Quruculuqda mükəmməl meqalayihələr
İqtisadiyyat

Quruculuqda mükəmməl meqalayihələr

2020-ci il oktyabrın 25-də işğaldan azad olunan Qubadlı yeni tərəqqi dövrünə qədəm qoyur

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan ordusu Vətən müharibəsinin 29-cu günündə Qubadlı şəhərini işğaldan azad etdi və rayon yeni tərəqqi dövrünə qədəm qoydu. Təhlükəsizlik tədbirləri ilə yanaşı, genişmiqyaslı quruculuq işlərinə başlanıldı.

 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il oktyabrın 25-də rayona səfər edərək yerli ictimaiyyət nümayəndələri ilə görüşdülər. Dövlət başçısı nəzərdə tutulan fundamental layihələr barədə danışaraq növbəti tarixi qərarını açıqladı: "...Qubadlını yenidən quracağıq".

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq rayonda həyata keçirilən çoxsaylı layihələrlə yanaşı, yol infrastrukturu da yenidən qurulur. Əvvəllər Qubadlı-Laçın yolu ikizolaqlı, bəzi yerlərdə isə birzolaqlı olduğu halda indi dördzolaqlı geniş yollar çəkilir. Bu yollar həm də ölkədə sürətli quruculuq işlərinin həyata keçirildiyini təsdiqləyir. İşğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi davam etdirilir. Uzunluğu 56.4 kilometr təşkil etməklə Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 kilometr olan yeni avtomobil yolu salınır. Yolların ümumi uzunluğu isə 70.4 kilometrdir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla, birinci və ikinci texniki dərəcəyə uyğun inşa olunur. Hazırda yolun genişləndirilərək profilə salınması və 21.5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir.

Tikinti işləri çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 20.4-56.4 kilometrlik hissəsində torpaq yatağı işləri davam etdirilir. Yol yatağı hazır olan 20.4 kilometrlik hissədə tikinti işləri yekunlaşdırılıb və asfalt-beton örtüyünün döşənməsi işləri görülüb.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin Qubadlı şəhərinə gedən avtomobil yolunda layihə üzrə nəzərdə tutulan körpülərin inşası aparılır. Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub. Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçən bu avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.

Dövlət başçısının tapşırığı ilə Qubadlıda bərpa və yenidənqurma işləri uğurla həyata keçirilir.

Rayonda enerji təsərrüfatının qurulması işləri başa çatdırılıb. Ötən il oktyabrın 25-də sistem əhəmiyyətli 110/35/10 kV-luq "Qubadlı" yarımstansiyası istifadəyə verilib. Yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının respublikanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün "Şükürbəyli" yarımstansiyasından "Cəbrayıl" yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli "Qubadlı-1", "Qubadlı-2" elektrik verilişi xətti çəkilib.

Prezident İlham Əliyev bu il mayın 4-də rayonun Zilanlı kəndinin təməlinin qoyulması mərasimində iştirak edib. Rayon mərkəzindən 20 kilometr məsafədə, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşən kənd Zəngilan rayonunun Ağalı kəndi ilə qonşudur. Kəndin layihələndirilən ümumi ərazisi 180 hektardır. Birinci mərhələdə burada 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Gələcəkdə kənddə 2520 nəfərin (630 ailə) yaşaması planlaşdırılıb. Zilanlı kənd inzibati ərazi dairəsində yerləşən Kürd Mahmudlu və Seləli kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib. Kənddə məktəb binası, uşaq bağçası, ailə sağlamlıq mərkəzi, inzibati bina, klub icma və idman mərkəzləri yaradılacaq. Ümumiyyətlə, yaşayış məntəqəsində əhalinin məşğulluğu təmin ediləcək.

Azərbaycan tamamilə dağıdılmış yüzlərlə yaşayış məntəqəsinin sıfırdan bərpa prosesinin necə aparıldığını və 9-u şəhər olmaqla kənd və qəsəbələrin tikildiyini bütün dünyaya əyani şəkildə nümayiş etdirir. Bu isə dünyada presedenti olmayan meqalayihədir. Hazırda şəhər və kəndlər, yaşayış massivləri, infrastruktur müasir tələblər əsasında qurulur.

Qubadlı rayonunda torpaq, iqlim, su resursları, eləcə də tarixən mövcud olan bitkiçilik ənənəsi regionda meyvə və tərəvəz istehsalının perspektivindən xəbər verir. Ümumilikdə, 2025-ci ilə qədər Qubadlı rayonunda 17 min hektarlıq əkin və bağ sahələrindən 48-50 min ton bitkiçilik məhsulunun istehsalına imkan var. Bu istiqamətdə nəzərdə tutulan layihələrin uğurla həyata keçirilməsi nəticəsində Qubadlı rayonu aqrar sektorun tərəqqisinə dəyərli töhfəsini verəcək.

Azad edilmiş ərazilərdə həyata keçirilən müasir quruculuq işlərinə "ağıllı şəhər", "ağıllı kənd" layihələri, "yaşıl enerji" və "sıfır tullantı" konsepsiyaları da daxildir.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".