“Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan bu günə qədər konstruktiv mövqe ortaya qoyub. Dəhlizin işləkliyinin təmin olunması ilə bağlı ölkəmizdə həddindən artıq infrastruktur layihələri icra olunub”.
Bu sözləri “Respublika”ya açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.
Ekspert qeyd edib ki, Zəngəzur dəhlizinin açılmamasının ən başlıca səbəbi Ermənistanın bu məsələyə loyal, birmənalı mövqe ortaya qoymamasıdır:
“Məlum məsələdir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı üç tərəfli bəyanatın 9-cu maddəsində bu məsələ ev yerini alıb. Sonuncu maddə məhz dəhlizin açılması məsələsini özündə ehtiva edib. Lakin bölgədə bu dəhlizin açılması ilə öz maraqlarının kənara atılmasından narahat olan havadar qüvvələrin təzyiqləri nəticəsində Paşinyan söz oyunu oynamağa davam edir, deyilənləri təhrif edir. Beləliklə, o, maddənin fərqli bir məzmun ehtiva etdiyini iddia etməyə çalışır. Əlbəttə ki, istənilən halda dəhliz öz işini təmin edəcək. Bu barədə cənab Prezidentin də bəyanatları mövcuddur".
Siyasi şərhçinin sözlərinə görə, Ermənistandan keçməsə belə alternativ yollarla bu dəhlizin həyata keçirilməsi icra olunacaq. Əlbəttə ki, bu xüsusda itirən Ermənistan olacaq. Məlum məsələdir ki, dəhliz Azərbaycan və Ermənistan üçün, bütövlükdə qlobal mənada önəmli layihədir, Şərq-Qərb dəhlizinin önəmli parasıdır. Çünki məhz Şərq-Qərb dəhlizinin müvafiq hissədə birləşməsi yolun qısaldılması, azaldılması deməkdir. Bu da daşınan məhsulların daha ucuz qiymətə bazara çıxarılması deməkdir. Bu da təkcə regionu maraqlandıran məsələ deyil, bütünlükdə coğrafiyaya dividentlər qazandıracaq bir layihədir".
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da ötən gün bu istiqamətdə bildirdiyi mövqeyi önəmlidir. Lakin Zəngəzur dəhlizinin açılması üçün öncə sülh müqaviləsi imzalanmalıdır. Dəhlizin açılması ilk növbədə sərhədlərin açılmasını ehtiva edir. Sərhədlərin açılması üçün də mütləq formada tərəflər arasında sülh müqaviləsi imzalanmalıdır. Bunlar da bir-birinin ardınca baş verəcək proseslərdir. Öncə Ermənistan sülh müqaviləsinə razılıq verməli, daha sonra sərhədlər açılmalı və ən sonda komumunikasiya əlaqələrinin işləkliyi təmin olunmalıdır” - deyə, Züriyə Qarayeva bildirib.
Töhfə SƏMƏDOVA,
“Respublika”.