Azərbaycanın İkinci Qarabağ savaşında əldə etdiyi qələbə dövlətimizin gücünü bütün dünyaya bir daha göstərdi. Xalqımızın yumruq kimi Prezident İlham Əliyevin ətrafında vahid amal uğrunda birləşməsi bizi zəfərimizə qovuşdurdu. 30 il düşmən tapdağı altında qalmış Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən döyüşlərdə Azərbaycanın tarixi ədaləti təkbaşına bərpa etməsi dövlətimizin qüdrətinin göstəricisidir.
30 illik işğal dövründə xain ermənilər gözəlliyi dillərə dastan olan Qarabağı talamış, mədəni irsimizə zərər vermiş, xalqımızın tarixi izlərini buradan silməyə cəhd etmişlər. Bütün bunlar kifayət deyilmiş kimi, düşmən bölgədəki məscidlərimizi təhqir etmiş, ziyarətgahlarımızda donuz saxlamışdır. Qeyd etməli olduğumuz ən vacib məqamlardan biri düşmənin əraziləri tərk edərkən torpaqlarımızı minalamasıdır. Ermənilərin həyata keçirdiyi bu cür mənfur planlara baxmayaraq, hazırda işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri sürətlə davam edir. Bölgənin cənnətməkana çevrilməsi prosesində Heydər Əliyev Fondunun rolu əvəzsizdir. Xüsusi vurğulamaq lazımdır ki, Fond fəaliyyətə başladığı ilk gündən müxtəlif layihələr reallaşdırmışdır. Heydər Əliyev Fondunun əsas prioritetlərindən biri isə məhz tarixi, dini və mədəni abidələrin qorunmasıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2020-ci il dekabrın 8-də rəsmi "Instagram" səhifəsindəki paylaşımında yer alan fikirlər bunu bir daha təsdiqləyir: "Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır". Mehriban Əliyevanın göstərişi ilə bərpa layihələrinə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də cəlb edilmişdir. Belə ki, Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən olan mütəxəssislər də Qarabağın dirçəldilməsinə öz töhfələrini verməkdədir. Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı məscidlərinin, Mehmandarovların malikanə kompleksinin bərpası Heydər Əliyev Fondunun işğaldan azad olunmuş ərazilərə göstərdiyi diqqət və qayğısının ən bariz nümunəsidir.
Azad olunmuş ərazilərdə Şuşanın özünəməxsus yeri var. Qarabağın ürəyi adlandırılan bu şəhərin bərpasına isə Heydər Əliyev Fondu tərəfindən xüsusi diqqət ayrılmışdır. Qeyd edək ki, Şuşa bu il "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir. Bundan başqa, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2022-ci il "Şuşa İli" kimi yadda qalmışdır.
Ölkə başçımızın işğaldan azad olunmuş ərazilərə baş tutan vaxtaşırı səfərləri dövlətimizin yenidənqurma prosesinə necə həssas yanaşdığından xəbər verir. Bu il mayın 10-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri ilə tanış olmuş, Saatlı məscidinin açılışında iştirak etmişlər. Xatırladaq ki, Şuşanın işğalı dövründə digər məscidlər kimi, Saatlı məscidi də ermənilərin vandallığı nəticəsində viran günə qalmışdır. Amma 2021-ci ilin dekabrında Heydər Əliyev Fondu məsciddə bərpa işlərinə başlamışdır. Proses "PAŞA Holding"in maliyyə dəstəyi və Azərbaycan, İtaliya, Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın "Wehdorn Architekten" şirkətinin nəzarəti ilə məscidin orijinal memarlıq üslubuna uyğun olaraq aparılmışdır. 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunan dini ibadət evinin əvvəlki yerində Molla Pənah Vaqifin vaxtilə dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları fəaliyyət göstərmişdir.
Bərpa işləri zamanı 30 illik işğal dövründə düşmən tərəfindən məscidə edilən müdaxilələr aradan qaldırılmış, divarların gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür.