Bərpa edilən, yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur
Qarabağa və Şərqi Zəngəzura yeni bir həyat qayıdır, tamamilə yeni bir həyat, həm də qürurlu və şərəfli bir həyat. Düşmən üzərində tarixi Qələbənin, şanlı Zəfərin gətirdiyi həyat. Şəhidlərin nakam arzularını yaşadan bir həyat, yurd, torpaq nisgilinə son qoyan, keçmiş məcburi köçkünlərin otuz il xəyallarında yaşatdıqları o həyat qayıdır və bu yerlərin ahəngini, rəngini, ruhunu dəyişir. Köhnə ocaq yerləri sevinir, budaqlarından beşik asılan və düşmən zillətindən qurtulan ağaclar sevinir, yollar, cığırlar, keçidlər, irəmələr sevinir.
Dünyanın hərb tarixinə şərəflə yazılan 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbə sınan qüruru, itirilən torpaqları, inamı, arzuları bizə qaytarıb. Mühüm strateji mövqedə yerləşən, əzəli torpağımız olan Laçın uca yaradanın gözəlliyə qərq etdiyi ecazkar bir məkandır, qədim yurd yerimizdir. Təbiət öz sehr, möcüzə boxçasını bu yerlərdə səxavətlə açır, bahar fəsli, yaz ayları gələndə süsənli, sünbüllü, laləli dağlar, dumandan bəyaz don geyinən gen dərələr, çəməni, çiçəyi ilə göz oxşayan yaylaqlar, yalçın qayalar, göy üzündə süzən qartallar Laçın torpağının göz oxşayan yaraşığıdır. Bu torpaqlar dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri ilə zəngindir. Laçında Zəngəzur dağlarının zirvəsi bəzi yerlərdə dəniz səviyyəsindən 3906 metr yüksəklikdədir və ilin bütün fəsillərində həmişə qarla örtülüdür. İndi bu yerlərdə çox böyük quruculuq işləri aparılır, infrastruktur qurulur, yollar çəkilir, evlər tikilir, bir sözlə şərəfli və təhlükəsiz qayıdış üçün hər cür şərait yaradılır.
Dövlətimizin başçısı İlham Əliyev Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonuna təyin etdiyi xüsusi nümayəndəsini qəbul edərkən bildirib ki, biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq rayonun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir, biz Laçın-Xankəndi yoluna çıxmışdıq. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Vaxtilə "Qarabağ Ermənistandır" deyən həyasız Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi - ən böyük hissə isə artıq siyasi-diplomatik yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir.
İki il yarımdır ki, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərə mütəmadi səfərlər edir, həmin bölgələrdə aparılan bərpa-quruculuq işləri ilə tanış olur, yeni tikililərin əsasını qoyur, açılışlar edir. 2020-ci ildə Laçını döyüşsüz, bir güllə atılmadan, qan tökmədən azad edən Ali Baş Komandan bu gün həmin torpaqlarda, o cümlədən işğaldan azad edilən bütün ərazilərdə həyata keçirilən nəhəng quruculuq işlərinə rəhbərlik edir. Laçın şəhəri yenidən həm çox maraqlı və həm də zəngin memarlıq elementləri ilə qurulur. Şəhərin yeni cizgiləri təbiətin rəngləri ilə həmahəngdir, şəhərsalmanın son nailiyyətləri əsasında qurulan yurd yerimiz öz gözəlliyinə qovuşur.
Hələ keçmiş sovet dönəmində xalqımızın ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində ucqar dağ rayonu olan Laçın inkişaf etdirilib, yeni binalar inşa olunub, əhalinin rahat yaşaması üçün əhəmiyyətli şərait yaradılıb. Qeyd edək ki, işğaldan əvvəl Laçın şəhərində 2020 fərdi ev, 28 ümumi yaşayış binası olub. 1992-ci il may ayının 18-də Ermənistan tərəfindən