Laçının işğalçılardan azad edilməsi həm döyüş meydanında, həm də diplomatiya və danışıqlar formatında tam qələbə ilə başa çatdırıldı. Qəhrəman oğullarımızın şücaəti və qəhrəmanlığı sayəsində bu tarixi Zəfər təkcə Ermənistanı deyil, dünya erməniliyini, erməni lobbisini, hayları şər yoluna səsləyən kilsəni, doğulan uşaqlarının qulağına türk sənin düşmənindir pıçıldayan din xadimlərini, daşnak ideyalarının daşıyıcılarını, ermənipərəst qüvvələri, erməni təəssübkeşliyi göstərən bəzi ölkələri məğlub edərək onları sarsıtdı.
Qəhrəman ordumuz Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha böyük mənada iki yüz illik erməni işğalına, hayların azərbaycanlılara qarşı törətdikləri deportasiyaya, qanlı faciələrə, doğma yurd həsrətinə son qoydu. Diplomatiyada və döyüş meydanında nümayiş etdirilən əzmkarlıq, fədakarlıq, yurd təəssübkeşliyi, torpaq məhəbbəti işğaldan azad edilən ərazilərimizdə aparılan genişmiqyaslı tikinti-quruculuq işlərində eyni ahənglə davam etdirilir. Özü də bu nəhəng işlər çox böyük həvəslə, istəklə, ruh yüksəkliyi, dərin inamla aparılır, düşmən tapdağından azad edilən torpaqlarımız insan əllərinin qüdrəti ilə laləzara çevrilir. Ermənistanın otuz ilə yaxın viran qoyduğu, taladığı, sərvətlərini istismar etdiyi Laçın torpağına indi firavan həyat qayıdır.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mayın 28-də keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlanıb və dövlətimizin başçısı yeni evlərin açarlarını sakinlərə şəxsən özü təqdim edib. Bu adi açarlar deyil, bu dövlət müstəqilliyimizin möhkəmləndirilməsinin, hərbi gücümüzün, xalq lider birliyinin, fədakarlığın, qələbənin uğur açarıdır. Prezidentin Laçına köçürülən sakinlərlə görüşündə yurda dönüş həyəcanını yaşayan yaşlıların da, uşaqların da, cavanların da minnətdarlıq ifadə edən sevinc göz yaşları, otuz ildən sonra dövlət tərəfindən tikilən yeni və modern evlərində gecələmək hissi, dillərdə dolaşan alqış və dualar sözə sığan deyil. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu park 3" yaşayış kompleksindən yola salınıb, birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürülüb. İlkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Onlar Laçın şəhərində işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş və zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə yaşayacaqlar. Bu günə qədər isə dünyanın siyasət meydanında böyük səbir, dözüm, iradə, yüksək intellekt, zəngin təfəkkür nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyevin gərgin və səmərəli fəaliyyəti nəticəsində düşmən qüvvələr bir-bir zərərsizləşdirildi, iqtisadi güc toplayandan sonra hücum diplomatiyası ilə dünyanı cənginə alan erməni mifi darmadağın edildi, daşnak ideologiyasının bel sütunu sındırıldı.
Yurd sevincini yaşayan laçınlılar deyirlər ki, uzun illər torpaq həsrəti ilə yaşasalar da, məcburi köçkünlər daim dövlət qayğısı ilə əhatə olunublar. Onların sosial müdafiəsinin təmin olunması istiqamətində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətini möhtərəm Prezidentimiz İlham Əliyev davam etdirib, bu kateqoriyadan olan həmvətənlərimizin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ardıcıl genişmiqyaslı tədbirlər həyata keçirib. Məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da hər zaman diqqət göstərib, onlara yaxından kömək edib. Hazırda məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə sürətlənir, Böyük Qayıdış Proqramı uğurla icra olunur. Dövlətimizin başçısı İlham Əliyev mayın 28-də Laçın şəhərində bu rayondan olan sakinlərlə görüşdə bildirdi ki, biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur.