Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycanda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi hər bir soydaşımız, bütövlükdə dünya azərbaycanlıları tərəfindən böyük rəğbətlə qarşılandı. Həm respublikamızda, həm də dünyanın əksər ölkələrində "Heydər Əliyev İli" böyük təntənə ilə qeyd edilir.
Müstəqil dövlətimizin qurucusu və memarı ulu öndər Heydər Əliyevin anadan olmasının yüz illik yubileyinin təntənəli şəkildə qeyd olunması ilə əlaqədar Baş Prokurorluq tərəfindən də silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlər həm Bakı şəhərində, həm də bölgələrdə ölkəmizin aparıcı ali təhsil müəssisələri, elm ocaqları, ixtisaslaşmış akademiyaları ilə birgə təşkil edilir. Ümummilli liderin dərin zəkası və dövlət idarəçiliyi təcrübəsinə uyğun olaraq ölkəmizin müasir qanunverici, icra və məhkəmə hakimiyyəti qolları formalaşdırılıb.
Bu gün bütün soydaşlarımıza, həmçinin dünya azərbaycanlılarına da bəllidir ki, 1993-cü ildə xalqın təkidli xahişindən sonra Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyə qayıtmasaydı, respublikamız dünya xəritəsindən silinmək təhlükəsiylə üz-üzə qala bilərdi. Həmin dövrdə xaricdə Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr, həm də onların himayədarları ölkəmizi addım-addım uçuruma yaxınlaşdırırdı. Lakin "ömrünün qalan hissəsini xalqına həsr edən" ulu öndər respublikamızı parçalanmaqdan, məhv olmaqdan və ən əsası qardaş qırğınından xilas etdi. Bu fakt Prezident İlham Əliyevin imzaladığı sərəncamda da öz əksini tapıb. Sərəncamda qeyd edilir ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq, onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Ümummilli liderin dərin zəkası və mahir idarəçilik təcrübəsinə uyğun olaraq həyata keçirilən dövlət quruculuğu işləri, bütün sahələri əhatə edən islahatlar, həmçinin düşünülmüş siyasəti Azərbaycanın sivil hüquqi dövlət quruculuğu yolunda mətin addımlarla irəliləməsinə təkan verdi. Ulu öndərin qarşıya qoyduğu əsas vəzifələrdən biri ölkədə ciddi daxili nizam-intizam yaratmaq, baş alıb gedən cinayətkarlığın qarşısını almaq, qeyri-qanuni silahlı birləşmələri zərərsizləşdirmək, müstəqil hüquqi dövlət qurmaq idi. Bundan ötrü ilk növbədə, hüquq-mühafizə orqanlarında islahatlar aparılmalı, müasir düşüncəli kadrlar seçilib yerləşdirilməli, müstəqilliyimizin tələblərinə cavab verən yeni qanunvericilik aktları qəbul edilməli idi. Bu baxımdan, prokurorluq orqanlarının fəaliyyətində yeni bir dövrün əsası qoyuldu. Həmin vaxtdan başlayaraq, respublika prokurorluğu qanunun aliliyinə, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən orqana çevrildi.
Ümummilli liderin müasir Azərbaycan Prokurorluğunun formalaşmasında rolu əvəzolunmazdır. Onun tövsiyə və tapşırıqlarına uyğun olaraq prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmiş, bu qurumun fəaliyyəti ilə bağlı beynəlxalq, demokratik və sivil standartları əks etdirən qanunvericilik aktları hazırlanaraq qəbul edilmişdir. Heydər Əliyevin təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsilə qəbul edilmiş Konstitusiyada prokurorluğun fəaliyyətini tənzimləyən ayrıca 133-cü maddə öz əksini tapıb. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir.
Ulu öndərin qarşıya qoyduğu mühüm vəzifələrdən biri, ən başlıcası keçmiş "Dağlıq Qarabağ" münaqişəsinin sülh yolu ilə həll edilməsi, məcburi köçkün soydaşlarımızın doğma dədə-baba yurdlarına qayıtmaları idi. Ümummilli lider 1993-cü ilin ikinci yarısından - ölkəyə rəhbərlik etdiyi vaxtdan başlayaraq respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü məsələsini beynəlxalq aləmə çıxarardı. Ulu öndər münaqişənin sülh yolu ilə həll edilməsi üçün dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərdə, ATƏT-in zirvə toplantılarında, keçmiş Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə bu məsələni həmişə önə çəkdi. Ümumiyyətlə, keçmiş "Dağlıq Qarabağ" probleminin dinc yolla nizama salınması ümummilli lider Heydər Əliyevin xarici siyasət fəaliyyətində mühüm yer tutmuşdur. 1993-2003-cü illər ərzində Azərbaycanın dövlət başçısı Heydər Əliyev Ermənistan prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və keçmiş Minsk qrupunun nümayəndələri ilə 140-a qədər görüş keçirmişdir.
Ulu öndərin münaqişənin nizamlanmasını prioritet vəzifə hesab etməsi Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli ulu öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir.
Heydər Əliyev doğma yurdlarından didərgin salınmış soydaşlarımızla keçirdiyi bütün görüşlərdə inamla, qətiyyətlə deyirdi ki, siz öz ata-baba yurdlarınıza qayıdacaqsınız.
Ulu öndərin bu arzusu müstəqilliyimizin 29-cu ilində reallaşdı. Bu arzu, istək ümummilli liderin ən layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən həyata keçirildi. Hələ 2003-cü ildə ulu öndər xalqa müraciət edərək qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd kimi onun siyasi varisi, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırmışdı. Əminliklə bildirmişdir ki, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək. Ulu öndər İlham Əliyevə özü qədər inandığını və gələcəyinə böyük ümidlər bəslədiyini bildirmişdi.
Bu tarixi müraciətdən sonra 2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində xalq öz səsini ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Həmin seçkilərdə xalq cənab İlham Əliyevi Prezident seçməklə ulu öndərin siyasi kursuna sadiqliyini, etibarını, güvənini nümayiş etdirdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu isbat etdi. Bu seçkilər bir daha sübut etdi ki, ölkədə Heydər Əliyev siyasətinin alternativi yoxdur.
2003-cü ildə keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimində cənab İlham Əliyev qarşıya qoyduğu əsas prioritetləri açıqladı və dedi ki, Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir. Yüksək kürsüdən çıxış edərkən Heydər Əliyev siyasətinə sadiq qalacağına, heç vaxt bu yoldan dönməyəcəyinə söz verdi, qətiyyətlə bildirdi ki, Azərbaycanın torpaqları işğaldan azad olunmalı, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalı, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir.
Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi düşünülmüş strategiyası ermənilərin 200 ildən çox davam edən işğalçılıq siyasətinə son qoydu. Bu, həm də ulu öndər Heydər Əliyev zəkasının Zəfər zirvəsi oldu. Bu siyasət Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxardı. Dövlət başçısının siyasi kursunun prioriteti ordu quruculuğunun daim diqqət mərkəzində saxlanılması oldu. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da mətinləşdi və illər keçdikcə qüdrətli orduya çevrildi. Bu gün fəxrlə, qürurla deyə bilərik ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusundan biridir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Ordumuz öz xalqına tarixi Qələbəni bəxş etmiş müzəffər Orduya çevrildi. Silahlı Qüvvələrimizin müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun hərbi potensialının artırılması, döyüş taktikasının gücləndirilməsi, hərbi sənayenin yaradılması, bütün bunlar Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin tərkib hissəsidir.
Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada qalib ölkə, xalqımız isə məğrur xalq kimi tanınır. Bununla yanaşı, Azərbaycan XXI əsrin müharibəsini ən qısa müddətdə qələbə ilə yekunlaşdıran dövlət kimi də ad qazanıb. Bu tarixi Qələbə ulu öndər Heydər Əliyevin "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək" - uzaqgörənliyinin, müdrikliyinin bariz nümunəsidir. Ulu öndərin arzusu reallaşdı, Azərbaycanın torpaqları işğaldan azad edildi, ərazi bütövlüyü bərpa olundu. Bütün bunlara Prezident İlham Əliyevin cəsarəti, praqmatik düşüncəsi, qətiyyəti sayəsində nail olduq.
Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma, tikinti-bərpa işləri uğurla davam etdirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altında həyata keçirilən işlərə dünyanın müxtəlif ölkələrinin də qoşulması "Qarabağ Azərbaycandır!" reallığının bariz nümunəsidir. Bütün bu uğurlara, Azərbaycanın dünya birliyinin layiqli üzvlərindən biri, öz sözünü deyən, qarşısına qoyduğu vəzifələri yerinə yetirməyə qadir dövlətlərdən olmasına əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun layiqincə yerinə yetirilməsi sayəsində nail olunub.
Ramil ƏLİYEV,
Siyəzən rayon prokuroru.