Dünya tarixinə adını yazdıran, illər sonra tarixçilərin, araşdırmaçıların və adi insanların belə maraq dairəsini cəlb edən şəxsiyyətlərin həyat və fəaliyyəti tədricən şəxsi ölçülərdən çıxaraq dünyəvi xarakter alır. Çünki məhz bu insanlar dünyada baş verən hadisə və proseslərə təsir etmək, onu istiqamətləndirmək gücünə malik olurlar. Belə fenomenal şəxsiyyətlərin sırasına zəmanəmizin böyük azərbaycanlısı, XX əsrin nəhəng simalarından biri Heydər Əlirza oğlu Əliyevi də aid etmək olar. Bu baxımdan, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı üçün bənzərsiz və təkrarolunmaz töhfədir.
Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol 1969-cu ilə - Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı dövrə təsadüf edir. Qarşıya çıxan çətinliklərə baxmayaraq, O, öz parlaq siyasi zəkası və istedadı sayəsində müstəqil və güclü Azərbaycanın təməlini atmış, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir.
Heydər Əliyevin Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il avqust plenumundakı məruzəsi təkcə Azərbaycanda yox, bütövlükdə sovet cəmiyyətində yaranmış neqativ halların və çatışmazlıqların təhlilinə, habelə onların aradan qaldırılmasına həsr olunmuşdu. Təsadüfi deyildi ki, həmin illərdə liderin belə cəsarətli çıxışı nəinki düşünən beyinləri, habelə bütün cəmiyyəti silkələyərək qəflət yuxusundan ayıltmış, onu yeni quruculuq işlərinə ruhlandırmışdı.
Bu gün tam qətiyyətlə deyə bilərik ki, Azərbaycanda sürətli inkişaf strategiyasının seçilməsi 1969-cu ildə əsası qoyulmuş idarəetmə fəlsəfəsinin aparıcı ideya və qayəsini təşkil edir. Qısa vaxtda cəmiyyətin bütün sahələrinin sürətli yüksəlişi, istehsalın, elmin, mədəniyyətin tərəqqisi gələcəkdə müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət edən əzəmətli planın tərkib hissələri idi.
Bu gün Azərbaycanın müasir intibah dövrü kimi dəyərləndirilən ötən əsrin 70-80-ci illərinin böyük inkişaf epoxası azadlıq, müstəqillik, suveren Azərbaycan dövləti ideyalarının canlanmasına əlverişli zəmin yaratmışdır. Həmin illərdə Azərbaycanda milli özünüdərk prosesi xüsusilə qüvvətlənmişdi və bu, Heydər Əliyev tərəfindən çox böyük həssaslıq və uzaqgörənliklə idarə olunurdu.
Respublikanın rəhbəri kimi Heydər Əliyevin gələcəyə yönəlmiş inkişaf strategiyasının əsasını iqtisadiyyatın tezliklə dirçəldilməsi, Azərbaycanın təbii ehtiyatlarından, iqtisadi, mədəni, elm və təhsil potensialından xalqın bəhrələnməsi üçün əlverişli şəraitin yaradılması təşkil edirdi. Bu baxımdan, Azərbaycanın həmin illərdə əldə etdiyi nailiyyətlər XX əsrin sonunda müstəqil dövlət quruculuğunda mühüm rol oynadı.
Xalqımız müstəqillik mübarizəsinə qalxdığı günlərdə O, haqq səsini ucaltmış, Azərbaycana qarşı törədilən haqsızlıqlara qarşı qətiyyətlə mübarizə aparmışdı. Ulu öndər 1990-cı ildə Moskvadan vətənə qayıtdıqdan sonra siyasi burulğanlarda məhv olma təhlükəsi ilə üzləşən Azərbaycanın taleyində dönüş yaradan önəmli qərarlara imza atdı.
1993-cü ilin may-iyun aylarında dövlət böhranının, hakimiyyətsizliyin, xaosun kulminasiya nöqtəsinə çatması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda xalq təkidlə Heydər Əliyevin hakimiyyətə qayıtması məqsədilə ayağa qalxdı və bu, ümummilli hərəkata çevrildi. 15 iyun 1993-cü il tariximizə Milli Qurtuluş Günü kimi yazıldı. Həmin gün müdrik siyasətçinin, təcrübəli və iradəli dövlət xadiminin hakimiyyətə tarixi qayıdışı özünün daha şərəfli və əzəmətli mərhələsinə daxil oldu.
Bu qayıdışdan sonra ölkənin müxtəlif sahələrində əsaslı dönüş yarandı və müstəqil dövlət quruculuğu prosesi başlandı. Əmin-amanlığın, qanunçuluğun bərpa olunması, müstəqilliyin qorunub saxlanılması istiqamətində atılan uğurlu addımlarla Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə birdəfəlik son qoyuldu, ölkədə möhkəm, davamlı sabitlik təmin edildi.
Vaxtilə dünya siyasətindən təcrid olunmuş, informasiya blokadasında sıxılan Azərbaycana dahi Heydər Əliyevin fəal diplomatiyası sayəsində dünyanın bütün demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının münasibəti dəyişdi. Ölkəmiz qlobal beynəlxalq siyasətə qoşuldu, dünya birliyinə inteqrasiya etdi