Tarixi köklərə bağlı əməkdaşlığın yeni perspektivləri
Gündəm

Tarixi köklərə bağlı əməkdaşlığın yeni perspektivləri

Sentyabrın 29-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə "Naxçıvan - Yaşıl Enerji Zonası" beynəlxalq konfrans keçirilib. Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirdə dövlət rəsmiləri, xarici qonaqlar, iş adamları iştirak ediblər.

Görüşdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə 3-cü Enerji Forumunun Protokolunu imzalayıblar. Forumda çıxış edən türkiyəli nazir bildirib ki, Türkiyə və Azərbaycan olaraq, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP təbii qaz boru xətləri kimi bölgəmizin və Avropanın enerji təhlükəsizliyinə böyük dayaq olan layihələri mədənçilik kimi fərqli sahələrdə də həyata keçirmək istəyirik: "Zəngin hidrokarbon qaynaqlara malik olan qardaş ölkə Azərbaycanın da enerji sahəsində bənzər hədəfləri olduğunu bilirik. Hər atdığı addımda dəstəyimizi güclü şəkildə göstərdiyimiz Vətən müharibəsi ilə işğaldan azad edilən bölgələrdə və Naxçıvanda həyata keçirilməsi planlaşdırılan Yaşıl Enerji konseptinin reallaşmasında həm dövlət, həm də özəl sektorda hər zaman Azərbaycanın yanında olacağıq. Enerji Forumumuzun sonunda həyata keçirəcəyimiz layihələrlə ölkələrimiz arasındakı dostluğu bir daha təkmilləşdirəcək, Naxçıvanla olan bağlarımız daha da qüvvətlənəcək", - deyə nazir əlavə edib.

Azərbaycan-Türkiyə Enerji Forumu iki qardaş ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində keçirilib. Forumda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin həmin dövrdə energetika və təbii sərvətlər naziri olmuş Fatih Dönməz iştirak edib. Forum iki qardaş ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində, strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə təşkil edilib.

Azərbaycan və Türkiyə arasında tarixi qardaşlıq münasibətləri bütün dünyaya məlumdur. Birgə görülən işlər, köklü əməkdaşlıqlar buna nümunədir. İndi isə bu əlaqələrə yenisi əlavə edilir. Bu platforma iki ölkə arasındakı əlaqələri enerji sahəsində də müttəfiqlik səviyyəsinə yüksəlməsini dəstəkləyir. Təhlükəsizliyi, inkişafı və tərəqqini təmin edən Azərbaycan-Türkiyə birliyi regionda yeni geosiyasi reallıqların və inkişaf proseslərinin aparıcı faktorudur.

Forumda çıxış edən Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov iki ölkə arasında enerji əməkdaşlığına diqqət çəkərək bildirib: "Qardaş Türkiyəyə 2018-ci ilin iyul ayından bu ilin dekabr ayınadək TANAP-la 13,6 milyard kubmetr təbii qaz nəql olunub. Bu ilin 11 ayı ərzində Türkiyəyə nəql olunmuş 7,7 milyard kubmetr təbii qazın 5,1 milyard kubmetri TANAP-ın payına düşüb. Ümumiyyətlə, Türkiyənin qaz bazarına 2007-ci ildən indiyə kimi "Şahdəniz" yatağından 85 milyard kubmetrdən çox təbii qaz ötürülüb". Nazir "STAR" Neft Emalı Zavodu, Petkim kimi layihələrin timsalında ölkəmizin Türkiyədəki investisiya fəaliyyətini də vurğulayaraq bildirib ki, Azərbaycanın Türkiyədəki sərmayəsi 19 milyard dollardan çoxdur. Ölkə başçımızın daima vurğuladığı kimi, ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər.

Forum çərçivəsində müvafiq sahələr üzrə əməkdaşlığın inkişafı istiqamətində görülən işlər, nəzərdə tutulan tədbirlər barədə məlumat verilib. Həmçinin İşçi qruplarının Forumdan əvvəl keçirilmiş ilk görüşlərinin nəticələri barədə müzakirələr də aparılıb. Azərbaycan və Türkiyə arasında mövcud enerji əməkdaşlığının genişləndirilməsini, yeni əməkdaşlıq imkanlarının dəyərləndirilərək onların konkret layihələr vasitəsilə reallaşdırılmasını hədəfləyən 1-ci Enerji Forumunda 6 sənəd imzalanıb. Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin sabiq energetika və təbii sərvətlər naziri Fatih Dönməz "Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunun Protokolu"nu, həmçinin "Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair anlaşma memorandumu"nu imzalayıblar.

