“Qarabağ
Gündəm

“Qarabağ" Xankəndidə - 30 il sonra

Son 30 ildə baş verən hadisələri və Azərbaycanın bu gününü nəzərdən keçirsək, xoşbəxt xalq olduğumuzun fərqinə vararıq. Bu illər ərzində ürəyimizdə qaysaq belə bağlamayan yara kimi qalan Qarabağın işğaldan azad edilməsi tarixi ədalətin, eləcə də ərazi bütövlüyümüzün bərpası idi. Hazırda işğaldan azad olunmuş ərazilərdə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan mühüm hadisələr baş verir. Dekabrın 21-də  Xankəndi stadionunda Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları arasında futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin keçirilməsi və Prezident İlham Əliyevin burada iştirakı bir sıra mühüm məqamlarla yadda qaldı.

İlk olaraq qeyd edək ki, bu ilin sentyabr ayında baş tutan lokal antiterror tədbirlərindən sonra Xankəndi düşmən tapdağından azad edildi. 23 saat davam edən tədbirlər nəticəsində illərdən bəri burada qanunsuz fəaliyyət göstərən xunta rejimi tarixin arxivinə gömüldü. Beləliklə, Azərbaycanın suverenliyi tam bərpa olundu. Sözügedən tarixi hadisədən sadəcə 3 ay sonra Xankəndidə tarixi oyunun baş tutması əslində Azərbaycanın zəfərini həzm edə bilməyənlərə növbəti ismarış kimi dəyərləndirilməlidir. Çünki bir çox pozucu qüvvələr hələ işğal dövründə ölkəmizin haqq işinə əngəl olmağa çalışmaqla yanaşı, keçmiş münaqişənin dondurulmasında maraqlı idilər. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Ordumuzun rəşadəti nəticəsində düşmənlərin xain planları baş tutmadı. Dövlətimizin başçısı bütün təzyiqlərə baxmayaraq, hakimiyyətinin 20-ci ildönümündə Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Bu hadisə zəfər tariximizə İkinci Qarabağ savaşından sonra daha bir şanlı səhifə kimi həkk olundu.

Qələbəmizdən sonra atılan təqdirəlayiq addımlardan biri də işğaldan azad olunmuş ərazilərdə sürətlə həyata keçirilən bərpa-quruculuq işləridir. Prezident İlham Əliyevin Xankəndi stadionunda çıxışı zamanı söylədikləri bunu bir daha təsdiqləyir: "Biz - bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində "İmarət" stadionunun yenidən inşa edilməsinə başlanılacaq".

Gərgin mübarizə və yüksək əhvali-ruhiyyə şəraitində keçən oyun "Qarabağ" komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın futbolçusu Nəriman Axundzadənin matçın əsas hissəsinə əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində vurduğu qol oyunun taleyini həll edib. Beləliklə, N.Axundzadə 30 il sonra erməni işğalından azad olunmuş ərazilərdə keçirilən ilk futbol matçında fərqlənən hücumçu kimi adını tarixə yazıb.

Oyunda ictimaiyyətin diqqətini cəlb edən daha bir mühüm məsələ isə Prezident İlham Əliyevin səmimi görüntülərinin yayımlanması idi. Ölkə başçımızın "Qarabağ"-MOİK oyununda topa ilk toxunuşu, həmçinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın insanlarla, xüsusilə uşaqlarla səmimi söhbəti əhalinin dövlət başçısına və onun xanımına göstərdiyi sevginin növbəti təzahürü idi. Prezidentin oyunun nəticələrindən asılı olmayaraq Azərbaycan xalqı və Azərbaycan dövlətinin qalib olduğunu diqqətə çatdırması isə İlham Əliyevin ölkəsinə olan rəğbət hissinin bariz nümunəsidir. Bununla yanaşı, Xankəndi stadionunda oyunun keçirilməsi ölkəmizin idman sahəsindəki beynəlxalq nüfuzuna da töhfə verəcək. Gələcəkdə də stadion qələbə ilə başa çatmış saysız-hesabsız oyunlara ev sahibliyi edəcək. İşğaldan azad olunmuş ərazilərdəki stadionlarda bu cür oyunların keçirilməsi və xarici ölkələrdən olan futbol klublarının buraya gəlməsi Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından da xüsusi əhəmiyyətə malikdir.

Nəzrin ELDARQIZI,

"Respublika".