Ölkə başçısının ADA Universitetində keçirilən forumda önəmli açıqlamaları yeni reallıqlar fonunda mühüm əhəmiyyət kəsb edir
Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurla evsahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzunun təzahürüdür. Son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada nüfuzunun artması onun beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq əlaqələrinin qurulmasını təmin edib. 30 ölkənin nüfuzlu, tanınmış beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın iştirak etdiyi "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektləri və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqi məsələləri müzakirə edilib. Forumda regional və qlobal məsələlərlə bağlı danışılıb, açıq müzakirələr aparılıb. Prezident İlham Əliyev bir çox rəsmilərin suallarını cavablandırıb.
"Müsahibələrin birində demişdim ki, əraziləri azad etmək mənim siyasi həyatımın əsas məqsədini təşkil edir və fəxr edirəm ki, bu məqsədlərə nail olunub. Necə xatırlanacağım bir çox amillərdən asılı olacaq. Düzünü desəm, bu barədə düşünməyə belə vaxtım yoxdur. Bu barədə düşünsəm də, buna təsir etmək mənim iradəmdən asılı deyil. Sülhlə bağlı onu deyə bilərəm ki, düşünürəm, biz sülh gətirmişik. Biz sülhü müharibə ilə gətirdik". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev müzakirələrdə Links Avropa Fondunun direktoru Denis Sammutun "Cənab Prezident, tarix sizi 2020-ci il Qarabağ müharibəsində qalib gəlmiş Lider kimi xatırlayacaq. Həmin Qələbə bir çox cəhətdən Sizin prezidentliyinizin dəst-xəttini müəyyənləşdirdi. Bununla belə, görəsən, Siz həm də ölkənizə və Cənubi Qafqaz regionuna sülh gətirən Lider kimi xatırlanmaq istərdinizmi?", - ölkə başçısına ünvanladığı suala cavabında bildirib.
Qeyd edib ki, bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Hərbi yolla sülhə necə nail olmaq olar? Uzun illər danışıqlar və işğal zamanı mən Minsk qrupunun həmsədrlərindən eşidirdim, onlardan üçü bir ağızdan qeyd edirdi ki, münaqişənin hərbi yolla həlli yoxdur.
Belə məlum oldu ki, onların hər üçü səhv edirdi. Dövlətçilik tarixinə, geniş beynəlxalq təcrübəyə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, onlar yanılırdılar. Düşünürəm ki, ya sadəcə, yanlış qiymətləndirdiklərinə görə yanılırdılar, ya da bu, Azərbaycana bir növ mesaj idi ki, siz sülh ssenarisindən başqa ssenariyə əl atsanız, uğur qazana bilməyəcəksiniz. Biz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu.
Qürur və iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu mühüm nailiyyət ölkə başçısının uzaqgörən liderliyi sayəsində mümkün olub. Prezident İlham Əliyevin səyi ilə bütün Azərbaycan cəmiyyəti vahid amal naminə səfərbər edildi. Bu qətiyyətli Qələbə Qarabağın 30 illik işğalına son qoydu. Qarşıda mühüm vəzifə dayanır. İnfrastruktur layihələri ilə yanaşı, əsas vəzifə məcburi köçkünlərin rahat qayıdışı və məskunlaşmasıdır. Bir milyona yaxın azərbaycanlı işğalın qurbanı olub, onların evləri talan edilib və dağıdılıb. Ölkədə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. 2026-cı ilin sonunadək 140 mindən çox vətəndaşımızın Qarabağa və Şərqi Zəngəzura qaytarılması planlaşdırılır. Azərbaycan heç bir ölkədən yardım almadan öz hesabına düşmənin xarabalığa çevirdiyi işğaldan azad olunmuş əraziləri quruculuq ünvanına çevirib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması hədəfi dayanırdı. Zəfərimizin memarı, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək xalqın inamını və etimadını doğrultdu. Ümummilli liderin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları axıra çatdırdı, xalqın arzularını gerçəkləşdirərək torpaqlarımızı tarixi sahibinə qovuşdurdu.
Ölkəmizin başçısı İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycanın regional əməkdaşlığı haqqında, habelə bəzi qeyri-regional aktorların destruktiv siyasətinə münasibət bildirərək, həm də Azərbaycanın gələcəyinə dair strateji baxışlarını açıqladı, bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən, onlar tərəfindən ədalətin və beynəlxalq hüququn "unudulmasından" danışdı və mesajlarını çatdırdı. Prezident qətiyyətlə bəyan etdi ki, ölkəmizin haqq işinə kölgə salmaq istəyənlərin arzusu elə xəyal olaraq qalacaq. Azərbaycan dövlət olaraq heç vaxt ədalətsizliklə barışmayacaq, necə ki, həmin dairələrin əbədiləşdirmək istədiyi Qarabağın işğalı ilə barışmadı. Amma həmin dairələr beynəlxalq hüququ tam təmin edərək bölgənin sülh və inkişaf təminatçısı olan Azərbaycanın yaratdığı reallıqları qəbul etməyə borcludurlar.
Azərbaycan öz sülh gündəminə sadiqdir, ölkəmiz beynəlxalq norma və prinsiplər nəzərə alınmaqla milli maraqlara əsaslanan siyasətini davam etdirir. Sülh sazişi üzrə danışıqlara başlanılmasının təşəbbüskarı Azərbaycandır. Baza prinsiplərini də məhz Azərbaycan elan edib və ilk sülh layihəsi də Azərbaycan tərəfindən təqdim olunub. Azərbaycan regiona aidiyyəti olmayan dövlətlərin, qurumların regional məsələlərdə, o cümlədən sülh, delimitasiya prosesində iştirakına qarşıdır. O da məlumdur ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh və delimitasiya ilə danışıqların həssas mərhələsidir, ikitərəfli, birbaşa görüşlərə daha çox ümid bəslənilir.
Mustafa KAMAL,
"Respublika".