Türkiyəli sabiq nazir çıxışı zamanı Vətən müharibəsindən sonra bölgədə görülən işlərə diqqət çəkərək deyib: "İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilməsi planlaşdırılan "Yaşıl enerji konsepsiyası" çərçivəsində bundan sonra da həm dövlət, həm də özəl sektorumuzla Azərbaycanın yanında olacağıq. Bu yolla həm regionda davamlı sülhün bərqərar olması, həm də işğaldan azad edilmiş rayonların yenidən qurulması üçün Azərbaycanla koordinasiyalı fəaliyyət göstərməyə davam edəcəyik. İnanıram ki, karbohidrogen sənayesi sahəsində birgə həyata keçirdiyimiz çoxsaylı uğurlu əməkdaşlıq təcrübələrinin bərpa olunan enerji sahəsinə transferi əlaqələrimizə yeni təkan verəcək".

Müvafiq sənədlərlə yanaşı, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və "AzerGold" QSC ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi və MTA Beynəlxalq Mədənçilik Şirkəti arasında əməkdaşlığın həyata keçirilməsi sahəsində anlaşma memorandumu", "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi arasında yer elmləri sahəsində əməkdaşlığa dair anlaşma memorandumu", həmçinin "Azerenerji" ASC və "Türkiye Elektrik İletim Anonim Şirketi" (TEİAŞ) arasında əməkdaşlıq Protokol"u imzalanıb.

İkinci Forum isə 2022-ci il 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib. Forumdan əvvəl hər iki ölkənin enerji nazirləri arasında ikitərəfli görüş olub. Görüşdə Enerji Forumu formatında əməkdaşlıq prioritetləri İşçi qruplarının diqqətinə çatdırılıb. Bununla yanaşı, karbohidrogen, bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik enerjisi bazarı və tənzimləmə məsələləri üzrə 4 İşçi qrupunun görüşlərinin nəticələri, həmçinin təbii qaz və elektrik enerjisinin tədarükü, eləcə də tranziti ilə bağlı tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi barədə müzakirələr aparılıb.

Beləliklə Forum Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik münasibətlərində enerji əməkdaşlığının gücləndirilməsinə və qlobal çağırışlara uyğun inkişafa xidmət edir. İki qardaş ölkənin güclü enerji birliyi tarixi zərurət, regional və Avropa miqyasında təhlükəsiz, dayanıqlı enerji təchizatının qarantıdır. Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, xüsusilə enerji böhranı şəraitində TANAP və TAP təchizatda etibarlılıq rəmzinə çevrildi. Azərbaycan və Türkiyə enerji təhlükəsizliyinin davamlı təminatında strateji maraq kəsb edən ölkələr oldular: "Mürəkkəb geosiyasi və enerji böhranı reallıqlarında Azərbaycan və Türkiyənin getdikcə artan belə geostrateji rolu dövlət başçıları - cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın bir-birinə sarsılmaz inam və güvənlə yürütdükləri siyasətin, onların timsalında Azərbaycan və Türkiyənin birləşmiş gücünün təcəssümüdür".

TANAP-ın Türkiyə üçün hazırkı və Zəngəzur dəhlizin genişləndirilməsi ilə artacaq əhəmiyyəti olduqca böyükdür. Belə ki, 2018-ci ilin iyul ayından bu ilin oktyabrınadək Türkiyənin TANAP-la 18 milyard kubmetr, 2022-ci ilin 9 ayında bu ölkəyə tədarük olunmuş 6.1 milyard kubmetr təbii qazın 4.2 milyard kubmetri məhz bu boru kəməri ilə nəql edilib.

Forum çərçivəsində Azərbaycandan elektrik enerjisinin Zəngəzur dəhlizi vasitəsilə həm Türkiyəyə, həm də Avropaya ötürülə biləcəyi, bununla neft, təbii qazla yanaşı, elektrik enerjisi ilə də Azərbaycan və Türkiyənin enerji təhlükəsizliyinin təminatında mövqelərini daha da möhkəmləndirmiş olacaqları vurğulanıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".