ƏHDİMİZ ƏDALƏT, HÜQUQ, DEMOKRATİYADIR
Siyasət

ƏHDİMİZ ƏDALƏT, HÜQUQ, DEMOKRATİYADIR

Əziz həmvətənlər,

Dəyərli seçicilər,

Azərbaycan Respublikasının Prezidentliyinə qeydə alınmış namizəd Qüdrət Müzəffər oğlu Həsənquliyevin "Böyük dəyişikliklər" adlanan seçki platformasının ordu quruculuğu, Qarabağın bərpası, Ermənistanla münasibətlərin tənzimlənməsi, vətəndaş cəmiyyəti quruculuğu, elm, təhsil, mədəniyyət və səhiyyə sahəsi ilə bağlı hissəsini müzakirənizə təqdim edirik:

Ordu quruculuğu sahəsində:

– Silahlı Qüvvələrə Parlament nəzarətinin təşkili, silah-sursatın alışı və satışında Ali Məclisin müvafiq komitəsinin razılığının əsas götürülməsi;

– Peşəkar orduya və ordu quruculuğunda Türkiyə sisteminə keçidin 2 il ərzində həyata keçirilməsi, müdafiə nazirinin mülki şəxs olması;

– 18 yaşına çatmış oğlanların icbari qaydada və 18 yaşına çatmış qızların könüllülük əsasında 6 ay xidmət çəkməsi, oğlanların Silahlı Qüvvələrin hesabına pul ödəmələri qarşılığında bu vəzifələrini yerinə yetirməkdən azad olunması;

– Azərbaycan Silahlı Qüvvələrinin ən müasir hərbi texnika, silah və sursatla təmin olunması istiqamətində işlərin davam etdirilməsi, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi;

– Silahlı Qüvvələrin hərbçilərin əməkhaqlarının onların layiqli həyatını təmin edəcək səviyyəyə çatdırılması;

– Peşəkar hərbçilər üçün hərbi xidmət müddətinin 20 il nəzərdə tutulması, həmin müddətin başa çatması ilə ehtiyata gedən hərbçilərin dövlət hesabına mənzillə təmin olunması;

– Xidmətdə olan hərbçilərin həyatının 170 min manat məbləğində sığorta olunması;

– Şəhid ailələrinə, xidməti vəzifələrini yerinə yetirərkən sağlamlığını itirmiş hərbçilərə və müharibə veteranlarına ödənilən pensiya və müavinətlərin həcminin ilkin mərhələdə ən azı iki dəfə artırılması;

– İstedadlı gənclərin hərbi məktəblərə daxil olmasının stimullaşdırılması.

Qarabağın bərpası, Ermənistanla münasibətlərin tənzimlənməsi istiqamətində görüləcək işlər:

– Ermənistanın ədalətli, beynəlxalq hüquqa əsaslanan sülhə məcbur edilməsi və bu ölkədən təzminat tələb olunması;

– Ermənistan tərəfindən Zəngəzur üzərindən Naxçıvana və Türkiyəyə maneəsiz gediş-gəliş təmin olunmayana qədər Ermənistanla kommunikasiya xətlərinin açılmaması;

– Ermənistanla sülh sazişi imzalanandan sonra Qərbi Azərbaycandan olan soydaşlarımızın Ermənistana öz evlərinə qayıtmasına imkan yaradılacağı halda Qarabağda yaşamış ermənilərin qayıtmasına şərait yaradılması;

– Gələcəkdə milli zəmində qarşıdurmaların baş verməməsi üçün ermənilərin Ermənistanda, azərbaycanlıların Azərbaycanda yaşaması istiqamətində Ermənistan və beynəlxalq tərəfdaşlarla danışıqların aparılması;

– Ermənistanla dövlətlərarası sülh sazişi imzalanandan sonra xalqların barışığı istiqamətində ciddi işlərin görülməsi;

– İşğaldan azad olunmuş ərazilərə girişin məhdudlaşdırılmasının dərhal ləğv olunması;

– Xankəndidən olan 16 min məcburi köçkünün və Qərbi Azərbaycandan olan, ağır şəraitdə yaşayan qaçqınların, onlar Ermənistana, vaxtilə zorla qovulduqları ata-baba yurdlarına qayıdanadək, qısa zaman kəsiyində Xankəndidə və ermənilərin köçüb getdiyi digər yaşayış məntəqələrində yerləşdirilməsi;

– Kənd yerlərində yaşamış məcburi köçkünlərə özlərinə istədikləri formada, təsdiq olunmuş layihə əsasında evlər tikmək, həyətyanı təsərrüfat yaratmaq imkanının yaradılması, vəsaiti olmayanlara dövlət tərəfindən maliyyə yardımının göstərilməsi;

– İşğaldan azad olunmuş ərazilərdə torpaq islahatlarının həyata keçirilməsi, kənd sakinlərinə pay torpaqlarının verilməsi;

– Qarabağa investisiya yatıran sahibkarlara güzəştli kreditlər verilməsi, bu məqsədlə Dövlət Neft Fondunun vəsaitlərinin əhəmiyyətli hissəsinin yerli banklarda yerləşdirilməsi;

– İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın digər bölgələrindən olan insanlara ev almaq və tikmək hüququnun tanınması.

Vətəndaş cəmiyyəti quruculuğu sahəsində:

– Azərbaycan dövlətinin xarici ölkələrdən və beynəlxalq təşkilatlardan asılı vəziyyətə düşməməsi, xarici təzyiqlərə müqavimətinin artırılması, sosial-iqtisadi sahədə islahatların aparılması, iqtisadiyyatda azad bazar və ədalətli rəqabət mühitinin formalaşdırılması üçün ölkədəki siyasi qüvvələr arasında qarşılıqlı inam və etimadın əldə edilməsi;

– İş dalınca xarici ölkələrə getmiş və həmin ölkənin vətəndaşlığını qəbul etmiş soydaşlarımız Azərbaycan Respublikasının vətəndaşlığından imtina etmədiyi halda onların Azərbaycan Respublikasının vətəndaşlığı hüququnun saxlanılması, yaxud yenidən bu hüququ almaq istəyənlərə Azərbaycan Respublikası vətəndaşı pasportunun verilməsi;

– Cənublu soydaşlarımızın ölkəmizə rahat gəlib-getməsi üçün İranla viza rejiminin aradan qaldırılması, sərhəd keçid məntəqələrnin sayının artırılması və keçidin sadələşdirilməsi;

– Siyasi rəqabətin gücləndirilməsi məqsədilə siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsilə bağlı ədalətli bölgü mexanizminin işlənilib hazırlanması və tətbiqi;

– Dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının və müstəqilliklərinin gücləndirilməsi;

– Azərbaycan Dövlət Televiziyasının (AzTV) bazasında 24 saat ingilis və rus dillərində xəbər yayımlayan yeni teleradio şirkətlərinin yaradılması;

– Vətəndaş cəmiyyəti quruculuğu prosesinin inkişaf etdirilməsi məqsədilə qeyri hökumət təşkilatlarının fəaliyyətinə dövlət dəstəyinin gücləndirilməsi.

Elm, təhsil, mədəniyyət və səhiyyə sahəsində:

– Hər bir vətəndaşımıza öz intellektual potensialını və bacarığını reallaşdırmaq üçün münbit və bərabər şərait yaradılması;

– Tam orta təhsilin icbari olması, repititorluğa son qoyulması üçün orta məktəbin buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq ali və orta ixtisas məktəblərinə qəbulun həyata keçirilməsi;

– Ölkədə ali təhsilli şəxslər iqtisadi fəal əhalinin 16.6%-ni təşkil edir ki, bu nəinki Avropada, hətta MDB-də sonuncu göstəricidir. Dünyada bu göstərici 30-40% arasında dəyişir. Yeni universitetlərin yaradılmasının stimullaşdırılması ilə 5 il ərzində vəziyyətin əhəmiyyətli səviyyədə dəyişdirilməsi;

– Ali təhsil müəssisələrinin özəlləşdirilməsi;

