Söz qılıncdan da kəsərli silahdır
Digər xəbərlər

Söz qılıncdan da kəsərli silahdır

Bu günün informasiya müharibəsində daha çox orijinal paylaşımlara üstünlük verilməlidir

Qarabağ müharibəsi başa çatdı, Azərbaycan qələbəsini, Ermənistan isə məğlubiyyətini rəsmi şəkildə bəyan etdi. Buna baxmayaraq, İrəvan Bakıya qarşı informasiya müharibəsini hələ də davam etdirir...

Müharibə təkcə döyüş meydanında deyil, həm də informasiya cəbhəsində də getdi. Və hər iki cəbhənin qəhrəmanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyev oldu. Savaş meydanında Silahlı Qüvvələrimiz və xalqımızla birgə mübarizə aparıb qalib gələn sərkərdə informasiya cəbhəsində təkbaşına döyüşüb zəfər çaldı. 44 gün çəkən müharibə dövründə Prezident İlham Əliyev 11 ölkənin 26 kütləvi informasiya vasitəsinə müsahibə verdi. Həmin müsahibələrdə dövlət başçısı beynəlxalq hüquq prinsiplərinə, tarixi həqiqətlərə və siyasi reallıqlara əsaslanırdı. O, cəbhədə döyüşən Azərbaycan Ordusu ilə yanaşı, informasiya məkanında gedən müharibədə də əzmlə, dəyanətlə mübarizə apararaq Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırırdı. Anti-Azərbaycan mövqeli xarici qüvvələrə ismarıclar göndərməklə qələbəyə doğru gedən yolda bütün maneələrin dəf ediləcəyinə, qarşıya qoyulmuş məqsədə tam nail olunacağına əminlik yaradırdı.

İkinci Qarabağ müharibəsində Ermənistan dezinformasiya kampaniyaları ilə üç əsas hədəf qrupu müəyyən etmişdi: Ermənistan cəmiyyəti, Azərbaycan xalqı və beynəlxalq ictimaiyyət. Artıq 30 ildir ki, erməni cəmiyyəti güclü millətçi-ideoloji təsir altındadır. Erməni icması hesab edir ki, onlara deyilənlər həqiqətdir. 44 günlük müharibə zamanı erməni qoşunlarının hər bir məğlubiyyəti bir neçə gün gec elan edilirdi. İrəvan xaricdə qurban rolunu oynadığı halda, ölkə daxilində Bakının böyük itkilər verdiyi barədə məlumatlar yayır, üstəlik, guya Ermənistana qarşı təkcə azərbaycanlıların yox, Türkiyə və Pakistan kimi ölkələrin də savaşdığını iddia edirdi. Lakin bu iddialara heç bir sübut təqdim olunmurdu.

Ümumiyyətlə, Ermənistan beynəlxalq arenada müxtəlif istiqamətlərdə dezinformasiya kampaniyası aparırdı. Məsələn, xristian ölkələrində o, müharibənin "xristian demokratik dövləti ilə müsəlman qeyri-demokratik dövləti" arasında olduğu görüntüsü yaratmağa, Azərbaycanda yaşayan dinc erməni azlığının Bakının hücumuna məruz qalması fikrini yaratmaqla Qərbdə liberalların dəstəyini qazanmağa çalışır, müsəlman ölkələrində isə müharibənin dini yox, etnik xarakter daşıdığını yayırdı. Xüsusilə də ərəb ölkələri üçün həmin dövrün geosiyasi şəraitini nəzərə alan İrəvan Türkiyə-Ermənistan müharibəsinin getdiyi fikrini yaratmağa cəhd edirdi. Ermənistan beynəlxalq ictimai arenada yanlış rəy yaratmaq üçün sosial şəbəkələrdən fəal bəhrələnirdi.

Müharibənin ilk iki günündə 7 min 764 tvitter hesabı yaradılmışdı. Bu tvitter hesabları vasitəsilə ingilis, ispan, Ukrayna və alman dillərində Ermənistan hökumətinin rəsmi xəbərləri yayılırdı. Bununla bağlı tvitterin yaydığı bəyanatda deyilirdi: "Araşdırmalarımız başa çatdıqdan sonra platforma ilə manipulyasiya siyasətimizi pozduğu üçün 373 əlaqəli hesab tvitterdə həmişəlik qadağan edilib. Biz Ermənistan hökuməti ilə əlaqəsi olan 35 hesabı araşdırıb sildik. Bu hesablar Azərbaycana yönəlmiş mənfi məlumatları təbliğ etmək üçün yaradılıb".

