Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistan nümayəndə heyətinin, eləcə də onları dəstəkləyən bəzi avropalı deputatların cəhdləri iflasa uğradı. Hər kəs anlayır ki, nəzarət-buraxılış məntəqəsi bütün ölkələrdə olduğu kimi, suveren dövlət olan Azərbaycanın da hüququdur. Erməni deputatların söylədikləri isə absurddur.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib. Bildirilib ki, erməni deputatların bu məsələni sessiyada müzakirələrə çıxarmaq cəhdləri baş tutmadı. Avropalılar yaxşı başa düşürlər ki, sərhədində nəzarət-buraxılış məntəqəsi yaratmaq hər bir ölkənin hüquqdur və buna heç kim mane ola bilməz. Erməni deputatlar bu məsələ ilə bağlı müxtəlif fikirlər söylədilər. Bu fikirlər onların əlacsızlıqlarını göstərirdi. Onların özləri də yaxşı başa düşürlər ki, söylədikləri cəfəngiyyatdır.
Azərbaycanın suveren ərazisinin sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin suveren və legitim hüququdur. Azərbaycanın apardığı siyasət beynəlxalq hüquqa əsaslanır. Avropa qanunun aliliyinə riayət olunmasından danışır. Azərbaycan məhz qanunun aliliyinə riayət edən ölkə kimi bu gün digər dövlətlərə nümunədir.
"Bu gün qanunsuzluq, ikili standartlar içərisində boğulan beynəlxalq təşkilatlarda, ümumiyyətlə, beynəlxalq arenada xaricdəki erməni lobbisi, onları dəstəkləyən qüvvələr, eləcə də Ermənistandakı revanşistlərin təzyiqlərini neytrallaşdırmaq üçün güclü dövlət olmalıyıq. Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində ölkəmiz güclü dövlətə çevrilib, güclü mövqeyə malikdir. Beynəlxalq səviyyədə ölkəmizin mövqeyini tanıyır və qəbul edirlər. Hətta bu gündən sonra təzyiqlərə cəhd göstərilsə, hər hansı məruzə hazırlansa da, onun heç bir hüquqi təsiri olmayacaq. Son illər Ermənistanı "demokratik ölkə" kimi təqdim etməyə çalışanların bütün cəhdləri boşa çıxıb. Hətta regionda Azərbaycana yönələn təzyiqlər iflasa uğrayıb. Qərb vəziyyəti yaxşı dərk edir. Azərbaycan Qərblə möhkəm, məntiqli və beynəlxalq hüquqa, qarşılıqlı hörmətə əsaslanan münasibətlər saxlayır", - deyə S.Seyidov vurğulayıb. Bildirilib ki, AŞPA-dakı erməni revanşistləri ətrafında toplanan qüvvələrin cəhdlərinə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin çıxışları, apardığı siyasət getdikcə müsbət bəhrə verir.