“2010-cu illərdən sonra hökumət Azərbaycanda qeyri-neft sektorunun inkişafını əsas prioritet kimi elan edib. Enerji və neft-qaz sektoru təbii ki, strateji inkişaf istiqamətidir. Lakin hökumətin qarşısında duran əsas məsələ, həm də qeyri-neft sektorunun inkişaf etdirilməsidir.”
Bu fikirləri “Respublika”ya açıqlmasında İqtisad üzrə Fəlsəfə Doktoru Xalid Kərimli deyib.
İqtisadçı ekspert hesab edir ki, qeyr-neft sektorunun və sənayeləşmənin inkişafı iqtisadiyyatın diversifikasiyası və sağlamlaşdırılması, bir resursdan və müəyyən bazarlardan asılılığın aradan qaldırılması üçün vacibdir: “Bu həm məşğulluğu, həm də gəlirlərin ölkə əhalisi arasında paylanmasını təmin edir. Çünki neft-qaz sektoru yalnız dövlətin gəlirlərini formalaşdırır və bu işlə təkcə dövlət şirkətləri məşğul olur. Amma qeyri-neft-qaz sektorunda isə minlərlə şirkətlər fəaliyyət göstərir və burada yüz minlərlə insan işləyir. Bu da həm diversifikasiya baxımından, həm də insanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Ona görə də bu sahədə bir çox işlər görülüb. 2015-2016-cı illərdən başlayaraq, gömrüyün şəffaflaşdırılması, güzəştli vergi siyasətinin həyata keçirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, qanunsuz əsassız yoxlamaların ləğvi, vergi güzəştlərinin tətbiqi, sənaye məhəllələri, sənaye parklarının quraşdırılması bu sahədə atılan müsbət addımlardır”- deyə, Xalid Kərimli bildirib.
Ekspert əlavə edib ki, şirkətlərin güzəştli kredit resurslarına çıxışının təmin edilməsi istiqamətində ciddi addımlar atılıb: "Bundan əlavə, sahibkarların qarşısına çıxdığı maneələri elektron şəkildə minimal xərclərlə aradan qaldırılması da bu istiqamətdə aparılan işlərdəndir. Həm bazar infrastrukturunun inkişaf etdirilməsi, həm də ölkə iqtisadiyyatının rəqəmsallaşdırılmasının genişləndirilməsi istiqamətində də tədbirlər davam etdirilir. Ölkədə rəqabət mühitinin təkmilləşdirilməsi, eyni zamanda sahibkarların maliyyə resurslarına çıxışının daha yaxşılaşdırılması, kapital bazarının ölkədə inkişaf etdirilməsinə də şərait yaradılır. Ciddi surətdə iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi, qeyri-neft ixracının mane olan məsələlərin aradan qaldırılması təşviq edilməsi, təşviq mexanizmlərinin genişləndirilməsi bir sonrakı işlər sırasında durur”.
Musa Bağırlı,
“Respublika”.