Gündəm

"Yenilənmə prosesi Azərbaycanı Xəzərin ən güclü donanmalarından birinə çevirə bilər"

Müstəqillik bərpa olunduğu dövrdən bu yana Azərbaycanın Xəzər dənizində rolu əhəmiyyətli dərəcədə artıb.Buna misal olaraq burada tikilən neft-qaz yataqları, gəmi limanları və hərbi donanmanı xüsusi vurğulamaq olar. Həmçinin, 12 avqust 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələr ilə “Xəzər dənizinin hüquqi statusu” haqqında razılaşdırılan konvensiya 5 ölkənin Xəzərdə iqtisadi əlaqələrinin genişlənməsinə böyük töhfə verir.

Mövzu ilə bağlı ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov “Respublika”ya öz fikirlərini bildirib:

“Azərbaycan müstəqillik qazanandan sonra, SSRİ-dən qalan Xəzərin Azərbaycan hissəsindəki hərbi gəmilər bizim balansımıza keçdi. Həmin gəmilər zamanın ən müasirləri sayılırdı. Daha sonra o gəmilər təmir edildi və modernləşdirildi. Bundan əlavə Hərbi Dəniz Qüvvələri kiçik, ancaq sürətli və mobil katerlərlə təmin edildi. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı qüvvələri, dəniz pişikləri yaradıldı. 44 günlük müharibə zamanı Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları çox fərqləndilər və ciddi uğurlar əldə etdilər.”

Bundan əlavə ekspert Xəzərdə Azərbaycanla yanaşı digər Xəzəryanı dövlətlərin donanması haqqında da danışıb:

"Xəzəryanı ölkələr son illər hərbi donanmasını yeniləmək yolunda işlər görürlər. Türkmənistan və Qazaxıstan donanmasına yeni gəmilər əlavə olunub. Hesab edirəm ki, Azərbaycan da bu yöndə yaxın zamanda addımlar atacaq. Çünki qonşu ölkələr əgər bu cür yeniləmə və modernləşdirməyə gedirsə, Azərbaycan da bu yolu tutmağa məcburdur. Yeni döyüş gəmilərinin alınması və gəmi parkının yenilənməsi yönündə danışıqların getdiyi məlumdur. Azərbaycan digər ölkələrdən geri qalmır, ancaq yenilənmə prosesindən sonra Xəzərin ən güclü donanmalarından birinə sahib ola bilərik”.

Tacir SADIQOV,

"Respublika".