Türkiyə
Azərbaycanın müdafiə nazirinin müavinləri - Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov və Aqil Qurbanov Türkiyəyə rəsmi səfəri çərçivəsində "TEKNOFEST-2023 Türkiyə" yüksək texnologiyalar sərgisində iştirak ediblər. Onlar sərgidə "Roketsan", "HAVELSAN", "BAYKAR" və "ASELSAN" şirkətlərinin rəhbər heyətləri ilə görüşüb, nümayiş etdirilən müasir texnologiya və döyüş texnikası nümunələri ilə tanış olublar. Görüşlər zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Yüksək texnologiyalı məhsulların nümayiş etdirildiyi sərgidə müdafiə, aerokosmik, dənizçilik və kosmik sənaye sahələrində strateji əhəmiyyətli bir çox məhsullar da təqdim olunub. Səfər çərçivəsində Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin "Baykar" şirkəti arasında Azərbaycanda pilotsuz uçuş aparatlarının birgə istehsalına dair niyyət protokolu imzalanıb. Protokolu "Baykar"ın baş direktoru Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov imzalayıb. Qeyd edək ki, "TEKNOFEST-2023 Türkiyə" festivalı İstanbul Atatürk Hava Limanında keçirilir. Festivala dünyanın 107 ölkəsindən 154 mindən artıq komanda və 600 mindən çox iştirakçı qatılıb. 102 kateqoriya üzrə 41 əsas müsabiqə keçiriləcək festivalda, 13 milyon lirədən çox pul mükafatı, 30 milyon lirədən çox maddi dəstək veriləcək.
Festivalda ilk dəfə Türkiyənin "Baykar" şirkətinin istehsal etdiyi KEMANKEŞ raketi, KIZILELMA və AKINCI PUA-ları nümayiş etdirilib. KEMANKEŞ raketinin reaktiv mühərriki, stabilləşdirilmiş kamera sistemi, süni intellekt proqram təminatından sistem dizaynına qədər bütün hissələri türk mühəndislər tərəfindən hazırlanıb.
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar KIZILELMA" 100% öz kapitalı ilə 2021-ci ildə istehsal edilib. Təyyarənin 2022-ci ildə ilk uçuşu, 2023-cü ilin yanvar ayında isə ikinci uçuşu uğurla tamamlanıb. Aprelin 25-də "Bayraktar KIZILELMA" Tekirdağ vilayətinin Çorlu rayonunda Akıncı Uçuş Tədris və Test Mərkəzində ilk dəfə qol uçuşu həyata keçirib. 8,5 ton uçuş çəkisi və 1500 kq yükdaşıma qabiliyyəti olan ''Bayraktar KIZILELMA'' 18-20 aprel tarixlərində dörd uçuşla ümumilikdə səkkiz sınaq uçuşu keçirib və uçuş-enmə zolağında aşağı hündürlükdə 630 km/saat sürətlə sınaq manevrləri edib. Bu uğurlu testdə yüksəksürətli uçuş və manevr sınaqları, eləcə də ardıcıl uçuş və eniş və ötürmə sınaqları həyata keçirilib. Bundan əlavə, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan ''Bayraktar KIZILELMA'' hava-yer missiyaları ilə yanaşı, süni intellekt funksiyası ilə havada döyüş həyata keçirəcək.
Türkiyə çox yaxın gələcəkdə dronlarda olduğu kimi, bir çox yeni təşəbbüsləri ilə dünyada iz qoyacaq. Bu sözləri Türkiyənin "Baykar" şirkətinin texniki direktoru və TEKNOFEST idarə heyətinin sədri Səlçuq Bayraktar bildirib. S.Bayraktar TEKNOFEST-ə qatılan tələbələrin sayının artıq 1 milyonu ötdüyünü və bu gənclərin gələcəkdə ölkənin yeni nəsil yerli avtomobilləri və bütün digər ağıllı avtonom sistemlərində iştirak edəcəklərini də vurğulayıb.
May ayının 1-nə kimi davam edəcək "TEKNOFEST-2023 Türkiyə" Aerokosmik və Texnologiya Festivalına ayrı-ayrı kateqoriyalar üzrə 10-dan çox azərbaycanlı gənc də qatılıb. Bakı Dövlət Universitetinin (BDU) tələbələrdən ibarət 4 komandası 6 layihə ilə festivalın final mərhələsində çıxış edir. 2 kateqoriya üzrə çıxış edəcək "BSU Creativity Workz" komandası "Driver's Eye (avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem)", "REB-Pack (dörd fərqli təbii şərait və qaynaqdan (günəş, külək, alov və su axını) elektrik enerjisi əldə etməyə imkan verən bel çantası", "CMC-Vessel (ferromaqnit və fotokatalitik maddələrin istifadəsi əsasında dəniz suyunu avtomatik olaraq çirkləndiricilərdən təmizləyə biləcək robot)" adlı üç layihə ilə çıxış edəcək.