Rəşadətli Ordumuz düşmənin hər bir təxribat əməlinə layiqli cavabı ilə bunu sübuta yetirir
İkinci Qarabağ müharibəsindən 3 il keçsə də, düşmən ölkə hələ də məğlub olduğunu, kapitulyasiya aktı imzaladığını qəbul edə bilmir. Ədalətsiz müharibə aparmaqla, özgə torpaqlarına göz dikməklə xalqını çətin vəziyyətə salan Ermənistan uğursuz diplomatiyasını yürütməyə davam edir.
Beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ərazi bütövlüyünü təmin edən Azərbaycanın sülh təklifinin reallaşmasına müxtəlif bəhanələrlə mane olaraq məkrli niyyətlərindən əl çəkmir. Separatçılar yenidən aranı qızışdırmaq, vəziyyəti gərginləşdirmək, müharibə qığılcımlarını alovlandırmaq üçün davamlı təxribatlar törədirlər.
44 günlük müharibədə on mindən çox fərarisi olan Ermənistan rəşadətli Azərbaycan Ordusunun qarşısında diz çökən "qəhrəmanları" ilə yenidən müharibəyə hazırlaşır. Əsgərini döyüşə məcbur etmək, xalqı aldatmaq, beynəlxalq aləmə yalan informasiyalar ötürməklə xəyallarını gerçəkləşdirmək istəyən işğalçı ölkə hələ də sülhdən başqa yolun qalmadığını anlamaq istəmir.
Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra hərbi gücünü daha da artırmaq məqsədilə qalib Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, son nəsil silahların, müasir texnologiyaların alınması, bu istiqamətdə yeni kontraktların bağlanması, struktur islahatların aparılması, silahlı qüvvələrimizin sıralarının genişləndirilməsi istiqamətində məqsədyönlü iş aparır. Bu gün həm iqtisadi, həm də hərbi cəhətdən güclənən dövlətimiz ərazi bütövlüyünə, suverenliyinə xələl gətirəcək istənilən müdaxilənin qarşısını almaq iqtidarındadır. İdeologiyasını, siyasətini əsassız iddialar üzərində quran, əsrlər boyu xalqımıza qarşı düşmənçilik mövqeyində olan və gənc nəsli bu ruhda tərbiyələndirən Ermənistan isə futbol topu kimi hansı qapıya vurulacağını gözləyir. Avropa ilə Rusiya arasında var-gəl edən, müstəqil siyasəti olmayan işğalçı ölkə kimdən mədət umacağını da müəyyənləşdirə bilmir. Ölkə başçımız xaricdən verilən siyasi sifarişlərdən asılı olan Ermənistan hakimiyətinin düşmənçilik siyasətinə son qoymaq və sülh müqaviləsini imzalamaqla hər şeydən əvvəl ölkəsini düşdüyü girdabdan xilas edəcəyini dönə-dönə vurğulayıb. Cənubi Qafqazda müharibə riskini sıfra endirmək, regionda daimi sülhü, təhlükəsizliyi bərqərar etmək üçün ciddi səy göstərən Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünü təmin edərək məqsədinə nail olduğunu və üçüncü müharibə istəmədiyini dəfələrlə bəyan edib. "Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın... Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək", - deyən dövlət başçımız Ermənistanın Azərbaycanın qarşısında dayanmağa gücünün olmadığını qətiyyətlə bildirir və rəşadətli Azərbaycan Ordusu düşmənin hər təxribat əməlinə adekvat cavabla bunu sübuta yetirir.
İkinci Qarabağ müharibəsindən sonra dövlətimiz tərəfindən qonşu ölkə ilə münasibətlərin normallaşması, regionda sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində ciddi addımlar atılsa da, qarşı tərəf bunun əksinə olaraq vəziyyəti gərgin saxlamaq məqsədilə iki ölkənin şərti sərhədində təxribatlara ara vermir. 3 ildir ki, beynəlxalq vasitəçilərin təşəbbüsü ilə keçirilən görüşlərdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, regionda sülhün təmin olunması istiqamətində müəyyən nəticələrin əldə edilməsinə baxmayaraq, qarşı tərəfin qeyri-konstruktiv mövqeyi sayəsində Azərbaycanın sülh təklifi hələ də reallaşmayıb. 5-ci Brüssel görüşündə 1991-ci il Almatı Bəyannaməsini əsas götürərək Azərbaycan və Ermənistan liderləri Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın 86,6 min kvadratkilometr əraziyə sahib olduqlarını rəsmən tanıdılar. Bununla da, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu bir daha öz təsdiqini tapdı. İyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüş zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərk-silah edilməsi ilə bağlı fikir mübadiləsi aparılmış, liderlər Almatı Bəyannaməsinə, ərazi bütövlüyünə və suverenliyə sadiqliklərini vurğulamışlar. Həmçinin, üçtərəfli görüşdəki müzakirələrin nəticəsi olaraq Azərbaycanın Qarabağ bölgəsinə yüklərin müxtəlif marşrutlarla çatdırılması, Ağdam-Xankəndi yolunun açılmasına paralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi məsələləri razılaşdırılmışdır. Bütün bunlara baxmayaraq, sözü ilə əməli düz gəlməyən Ermənistan tərəfi görüşün gündəliyinin icrasına manelər törətməklə beynəlxalq səylərə belə məhəl qoymur, regionda vəziyyəti gərginləşdirməyə davam edir. Lakin bu əməlləri törətməklə Ermənistan bir şeyi unudur ki, müstəqil Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquq normaları, eləcə də BMT Nizamnaməsi çərçivəsində müdafiə etmək hüququna malikdir. Sadəcə, Ermənistandan fərqli olaraq humanist ideyalara sadiq olan Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşmasına, xalqların birgəyaşayışına böyük önəm verir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün göndərilən 40 ton ərzaq yükünün 5 gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolunda qalması, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sının tətbiq edilməsi və nəticədə Silahlı Qüvvələrimizin üç hərbi qulluqçusunun yaralanması Ermənistanın sülh tərəfdarı olmadığını bir daha təsdiq edir. Alçaq niyyətindən əl çəkməyən ermənilər vəziyyəti yenidən gərginləşdirməyə, ölkəmizin maraqlarına xələl gətirən addımlar atmağa çalışsa da, bir reallıq var: Azərbaycan işğaldan azad etdiyi bütün ərazilərində vəziyyətə nəzarət edir. Mənfur düşmənin səyləri heç bir nəticə verməyəcək, nə Ermənistan, nə onun havadarları Azərbaycanın yaratdığı reallığı dəyişdirə bilməz.
Mehparə ƏLİYEVA,
"Respublika".