Martın 17-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
İclasda Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyətinə dair hesabatı dinlənilib.
Parlamentin sədri Sahibə Qafarova qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi və maliyyə dayanıqlılığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini təmin etməyə imkan yaradıb.
S.Qafarova Azərbaycanın nail olduğu inkişaf səviyyəsinin Prezident İlham Əliyev tərəfindən daha gözəl ifadə olunduğunu bildirib: "Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil".
Qeyd edilib ki, ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər, həmişə olduğu kimi, yenə də Hökumət tərəfindən diqqətlə araşdırılıb. Bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat parlamentə təqdim olunub.
Sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyətinə dair hesabatla çıxış edib.
Baş nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, uğurlu xarici və daxili siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artıb, milli iqtisadiyyatımızın inkişafı davam etdirilib, müdafiə qabiliyyəti gücləndirilib, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Hesabat ilində hökumət tərəfindən iqtisadi fəallığın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, müdafiə və ordu quruculuğu, təhsil və səhiyyə sisteminin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində mühüm tədbirlər görülüb.
Nazirlər Kabinetində il ərzində 462 qərar qəbul edilib, 820 sərəncam imzalanıb. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğun olaraq Hökumət tərəfindən hazırlanan "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilib. Hökumətin vəzifəsi strategiyanın yeni inkişaf mərhələsindəki hədəflərinə çatmaq, ölkəmizin qüdrətli dövlətə çevrilməsini təmin etməkdir. Diqqətə çatdırılıb ki, BMT-nin 2022-ci ildə təqdim etdiyi "Dayanıqlı İnkişaf üzrə Hesabat"ında Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına dair indeks üzrə Azərbaycan regionda ən yaxşı nəticə göstərərək, 163 ölkə arasında 50-ci yerdə qərarlaşıb. 2022-ci ildə qlobal geosiyasi gərginlik və Rusiya-Ukrayna münaqişəsi şəraitində dünya iqtisadiyyatında qeyri-müəyyənliklər və resessiya risklərinə baxmayaraq, Azərbaycanda iqtisadi artım davam edib.
Məlumat verilib ki, 2022-ci ildə ölkədə 133,8 milyard manatlıq və ya 2021-ci illə müqayisədə 4,6 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Qeyri-neft sektoru üzrə ÜDM-in artımı 9,1 faiz, qeyri-neft sənayesində 7,1 faiz, kənd təsərrüfatı istehsalında 3,4 faiz artım olub. Əhalinin hər nəfərinə düşən ÜDM isə 4,1 faiz artaraq 13,3 min manat təşkil edib. Ötən il xarici ticarət dövriyyəsi təxminən 56,2 milyard ABŞ dollarına çatıb. 2021-ci illə müqayisədə xarici ticarət dövriyyəsi 57,7 faiz artıb. Strateji valyuta ehtiyatları 5,3 milyard ABŞ dolları artaraq 58,5 milyard ABŞ dolları təşkil edib və xarici birbaşa dövlət borcunu 8 dəfədən çox üstələyir. Hazırda ehtiyatlarımız 62,5 milyard ABŞ dollarıdır, artım isə 2 ayda 4 milyard ABŞ dolları təşkil edib. 2022-ci ilin sonuna xarici birbaşa dövlət borcunun məbləği 9,5 faiz azalaraq 6,7 milyard ABŞ dolları olub və ÜDM-in 8,5 faizini təşkil edir. Hesabat ili ərzində vergi və gömrük daxilolmaları üzrə yığımlar proqnozdan 4,8 milyard manatdan çox olub və bu da 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılmasına (dürüstləşməyə), sosial və investisiya yönümlü xərclərin artımına imkan verib. Bütövlükdə, 2022-ci ildə dövlət büdcəsinin gəlirləri təxminən 31 milyard manat, xərcləri isə 32 milyard manat icra