Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin baş tutmaması müxtəlif səviyyələrdə özünü göstərir. Xain düşmənin sülh prosesindəki iştirakı yalnız sözlərdən ibarətdir, əməldə isə hər "sülh" çağırışı yeni bir təxribat planının əsasını təşkil edir. Ermənistan siyasi hakimiyyətinin revanşist hissləri hayları növbəti uçurumun kandarına gətirib çıxarmışdır. Ölkə daxilində əsgər analarının etirazları və ordudan yayınma halları bunu deməyə əsas verir ki, Paşinyan sadəcə havadarlarının sayəsində "ayaq üstə" qala bilir.
ABŞ-la keçirilən hərbi təlimlərdən sonra öz "xilaskarını" bütün dünyaya nümayiş etdirən Ermənistana qarşı artıq qütbləşmə prosesi başlayıb. Belə ki, bu günə qədər öz dəstəyini əsirgəməyən cənub qonşumuz İran belə artıq haylara qarşı öz məsafəsini qoruyur. Xüsusilə, Xankəndidəki xunta rejiminin keçirdiyi "seçki" məsələsindən sonra Ermənistana baxış bucağı tamamilə dəyişib. Hətta ABŞ belə xunta rejiminin fəaliyyətini tanımadığını bəyan edib. ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller mətbuat üçün brifinqdə deyib: "Biz ötən həftə də bəyan etdik ki, Qarabağı müstəqil və suveren ölkə kimi tanımırıq və eyni zamanda burada keçirilən qondarma "prezident seçkiləri"ni tanımırıq". Bundan əlavə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Böyük İyirmilik" (G20) sammitinin yekunlarına həsr olunan mətbuat konfransında deyib: "Biz buna müsbət baxmırıq, bunu qəbul etmək mümkün deyil. Sabah böyük ehtimalla Paşinyanla danışıqlar aparacağam. Bu məsələ ilə bağlı onlara xəbərdarlıq edəcəyik və belə bir seçkinin qətiyyən mümkün olmadığını bildirəcəyik. Onsuz da görüşdüyüm ölkə başçılarının heç biri bunu qəbul etmir". Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Ermənistanın baş naziri Paşinyanın Qarabağın Azərbaycan ərazisi olması fikrini növbəti dəfə dilə gətirib. Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auldda "X" sosial şəbəkəsində bu barədə paylaşım edib: "Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma "prezident seçkiləri"ni tanımır. Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik".
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç də sosial mediadan Xankəndidə keçirilən qondarma "prezident seçkiləri"nin heç bir hüquqi əsasının olmağını bildirib. Qeyd edilib ki, regionda humanitar vəziyyət və beynəlxalq standartlara hörmət əsasdır: "Avropa Şurası bütün tərəfləri gərginliyi azaltmağa, dialoqa getməyə və sülhü bərpa etməyə çağırır. Avropa Şurası dəstək verməyə hazırdır". Hətta əvvəllər Azərbaycan Ermənistana hücum edərsə, müdaxilə edəcəyini bildirən İran Xarici İşlər Nazirliyi də açıqlama verib ki, Tehranın Qarabağla bağlı mövqeyi sirr deyil, Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir. Avropa Birliyi ilə yanaşı, Gürcüstan və Özbəkistan da qondarma seçkiləri tanımadıqlarını açıqlayıblar. Bütün bunlar bir daha sübut edir ki, beynəlxalq təşkilatlar və sivil dünya separatizmi tanımır və tanımayacaq.
Hayastanın Azərbaycana qarşı hələ də əsassız iddialarla çıxış etməsi bu ölkənin sülh istəyini ciddi sual altına alır. Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsinin başlanmasına gətirib çıxaran addımları yenidən təkrarlayır. Bu isə onu deməyə əsas verir ki, Ermənistan hələ də torpaq iddiası ilə çıxış edərək regionun destabilliyinin qorunub saxlanılmasına xidmət edir. Bununla yanaşı, Cənubi Qafqazda Ermənistan hər vəchlə xarici aktorları bölgəyə cəlb etmək niyyəti güdür. Son dövrdə Rusiya və Ermənistan arasındakı siyasi böhran məhz bunun nəticəsidir. Tərəflər qarşılıqlı ittiham mübadiləsi aparırlar. Paşinyan İtaliya qəzetlərindən birinə müsahibəsində Moskva ilə strateji müttəfiqliyin səhv addım olduğunu bildirib. Bu məsələnin ardınca onun həyat yoldaşı Anna Akopyanın Kiyevə gedərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməsi Rusiyada birmənalı qarşılanmayıb. Akopyanın səfər çərçivəsində qondarma rejim haqqında danışması, buna isə məhz Ukrayna siyasi elitasının şərait yaratması təəssüf doğurur. Bütün bu proseslərin məhz Ermənistanın yeni havadarları sayəsində reallaşması artıq sirr deyil. Bununla yanaşı, İrəvan Rusiya-Ukrayna münaqişəsi başlayandan bu günə kimi ilk dəfə Kiyevə humanitar yardım edib. Ermənistanın ABŞ-la birgə hərbi təlimlər keçirməsi və yerinə heç kəsi göndərmədən öz nümayəndəsini KTMT-dən geri çağırması bunu deməyə əsas verir ki, regionda yeni münaqişə ocaqlarının yaranması əsas hədəf olaraq müəyyənləşdirilib.
"Yeni ərazilər uğrunda yeni müharibə" şüarları ilə çıxış edən hayların 44 günlük müharibədə yerinə otuzdurulması Ermənistana dərs olmadı. İqtisadi tərəfdaşlıqların zəifləməsi, maliyyə və investisiya sahəsində sıxıntılar ölkə iqtisadiyyatını ciddi şəkildə zədələdi. İşsizlik səviyyəsi son illərin ən pik həddinə qalxdı, sosial rifah təmin olunmadı, xalq dövlət idarələri qarşısında aksiyalara start verdi, əsgər anaları mitinqlərdə Paşinyanı günahlandırdı. Varlıqlarını itirmə təhlükəsi ilə üzləşən xalqı heçə sayan Paşinyanın regionda növbəti dəfə münaqişə yaratma istəyi heç şübhəsiz hayların labüd sonuna doğru atılan addımdır. Çıxılmaz vəziyyətdə qalan Nikol Paşinyan artıq növbəti məğlubiyyəti necə bəyan edəcəyi haqqında düşünməlidir.
Nurlan ABDALOV,
"Respublika".