Milli iqtisadiyyatın dayanıqlığını təmin etmək istiqamətində aparılan irimiqyaslı islahatlar öz bəhrəsini verir. Prezident İlham Əliyevin son iyirmi il ərzində imzaladığı sərəncam və qərarların icrası uğurla həyata keçirilir. Bəllidir ki, qeyri-neft sektorunun, o cümlədən, aqrar sahənin inkişaf etdirilməsi ölkəmiz üçün ənənəvi, lakin müəyyən səbəblər üzündən zəifləmiş sahələrin əvvəlki şöhrətinin qaytarılması istiqamətində görülən məqsədyönlü tədbirlər müsbət nəticə verir.
Dövlət başçısı İlham Əliyevin 13 iyun 2017-ci il tarixli qərarı ilə "Azərbaycan Respublikasında Pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq olunmuşdur. Proqramın uğurlu icrası nəticəsində pambıqçılığın inkişafı özünün yeni erasına qədəm qoydu.
Eyni zamanda, fermerlərə lizinq yolu ilə güzəştli qiymətlərlə kənd təsərrüfatı texnikalarının satışı, verilən subsidiyalar, pambığın alış qiymətinin artırılması insanların pambıqçılığa marağını gücləndirib. Nəticədə bölgələrdə işsizliyin səviyyəsi azaldı, həmçinin əhalinin maddi rifah halı yaxşılaşdı. "Ağ qızıl" istehsalında ön sıralarda qərar tutan Tərtər rayonunda "MKT İK" MMC-nin rayon filialının direktoru Feyruz Hacıyevlə həmsöhbət olduq. Müsahibim bildirdi ki, müəssisə 1983-cü ildə yaradılıb. Sonralar "MKT İK" MMC kimi fəaliyyətini davam etdirmişdir. 44 günlük Vətən müharibəsində ağır silahlardan atılan atəş nəticəsində Tərtərə saysız-hesabsız mərmi düşmüşdür. Təkcə adıçəkilən müəssisəyə 60 ədəddən çox qrad top mərmisi düşmüşdür. Nəticədə zavodun tikililərinin altmış faizi tam yararsız vəziyyətə salınmışdır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuz düşmən üzərində şanlı qələbəsindən sonra dövlətimiz Tərtər rayonunda, o cümlədən zavodda quruculuq-abadlıq işlərinə start verdi. Qısa zaman ərzində zavod öz fəaliyyətini tam bərpa etdi.
Təmir zamanı Qarabağ bölgəsini mal-materialla təchiz edən, sahəsi 648 kvadratmetr olan 1 ədəd regional anbar və ümumi sahəsi 4 min kvadratmetr olan 4 ədəd hazır məhsul anbarı əsaslı təmir olunaraq istifadəyə verildi. Hazırda zavodda 120 nəfər daimi işlə təmin olunmuşdur.
"MKT İK" MMC 2023-cü təsərrüfat ilində 425 fermerlə 1323 hektar sahə üçün müqavilə bağlamışdır. Direktor bir məsələni xüsusilə vurğuladı ki, cari ildə 162 hektar sahədə çiyid səpini aparılmış, lakin Sərsəng Su Anbarında ermənilərin yaratdığı süni problemlər nəticəsində məhsuldarlıq sıfıra bərabər olmuşdur.
O, böyük sevinc hissilə bildirdi ki, sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində işğal altında olan ərazilərimiz, o cümlədən, bölgə üçün böyük əhəmiyyət daşıyan Sərsəng Su Anbarı öz sahiblərinə qaytarıldı. Hazırda 76 hektar sahədə pambığın əl ilə yığımı aparılmışdır. İlkin göstəricilər ürəkaçandır.
Mütəxəssislər orta hesabla hər hektardan 40 sentnerdən artıq məhsul əldə olunacağına əmindirlər. Həmsöhbətim qeyd etdi ki, 5 ildir ki, Tərtər rayonu pambıq istehsalında hər hektardan məhsuldarlığa görə respublikada ilk sıralarda qərar tutur. Müəssisədə təhlükəsizlik qaydalarına ciddi əməl olunur. Baş verə biləcək yanğın hadisəsinin qarşısını dərhal almaq üçün FHN-nin Tərtər rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən maşını 24 saat ərzində fəaliyyətini müəssisədə davam etdirir.
Ərazidə 1 ədəd tutumu 160 ton, digərləri isə 50 ton olmaqla 5 ədəd su rezervarı mövcuddur. Həmçinin yanacaq anbarı, nəqliyyat parkı, laboratoriya, müasir standartlara cavab verən ofis binası, qonaq evi, yeməkxana və s. fəaliyyət göstərir.
Feyruz Hacıyev bildirdi ki, fermerlərlə bağlanan müqaviləyə əsasən "MKT İK" MMC torpağın şumlanmasından başlayaraq çiyid səpini, yüksək aqrotexniki qaydalara uyğun olaraq becərməni dərmanlama, nəhayət, pambığın yığımını həyata keçirir. Havaların qeyri-sabit keçməsi məhsul yığımını bir qədər ləngidir. Yığılan məhsulun dəyəri fermerlərə bank kartı vasitəsilə ödənilir. Müəssisə rəhbəri bir məsələni də xüsusilə vurğuladı ki, respublikamızda aqrar sığortanın fəaliyyət göstərməsi fermerlərin işini xeyli yüngülləşdirir.
Müəssisə əməkdaşları qardaş Türkiyədən gələn mütəxəssislərlə birlikdə fermerlərlə pambıqçılığın innovativ metodlarla becərilməsinə dair mütəmadi olaraq görüşlər keçirir. Direktor digər bir məsələni də vurğuladı ki, MKT-lər yarandıqdan sonra ərazisi az olan kiçik fermerlərin sıradan çıxmasının qarşısı alınır.
Maddi çətinliklər üzündən insanlar əvvəllər torpaq sahəsini satmaq məcburiyyətində qalırdı. İndi müəssisə ilə bağlanan müqaviləyə əsasən onlara avans olaraq pul verilir, becərməni isə MKT-lər aparır. Fermerlərin bu sahəyə marağının artmasının səbəblərindən biri də pambığın alış qiymətinin artırılaraq 0,80 AZN, eyni zamanda dövlət tərəfindən hər kiloqram məhsul üçün 0,18 AZN subsidiya verilməsidir.
Vəli VƏLİYEV,
"Respublika".