1994-cü il martın 29-da Milli Məclis tərəfindən 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi
20 Yanvar faciəsi xalqımızın tarixinə qanlı hərflərlə yazıldı. Faciə həmin dövrdə ölkədə hakimiyyətdə olan və milli maraqlara zidd addımlar atan iqtidarın istefası tələbini irəli sürdüyünə və qətiyyətlə Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxdığına görə xalqımızı cəzalandırmaq üçün SSRİ rəhbərliyi tərəfindən törədilmişdi. Hadisə baş verən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna göndərilmiş, dinc əhali müxtəliftipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilmişdir. Buradakı vandalizm aktında ən diqqətçəkən məqamlardan biri isə tətbiq olunan fövqəladə vəziyyət haqqında əhaliyə heç bir xəbərdarlığın edilməməsi idi.
SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti əvvəlcədən Bakı şəhərinə gətirilmiş, həmin qüvvələr Qala və "Nasosnı" aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında gizlin şəkildə yerləşdirilmişdi. Ölkəmizə göndərilən ordu hissələrinə isə Stavropol, Rostov, Krasnodardan səfərbər edilmiş erməni əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları cəlb edilmişdir. Yanvar ayının 20-dən fövqəladə vəziyyətin tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da Türkan-Qala istiqaməti tərəfdən şəhərə daxil olmuşdular. Mənfur planın ən vacib hissəsi "Bakı əməliyyatı" idi. Bu əməliyyata birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov rəhbərlik edirdilər. Hadisə nəticəsində çoxlu sayda insan həyatını itirsə də, xalqımızın mübarizliyi, vətənə bağlılığı məhz vətəndaşlarımızın göstərdiyi şücaət ilə bir daha özünü təsdiqlədi. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə paytaxt Bakıya və ölkənin bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin atəşə tutulması əlləri qanlı rejimin törətdiyi ən ağır cinayətlərdən idi. İstər dövlətimiz, istərsə də soydaşlarımız bu vəhşilikləri unutmur, özünün igid oğul və qızlarının fədakarlığını sonsuz məhəbbətlə xatırlayır, onların əziz xatirəsini hər il böyük ehtiramla yad edir.
20 Yanvar faciəsi çoxsaylı can alsa da, SSRİ-nin süqutuna təsir edən mühüm amillərdən biri olmuşdur. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsini qarşısına prioritet məsələ kimi qoymuşdu. O dövrdə mövcud olan siyasi çəkişmələrə baxmayaraq, ulu öndər bu istiqamətdə mühüm işlər görməyə, faciənin daha dərindən araşdırılmasına müvəffəq oldu. Bunun nəticəsidir ki, ümummilli liderin 1994-cü il 5 yanvar tarixində 20 Yanvar faciəsinin dördüncü ildönümünün qeyd olunması ilə bağlı verdiyi fərmanda hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi fikri təklif olundu. Lakin o dövrdə aktiv fəaliyyətdə olan müxalif qüvvələr hakimiyyəti ələ keçirmək uğrunda yaranmış vəziyyətdən yararlanmağa çalışırdılar. Heydər Əliyev 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasındakı çıxışı zamanı 20 Yanvar faciəsinin mahiyyətinin düzgün əks etdirilmədiyini bir daha vurğulamış, Azərbaycan Respublikasının Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarına irad tutmuşdur. Ulu öndərimiz həmin qərarı xalqa xəyanət hesab etmişdir: "Bu qərarı oxuyanda doğrusu çox həyəcanlandım. Düşündüm ki, Milli Şura nə üçün öz millətinin, öz xalqının aqibətinə, taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti fikrə gəldim ki, bu hadisəyə, bu faciəyə niyə indiyə qədər siyasi qiymət verilməyib. Mənim fikrim belədir ki, bu qərarın qəbul edilməsi Azərbaycan xalqına bəlkə də 20 Yanvar 1990-cı ildə olan faciə kimi böyük xəyanətdir. İki il keçəndən sonra deputat-istintaq komissiyasının ortaya bir şey çıxarmaması,