə qədər uğurlu hesab olunsa da, istər Azərbaycan, istərsə də Rusiyadan keçən hissələrində zaman-zaman təhlükələr mövcud olub. Dağıstanda baş verən zəlzələlər, Rusiya-Ukrayna müharibəsində neft kəmərinin partladılma təhlükəsi və digər faktorlar bu neft kəmərini əlverişli, lakin təhlükəli tranzit-nəqliyyat trayektoriyasına çevirib.
Ermənistan silahlı qüvvələri 2020-ci ilin oktyabr ayında hərbi əməliyyatlar aparılan ərazidən təxminən 300 kilometrdən aralı məsafədə olan Xızı rayonu istiqamətinə raket zərbələri endirirdi. Azərbaycan Ordusunun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən havada zərərsizləşdirilən raketin içərisində olan partlayıcı hissəciklərin bir hissəsi Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığında strateji əhəmiyyətli Bakı-Novorossiysk neft kəmərinin Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsinin yaxın ərazisinə düşdü.
Düşmən tərəfindən törədilmiş bu cinayət nəticəsində böyük ötürücülü xam neft və kondensat ixrac edən kəmərlər üçün təhlükəli şərait yarandı. Bu yolla Ermənistanın bu müharibə cinayətinin də qarşısı qətiyyətlə alındı.
Azərbaycanın ötən illərə nisbətən iqtisadi strategiyasına dəyişiklik edilməsi ilə bağlı qeyri-neft sektorunun rolu əhəmiyyətli dərəcədə artdı. Bu, Azərbaycanda neftin ixracatı məsələsini gündəmə gətirsə də, keçmişdən bu günə qədər neft ənənələri ölkənin əsas gəlir mənbəyindən biri hesab olunur. Bu baxımdan, hər nə qədər zaman-zaman təhlükələrə məruz qalsa da Bakı-Novorossiysk neft kəməri Azərbaycanın ilk beynəlxalq neft kəməri kimi öz fəaliyyətini davam etdirir.
Tacir SADIQOV,
"Respublika".