İranın “Sarirnews” informasiya agentliyi Azərbaycanın Zəfər Günü münasibətilə ölkəmizin Təbrizdəki Baş konsulluğunun təşkil etdiyi tədbir haqqında geniş məqalə dərc edib.
"Respublika" xəbər verir ki, Baş konsulluqdan bildiriblər ki, məqalədə qeyd olunub: “İranın Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavininin 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini ifadə edərək söyləyib: “İslam İnqilabının Ali Rəhbəri hər zaman Qarabağın işğal edilmiş ərazilərinin boşaldılması və Azərbaycan Respublikasına məxsus olan bur torpaqların əsl sahibinə təhvil verilməsinin vacibliyini vurğulayıb”.
Agentliyin məqaləsində diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əliyənnağı Hüseynov tədbirdəki çıxışında Birinci və İkinci Qarabağ müharibələrində şəhid olanların xatirəsini anaraq deyib: “Azərbaycan xalqı hər zaman öz müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəni davam etdirib. Bu mübarizə nəticəsində əzəli Azərbaycan torpağı olan Qarabağ düşməndən azad edilib. Qırx dörd günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfər Azərbaycan Respublikası tarixinin ən qiymətli səhifələrindən biridir. Prezident İlham Əliyevin komandanlığı ilə qəhrəman Ordumuz öz cəsarəti ilə torpaqlarımızın azad edilməsi əzmini bütün dünyaya nümayiş etdirib”.
Məqalədə vurğulanıb ki, tədbir çərçivəsində Azərbaycanın Zəfər Gününə həsr olunmuş fotosərgi iştirakçıların böyük marağına səbəb olub.