Həmin hesablar abunəçiləri cəlb etmək və erməni mövqelərini gücləndirmək üçün spam göndərməklə məşğul olub. Saxta hesabın Azərbaycan Müdafiə Nazirliyi və bəzi vəzifəli şəxslərin adından açıldığı da müəyyən edilib. Bir sözlə, Azərbaycan cəbhədə işğalçı qoşunlardan müdafiə olunarkən beynəlxalq aləmdə dezinformasiya ilə də üzləşməli oldu. Etibarlı məlumat vermək üçün Azərbaycan Prezidenti İlham Əliyev sırf beynəlxalq media üçün 30-dək müsahibə verdi, Bakıda beynəlxalq informasiya agentlikləri ilə görüşlər keçirdi. Əgər Azərbaycan uğurlu kommunikasiya strategiyası həyata keçirməsəydi, işğalçılar məqsədlərinə nail ola bilərdilər.

Dövlətimizin başçısı müsahibələrində Azərbaycan tərəfinin daim sülhpərvər mövqe tutduğunu, ermənilərin isə illərdən bəri destruktiv mövqedə qalaraq danışıqlar prosesini tükəndirdiyini inkarolunmaz dəlillərlə sübut etmişdir.

Ölkə rəhbəri informasiya müharibəsində ermənipərəst qüvvələrin səyi nəticəsində beynəlxalq ictimaiyyətdə fikir çaşqınlığı yaratmaq istəyən qüvvələri ifşa edərək əsl həqiqətləri dilə gətirib, dünya ictimaiyyətini məlumatlandırmağa və nəticə etibarilə inandırmağa müvəffəq olmuşdur.

Ali Baş Komandan Azərbaycan Ordusunun cəbhəboyu ərazilərdə apardığı əməliyyatları beynəlxalq hüquq sisteminə tam uyğun olaraq həyata keçirdiyini hər müsahibəsində dolğun şəkildə ifadə edib. O, Azərbaycanın bu haqlı mövqeyini 2020-ci il oktyabrın 31-də Almaniyanın ARD televizisiyasına müsahibəsində dilə gətirmişdir. Həmin müsahibədə dövlət başçısı almaniyalı müxbirin: "Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Niyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəsmi məna daşıyır" -sualına: "Elzas və Lotaringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir", - cavabını verməklə Azərbaycan xalqının necə yüksək mənəvi dəyərlərə sahib olduğunu başa saldı.

Prezident bu müsahibələrdə provakasiya xarakterli suallara da siyasi sayıqlıqla cavab verirdi. Dövlət başçısının müharibə dövründə verdiyi müsahibələrində diqqətçəkən önəmli məqamlardan biri də regionun gələcəyi, Azərbaycan-Ermənistan münasibətlərinin perspektivi, azərbaycanlı və erməni xalqlarının gələcək birgəyaşayışı, barışığı, Qarabağ ərazisində yaşayan ermənilərin taleyi ilə bağlı verilən sualları cavablandırmaqla Azərbaycan dövlətinin sivil dəyərlərə söykəndiyini, xalqımızın isə yüksək mənəvi keyfiyyətlərə malik tolerant millət olduğunu nümayiş etdirməsidir.

Bəli, bu gün informasiya müharibəsi gedir. Onun isə öz qanunları var. İndiki şəraitdə operativlik, dürüstlük hər şeydən öndə durur. Yanlış və gecikmiş informasiya ilə bu mübarizədə irəli getmək mümkün deyil. Azərbaycan informasiya savaşında daha çevik, doğru informasiyalarla önə çıxmalı, dünyaya tutarlı, əsaslı məlumat təqdim etməlidir. Biz ermənilərin dezinformasiya yaymasını oturub gözləməməliyik ki, sonra da onu təkzib edək. Ermənilərin paylaşdıqlarını təkzib edərək daha çətin situasiya ilə rastlaşarıq. Bu günün informasiya müharibəsində daha çox orijinal paylaşımlara üstünlük verilir.

Bir aydan artıq davam edən ekofəalların etiraz aksiyasında da yalnız tutarlı paylaşımlarla onlara dəstək olmaq mümkündür. Ümumiyyətlə, informasiya savaşı peşəkarların savaşıdır və bu yolda dövlət başçısının "döyüş taktikası" hər kəsə nümunə olmalıdır. Axı, söz qılıncdan da kəsərli silahdır...

Zümrüd QURBANQIZI,

"Respublika".