Şuşa: Qədim tariximizi, mədəni irsimizi özündə yaşadan əbədi qala şəhərimiz
Gündəm

Şuşa: Qədim tariximizi, mədəni irsimizi özündə yaşadan əbədi qala şəhərimiz

Azərbaycanın məğrurluq rəmzi, alınmaz qalası olan Şuşa milli mədəniyyətimizin mərkəzi, poeziyamızın, musiqimizin beşiyidir. Mənəvi varlığımızı, milli dəyərlərimizi və musiqi ənənələrimizi özündə yaşadan bu qədim şəhər Daşaltı dərəsi, Cıdır düzü, saysız-hesabsız memarlıq inciləri ilə təkcə ölkəmizdə deyil, dünyada qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınır.

"Şərqin konservatoriyası" adlanan qala şəhərinin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. Qədim və orta əsr memarlıq ənənələrinə uyğun inşa edilən Şuşa Böyük qurdlar, Kiçik qurdlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamamqabağı, Dəmirçilər, Quyuluq, Xocamircanlı, Mamayı, Saatlı, Köçərli, Mərdinli, Çölqala, Hacı Yusifli, Çuxur məhəllə və Ağadədəli kimi məhəllələrə bölünmüş və hər məhəllənin də öz hamamı, məscidi, bulağı olmuşdu. Şəhərin XVIII-XIX əsrlərə aid tarixi abidələri, əzəmətli qala divarları, məscidləri, uca minarələri keçmişimizdən bu günümüzə körpü salan tarixi salnaməmizdir. Üç əsrlik yaşı olan mədəniyyət məbədinin əvəzsiz sənət nümunələri əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə yadigar qalmışdır.

Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu, Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Üzeyir Hacıbəyov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov kimi incəsənət xadimləri, görkəmli şəxsiyyətləri ilə Şuşa ölkəmizi dünyada muğamın beşiyi kimi tanıtmışdır.

1881-ci ildə bu qədim şəhərimizdə 6 sinifli Şuşa Realnı Məktəbinin əsası qoyulmuş, hazırlıq və üç əsas sinifdən ibarət olan məktəbə ilk dəfə 159 şagird qəbul edilmişdi. Məktəbdə əsas riyaziyyat və fizika kursları, təbiətşünaslıq, rəsm və rəsmxətt və şəriət dərsləri keçirilir, alman və fransız dilləri tədris olunurdu. Qafqaz orta təhsil müəssisələri arasında nümunəvi tədris müəssisələrindən hesab olunan Şuşa Realnı Məktəbində təhsil alan qarabağlı gənclərin bir hissəsi sonralar Rusiyanın və Avropanın ali məktəblərinə daxil olmuş və oranı bitirdikdən sonra xalq maarifi, məktəb, elm, mədəniyyət, iqtisadiyyat və sənayenin müxtəlif sahələrində xidmət göstərmişlər. Bu təhsil ocağı Azərbaycan elminə, mədəniyyətinə Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Xan Şuşinski kimi onlarla görkəmli şəxsiyyətlər bəxş etmişdir.

Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi Şuşanın xalqımızın mədəniyyətinin, incəsənətinin formalaşmasında, inkişaf etməsində əvəzolunmaz rolunu bir daha təsdiq etdi: "Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər". Dövlət başçımızın Sərəncamından sonra 2021-ci il mayın 12-i və 13-də Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xarıbülbül" festivalı keçirildi. Həmin il avqustun 30-da isə dövrünün böyük şairi, mütəfəkkir və dövlət xadimi, yaradıcılığında özünəməxsus realist ədəbi-estetik mövqeyi ilə seçilən Molla Pənah Vaqif irsinə işıq salan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu. Beləliklə, müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra Qarabağda yaranan şeir, musiqi sənəti yenidən yaşamaq hüququ aldı. Molla Pənah Vaqifin məqbərəsinin yenidən açıldığı, Vaqif Poeziya Günlərinin yenidən başladığı gün isə ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanın söz, şeir bayramına çevrildi.

Şuşa yalnız qədim tarixi, zəngin mədəniyyəti, strateji əhəmiyyəti, mənəvi önəmi ilə deyil, həm də öz təbiəti, qeyri-adi gözəlliyi ilə dillər əzbəri olmuşdu. Şəhər hələ çox illər qabaq havasının təmizliyi, saflığı və müalicəvi əhəmiyyəti baxımından əvəzolunmaz kurort şəhəri kimi tanınmış, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da öz səfalı yerləri, istirahət guşələri ilə məşhurlaşmışdı. 1976-cı ildə ulu öndərin təşəbbüsü ilə Azərbaycan SSR Nazirlər Soveti "Şuşa şəhərində kurort kompleksinin sonrakı inkişafı üzrə tədbirlər haqqında" qərar qəbul etmiş, Şuşanın abad şəhərə çevrilməsi üçün vacib olan müvafiq infrastruktur yaradılmış, kurort şəhəri kimi inkişafı təmin olunmuşdu. 1992-ci ilə qədər müalicəvi əhəmiyyətli suyundan, havasından şəfa tapmaq üçün dünyanın hər yerindən Şuşaya minlərlə insan gəlirdi. Tarixi şəhərimiz, mədəniyyət paytaxtımız öz səfalı təbiəti, göz oxşayan yaşıl düzləri, ormanları, ceyran-cüyür mələşən çölləri, ekoloji təmizliyi ilə turistlərin diqqətini cəlb edirdi.

Bu gün işğaldan azad edilmiş milli musiqimizin, poeziyamızın qədim abidəsi Şuşada ermənilərin törətdikləri vandalizm əməllərinin nəticələri aradan qaldırılır, Qarabağ və ətraf rayonları cənnətməkana çevirmək üçün bərpa və yenidənqurma işləri sürətlə davam edir. Tarixiliklə müasirliyin vəhdətində yaradılan dilbər guşəmiz tezliklə bütün dünyanı yenə heyrətə gətirəcək, aləmi heyran qoyacaq. Bu günlərdə İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin yüksək səviyyəli turizm ekspertlərinin 7-ci görüşü və turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhərinin İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-ci il üçün turizm paytaxtı seçilməsi bunu bir daha təsdiq edir.

Mehparə ƏLİYEVA,

"Respublika".