Qərbin qarayaxma cəhdləri bu dəfə də iflasa uğradı
Siyasət

Qərbin qarayaxma cəhdləri bu dəfə də iflasa uğradı

Oktyabrın 11-də Fransanın təşəbbüsü ilə bir qrup dövlət BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat veriblər. Orada bir sıra əsassız müddəalarla yanaşı, Azərbaycan tərəfinin tələblərinə yenə lal-kar-kor siyasəti tətbiq olunub. Belə ki, Fransanın beynəlxalq hüququn prinsiplərinə açıq-aşkar məhəl qoymaması, Azərbaycan ərazilərinin işğalı zamanı ölkənin suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsinə selektiv yanaşması aydın məsələdir. Bununla yanaşı, 30 il ərzində 1 milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqının, o cümlədən Ermənistandan zorakılıqla qovulmuş 300 min azərbaycanlının öz doğma yurdlarına qayıtması haqqında birgə bəyanatda heç bir bənd yoxdur. Bu da göstərir ki, bəyanat, tamamilə Fransa və Ermənistan adından verilib. Minlərlə azərbaycanlının taleyi məlum deyil. Bir çoxunun məzarı və nəşi belə tapılmayıb. Azərbaycan öz imkanları ilə bir çox vətəndaşımızın kütləvi məzarlıqlarını aşkara çıxarıb.

Təəssüf ki, 30 il əvvəl qalmağa yeri, yeməyə bir tikəsi olmayan azərbaycanlılar öz haqq səslərini eşitdirə bilməyib, susdurulublar. Əzəldən olduğu kimi, Azərbaycan öz daxili məsələlərini, problemlərini həll etmək üçün özü çalışıb. Məcburi köçkünlərin problemlərinin həlli, onların rifahı dövlət siyasətinin prioritetlərindən olub. Buna görə də 1998-ci ildən bu yana dövlətimiz "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramı ilə çıxış edir. Məcburi köçkünlərin probleminin həll edilməsi məqsədilə yaradılmış komitə tərəfindən bu günə qədər əvəzsiz işlər görülüb. Bununla yanaşı, xaricdə yaşayan həmvətənlərimiz bu işlərdə fəallıq göstərib. Erməni diasporlarına qarşı tarixi faktlarla cavab verən azərbaycanlı lobbilər bu gün də mübarizələrinə davam edirlər. Onlar "Papadan daha katolik" olan insanlara layiqincə cavab verərək dövlətimizi beynəlxalq arenada tək qoymayıblar. Bu gün hələ də davam edən qarayaxma kampaniyaları Azərbaycan xalqını əksinə daha da gücləndirir və informasiya müharibəsində ruhlandırır. BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası zamanı Azərbaycan Respublikasının nümayəndə heyəti öz bəyanatında Fransanın səsləndirdiyi əsassız ittihamları rədd edərək, onun ölkəmizdə baş verən siyasi proseslərə açıq-aşkar müdaxilə cəhdini pisləyib. Həmçinin Fransanın Azərbaycan tərəfindən beynəlxalq tərəfdaş, vasitəçi və ya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi etibarının sıfra bərabər olduğu diqqətə çatdırılıb.

Bu gün yüzlərlə erməniəsilli vətəndaş Qarabağı tərk edir. Həmin zaman xarici medialar onlardan müsahibə alıb. Onlar bildirib ki, Azərbaycan Respublikası onlara diqqət və qayğı ilə yanaşıb, heç bir maneə törətməyib. Hətta onların tələbi ilə dövlətimiz bölgəyə avtobuslar yönəldib. Bunlar hər biri əyani faktdır. Məhz bunu ötən gün işğaldan azad edilən ərazilərimizə, xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini strukturlara səfər edən BMT missiyası yekun bəyanatında təsdiqləyib.

BMT missiyası açıq formada ifadə edib ki, Azərbaycan tərəfi erməni əsilli vətəndaşlara maneə törətmir, əksinə onların seçdikləri bölgəyə rahat formada transferi üçün əlindən gələni edir. Hər kəs anlamalıdır ki, Azərbaycana neokolonial imperiya ambisiyaları olmayan və ya dünyanın bu hissəsində itirilmiş statusunu dirçəltməyə cəhdlər göstərməyən etibarlı tərəfdaşlarla münasibətlərə və əməkdaşlığa açıqdır. Azərbaycan humanist və tolerant ölkədir. Bizim niyyətimiz mülki şəxslərə, infrastruktura ziyan vurmaq deyil. Burada tək məsələ tarixi torpaqlarımızın tez bir zamanda dirçəlməsi və vətəndaşlarımızın öz doğma yurdlarına qovuşmasıdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".