"Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir". Bu sözləri dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib.
Ölkə başçısı qeyd edib ki, həm Qərbi Azərbaycanın parça-parça Azərbaycandan qoparılması, həm də bu torpaqların əsl sahiblərinin müxtəlif vaxtlarda məcburi şəkildə torpaqlarından didərgin salınması xəritə və sənədlərdə öz əksini tapıb. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər.
XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib.
1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirilib, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrilib, yüzlərlə Azərbaycan kəndi yer üzündən silinib. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil edə biliblər. 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar. SSRİ Nazirlər Sovetinin bu qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktları idi. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq qovulub. Azərbaycanlıların hüquqları kobudcasına pozulub, onlara qarşı sərt repressiyalar həyata keçirilib.
Azərbaycanlıların Ermənistandan deportasiyasının sonuncu, öz miqyasına və icra üsullarına görə ən dəhşətli mərhələsi 1988-1991-ci illərə təsadüf etmişdir. 1948-1953-cü illərdəki deportasiyadan fərqli olaraq, o, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi ilə eyni vaxta təsadüf etmişdi və buna görə də ağırlığı ilə fərqlənirdi. Vəziyyətin azərbaycanlılar üçün ağırlığı bununla bağlı idi ki, deportasiya azərbaycanlıların yaşadığı torpaqların tarixən ermənilərə məxsus olması iddiasına hüquqazidd əməllərlə haqq qazandırmaq istəyən Ermənistan inzibati və hüquq-mühafizə orqanlarının bilavasitə iştirakı ilə həyata keçirilirdi. 1988-ci ilin yanvarından etibarən "türksüz Ermənistan" siyasəti xüsusən planlı şəkildə icra olunmağa başlanmışdır. Ermənistan hökuməti, "Qarabağ" və "Krunk" komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə azərbaycanlıların qovulması prosesində minlərlə qanlı aksiyalar törədildi.
Deportasiya başlanandan sonra Ermənistanın müxtəlif rayonlarından olan azərbaycanlıların onlarla nümayəndə heyəti, minlərlə ayrı-ayrı vətəndaş ali hakimiyyət orqanlarına, partiya və hökumət rəhbərlərinə müraciət etmiş, onlara qarşı həyata keçirilən zorakılıq aktları barədə təşviş içində məlumat vermiş, onların qarşısının alınmasını xahiş etmişdilər. Bu alçaldılmış və təhqir olunmuş, yaxınlarını və ata yurdlarını itirmiş insanlar intiqam yox, ədalət istəyirdilər. Erməni zülmündən, işğalından ən çox əziyyət çəkənlər şübhəsiz Qərbi azərbaycanlılardır və Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olan ölkə başçısının Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə də bütün bu tarixi proseslər əsaslı və tutarlı faktlarla bir daha xatırladıldı. Görüşdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov bildirdi ki, icma olaraq biz çiynimizi hansı ağır və şərəfli yükün altına verdiyimizin fərqindəyik. Tarixi həqiqətlərin öyrənilməsi, dünya ictimaiyyətinə çatdırılması, erməni saxtakarlıqlarının, erməni yalanlarının sona qədər ifşası və son 200 ildə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların, onların varislərinin hüquqlarının beynəlxalq müstəviyə çıxarılması, bərpası və bütün bu cinayətlərə görə Ermənistan dövlətinin və erməni millətçilərinin beynəlxalq məhkəmələrdə cəzalandırılması üçün mümkün olan hər şeyi edəcəyik.
Ümumiyyətlə, Qərbi Azərbaycanın hissə-hissə Azərbaycandan alınması, habelə müxtəlif vaxtlarda yerli əhalinin ərazidən köçürülməsi ardıcıl davam etdirildi. Ermənilər Qərbi Azərbaycanın ardınca bənzər prosesi Naxçıvanda da etdi. Naxçıvanın bugünkü ərazisindən iki dəfə çox ərazisi ermənilər tərəfindən müxtəlif bəhanələrilə ilhaq edilib. Avrasiya məkanında yeganə monodövlətin yalnız Ermənistan olduğunu vurğulayan Prezident İlham Əliyev deyib ki, başqa xalqları oradan müxtəlif yollarla çıxarıb, başqasının torpağında özləri üçün dövlət qurublar.
Prezidentin Qərbi Azərbaycan İcması ilə görüşü zamanı səsləndirdiyi fikirlər Ermənistan tərəfindən təhrif edilən əsassız bəyanatı qətiyyətlə rədd edir. Azərbaycan Xarici İşlər Nazirliyinin bu barədə məlumatında bildirilir ki, Azərbaycanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığını, beynəlxalq hüququ pozduğunun iddia edilməsi riyakarlıqdan başqa bir şey deyil. Onlara bir daha xatırladılır ki, Azərbaycan ərazilərinin 30 il ərzində Ermənistan tərəfindən işğal edilməsinə, yüz minlərlə əhalinin ərazilərimizdən qovulmasına və kütləvi qırğınlar törədilməsinə baxmayaraq, Azərbaycan tərəfi 25 il ərzində Ermənistanla münaqişənin dinc yolla həll edilməsi istiqamətində danışıqlar prosesinə sadiq qalıb. 44 günlük Vətən müharibəsində tam qalibiyyətə və ərazilərin işğaldan azad olunmasına baxmayaraq, Ermənistanla sülh müqaviləsinin imzalanması təklifini də məhz Azərbaycan tərəfi irəli sürüb.
Ermənistan adlı dövlət heç zaman olmayıb. İndiki Ermənistan bizim torpağımızdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfərdən sonra qarşımızda yeni perspektivlər açılıb. Qazandığımız Zəfər işğaldan azad olunan ərazilərə məcburi köçkünlərimizin qayıdışını təmin etməklə həm də soydaşlarımızın əzəli Qərbi Azərbaycan torpaqlarına qayıdışının da təməlini qoyub. Ölkə başçısının çıxışında diqqətçəkən məqamlardan biri də məhz onun: "Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar", - sözləri oldu.
Mustafa KAMAL,
"Respublika".