Bu əsasda Azərbaycan öz suveren ərazilərində hüquqlarını bərpa etdi
Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni bir daha məğlubiyyətə uğratdı. Bu dəfə 23 saat 43 dəqiqəyə məsələ həll olundu. Yəni 24 saat belə tamam olmadan erməni silahlı birləşmələri ağ bayraq qaldıraraq, təslim oldular, Azərbaycanın şərtlərini yerinə yetirməyi qəbul etdilər. Bu, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və prinsipial mövqeyinin təzahürüdür. Lokal xarakterli antiterror tədbirlərinin zəfərlə başa çatdırılması və hədəfə nail olunması buna növbəti ən gözəl nümunədir. Azərbaycan bir daha göstərdi ki, öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına əsla icazə verməyəcək. Çünki onların qarşısında Cənubi Qafqazın ən güclü ordusu dayanır.
Qarabağda qondarma rejimin "prezident"i olmuş Arayik Harutyunyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılması isə bu möhtəşəm Qələbənin önəmli uğurudur.
Hələ 2020-ci ilin oktyabr ayında Azərbaycanın Baş Prokurorluğu tərəfindən haqqında cinayət işi açılan Arayik Harutyunyan Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş terror əməllərinə görə ittiham olunur. Həmin ilin oktyabrın 4-də Harutyunyanın özü də rəsmi sosial şəbəkə hesablarında Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrin ağır artilleriyadan atəşə tutulması barədə göstəriş verdiyini etiraf etmişdi.
Bərdə rayon sakini Fəxrəddin Hüseynov: - Axır ki, ermənilərin uzun illər ərzində mövcud olan qanunsuz hərbi birləşmələri Ordumuz tərəfindən tərk-silah olundu. Bu, çox möhtəşəm Zəfərdir.
Lokal antiterror tədbirləri nəticəsində Qarabağa hüquqi nəzarət tam Azərbaycana keçdi. Artıq FHN, DİN və digər dövlət qurumları Xankəndi və ətraf ərazilərdə zəruri tədbirlər həyata keçirir. Düzünü deyim ki, Xankəndidə Azərbaycan bayrağının dalğalanmaması hər zaman ürəyimdə sağalmaz bir yara olub. Bilirəm ki, Xankəndi də 30 ildən artıqdır ki, Azərbaycan bayrağının həsrətini çəkib. Bu gün biz bu tarixi Qələbəni, bu böyük sevinci yaşadıq. Bunun üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə və qəhrəman Ordumuza minnətdaram.
Tərtər rayon sakinlərinin bu haqda olan söhbətləri diqqət çəkir.
Rayon sakini Zahid İbrahimov: - 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədən 3 ilə yaxın bir müddət keçməsinə, dövlətimizin dəfələrlə Ermənistana sülh üçün müraciət etməsinə baxmayaraq, Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırıb, suveren ərazilərimizdə terror fəaliyyətlərini davam etdirib. Halbuki, üçtərəfli Bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərk-silah edilməli idilər. Azərbaycan Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgəyaşayışının təmin edilməsi prosesinin davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Son bir neçə ayda Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin fəallaşması müşahidə olunurdu. Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdu.
Bütün bu təxribatların qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir gün ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Şərtlərimiz qəbul edildi və dəfələrlə bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə məcbur oldular.
Bu, çox böyük, tarixi Qələbədir.
Rayon sakini gənc Elman Bəylərli: - Üç il əvvəl 44 günlük Vətən müharibəsinin yekunu təkcə ərazi bütövlüyümüzü və suveren hüquqlarımızı özümüzə qaytarmadı. Həm də milli qürurumuzu, şərəfimizi bizlərə qaytardı.
Bu mənada, 44 günlük müharibənin millətimizə və dövlətimizə qazandırdığı uğurları heç nə ilə müqayisə etmək olmaz. Üç ildən sonra cəmi 24 saata əldə etdiyimiz Qələbə isə Ordumuzun nə qədər güclü olmasını, Ali Baş Komandanın böyük sərkərdəlik qabiliyyətini bir daha sübuta yetirdi. Son sözü yenə də Müzəffər Ali Baş Komandan və Qəhrəman Ordumuz dedi! Lakin çox təəssüf ki, heç bir müharibə itkisiz olmur, bizim də bu döyüşdə itkilərimiz, şəhidlərimiz, yaralılarımız oldu.
Qondarma rejimin təslim olduğunu eşitmək nə qədər sevindirici olsa da, şəhid xəbərlərinin olması bir o qədər üzücüdür. Amma unutmamalıyıq ki, bu itkilərin hesabına Qarabağda qayda-qanunun yaradılmasına və bu bölgədə birdəfəlik sülhün bərqərar olmasına, gələcək nəsillərin müharibəsiz şəraitdə yaşamasına nail olduq.
Allah Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin!
Daha bir məsələni də qeyd etmək istəyirəm ki, 4 oktyabrda Ermənistan tərəfindən Gəncəyə atılmış raket atəşi nəticəsində baş vermiş faciədən 3 il ötdü. Artıq bu faciəni törədən separatçılar öz layiqli cəzalarını çəkmək üçün məsuliyyətə cəlb olundular. Bu kimi faciələrin müəllifləri olan Arkadi Qukasyan, Bako Saakyan və Arayik Harutyunyan hər iki Qarabağ müharibəsində əlləri Azərbaycan xalqının qanına batmış canilərdir.
24 saatlıq antiterror tədbirləri ilə bağlı yayılan rəsmi məlumatların təhlili Ordumuzun ildırımsürətli taktikadan istifadə etdiyini deməyə əsas verir. Bu isə hərbi strategiyanın mükəmməlliyi deməkdir.
"Lokal xarakterli antiterror tədbirlərinə başlandı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir". Bu sözləri Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində deyib. Dövlətimizin başçısı vurğulayıb ki, antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət və peşəkarlıq göstəriblər.
Azərbaycan öz suveren ərazilərində hüquqlarını bərpa etdi. Qeyri-qanuni erməni hərbi birləşmələri tərk-silah olundu. Separatçı rejimin axtarışda olan cinayətkarlarını ədalət kürsüsündə oturtmaqla öz qüdrətini bir daha nümayiş etdirdi.
Vəli VƏLİYEV,
"Respublika".