– Hər il ölkəmizdə təhsil alacaq Cənubi Azərbaycandan olan 1000 (min) tələbənin təhsil haqqının dövlət tərəfindən ödənilməsi;

– Elmlər Akademiyasının ləğv edilməsi və onun bazasında özəl ali məktəblərin yaradılması;

– Elmi işlərin müdafiəsi zamanı bürokratik əngəllərin aradan qaldırılması;

– Gənc nəslin təhsilə, elmə marağının artırılması üçün gənc alimlərin sosial müdafiəsinin gücləndirilməsi;

– Yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə hər il ən azı 500 tələbənin dövlət hesabına dünyanın aparıcı universitetlərinə göndərilməsi;

– Dünyanın ilk sıralamada yer alan 200 nüfuzlu universitetini bitirən gənclərin imtahansız və müsabiqəsiz dövlət qulluğuna və büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlara işə qəbulu;

– Ali məktəblərinin idarə edilməsində professor-müəllim heyətinin rolunun yüksəldilməsi, bu məqsədlə rektorların ali məktəblərin Elmi Şurası tərəfindən seçilməsi;

– Azərbaycan dilinin və ədəbiyyatının, tariximizin, musiqimizin, təsviri incəsənətimizin, eləcə də mədəniyyətimizin digər sahələrinin inkişafı və təbliği üçün müvafiq proqramların qəbulu və həyata keçirilməsi;

– Xarici dillərin, xüsusilə də beynəlxalq dil olan ingilis dilinin öyrənilməsi üçün xüsusi dövlət proqramının qəbul edilməsi;

– Məktəblərdə Türkiyə türkcəsinin tədrisi;

– "Hər məktəbliyə kompüter, hər kəndə yüksək sürətli internet" proqramının həyata keçirilməsi;

– Təhsildə uzunmüddətli fasilələrə yol verməmək üçün orta təhsil müəssisələrində 2 tətilin nəzərdə tutulması, yay tətilinin 45 gün - iyulun 15-dən sentyabrın 1-dək, qış tətilinin isə 10 gün - dekabrın 30-dan yanvarın 10-dək müəyyənləşdirilməsi, buraxılış imtahanlarının tədris ilinin sonunda keçirilməsi;

– Orta məktəblərdə həftədə 5 günlük tədrisə keçilməsi. Məktəb tikintisini sürətləndirməklə, özəl məktəblərin tikintisini stimullaşdırmaqla 2 və 3 növbəli tədrisə son qoyulması;

– Məktəb və idman kompleksləri inşa edən fiziki və hüquqi şəxslərə güzəştli qiymətlərlə dövlətin torpaq fondundan tikinti sahələrinin ayrılması və aşağı faizlə uzunmüddətli kreditlərin verilməsi;

– Bədən tərbiyəsinə və idmana dövlət qayğısının daha da artırılması;

– Hakimiyyət orqanlarında, dövlət idarə, müəssisə və təşkilatlarında vəzifə tutan şəxslərin idman federasiyalarına rəhbər seçilməsinin qadağan olunması;

– Büdcədən maliyyələşən işçilərin əməkhaqlarının onların layiqli həyatını təmin edəcək səviyyəyə çatdırılması;

– Əksər tibb müəssisələrinin yalnız təyinati üzrə istifadə edilməsi şərtilə özəlləşdirilməsi;

– Bütün növ xəstəliklərin müalicəsinin icbari tibbi sığortaya daxil edilməsi;

– Dövlət tibb müəssisələrinin ən müasir avadanlıqlarla təmin olunması;

– Quru sərhədlərinin dərhal açılması, sərhədyanı bölgələrdə yaşayan əhalinin qonşu ölkələrə rahat və ucuz səyahət etmək, müalicə olunmaq, alış-veriş etmək hüququnun bərpa olunması.                                                    

Qeydə alınmış namizədlərin bu ödənişsiz təşviqat materialları Seçki Məcəlləsinə və MSK-nın müvafiq təlimatına əsasən dərc edilir.

Seçkiqabağı təşviqat materiallarındakı fikirlərə görə redaksiya məsuliyyət daşımır