Paşinyan
Siyasət

Paşinyan "sülh göyərçini"nə çevrilir?

Sentyabrın 27-də Ermənistanın baş naziri Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" fraksiyasının deputatları ilə görüşü baş tutub. Görüşün qapalı keçməsinə baxmayaraq, buradakı bir sıra maraqlı məqamlarla bağlı məlumatlar erməni mediasında öz əksini tapıb.

Toplantı zamanı baş nazir öz "komandasına" tapşırıq verib ki, Qarabağdan çıxan ermənilərin ölkənin müxtəlif bölgələrinə mümkün qədər tez və rahat şəkildə köçürülməsi, həm də onların işlə təmin olunması təşkil edilsin. Əslində, bu Paşinyanın hakimiyyətdə qalmaq üçün əl atdığı növbəti hiylədir. Çünki Azərbaycanın Qarabağ ərazisində keçirdiyi lokal antiterror tədbirlərindən sonra bölgədəki separatçılar tərk-silah olundu və buradakı əhali ərazini tərk etməyə məcbur qaldı. Baxmayaraq ki, Azərbaycan tərəfindən onların reinteqrasiya prosesinin yüksək səviyyədə təşkil olunması üçün mühüm addımlar atılmış, Yevlax və Xocalı görüşləri baş tutmuşdu.

Görünür, erməni xalqı da Paşinyanın oyunlarından cana gəlib. İrəvanda baş nazirə qarşı keçirilən aksiyalar hələ də davam edir. Separatçıların Qarabağda olduğu müddətdə bölgədəki erməni ictimaiyyətinin acınacaqlı vəziyyəti də hər kəsə məlum idi. Paşinyan yaxşı bilirdi ki, Qarabağın erməni əhalisinin ərazini tərk edərkən ona qarşı etiraz etmək ehtimalı var. Buna görə də o, indi "xalqının qayğısına qalan" lider cildinə girib. Digər tərəfdən isə Paşinyan Qarabağdan çıxan ermənilərin İrəvanda yerləşdirilməsinə maksimum dərəcədə imkan verilməməsi barədə göstəriş verib. Çox güman Paşinyan artıq bu oyunları ilə erməni ictimaiyyətinin gözündən pərdə asmağa davam edə bilməyəcəyinin fərqindədir.

İclasda diqqətçəkən digər bir məqam isə rusların öz fəaliyyətlərini Qarabağda davam etdirmək üçün müəyyən sayda erməninin bölgədə saxlamağa çalışması ilə bağlıdır.

Paşinyan qeyd edib ki, bu, artıq Ermənistanın yox, Rusiyanın Azərbaycanla olan problemidir və özləri bu problemləri həll etsinlər. Buradan Ermənistanın xain niyyəti bir daha özünü büruzə verir. Xeyli müddətdir Rusiya ilə arasında soyuq küləklər əsən Ermənistan hər vəchlə regionda gərginlik yaradaraq Moskvanı ittiham edir. Bildiyimiz kimi, son dövrlərdə Paşinyanın sərt şəkildə Rusiyanı tənqid etməsi, eləcə də sərsəm bəyanatlarla Ermənistanın bugünkü rəzil durumunun səbəbkarı kimi günahlandırması onun mövcud reallığı həzm edə bilməməsinin təzahürüdür. Nikol Paşinyan iclasda az qala açıq mətnlə bəyan etdi ki, Ermənistan Rusiyanı regiondan sıxışdırıb çıxarır və prosesin faktiki başlanması da oktyabrın 5-də keçiriləcək görüşdə elan olunacaq. Baş nazirin 10 noyabr 2020-ci il Bəyanatının qüvvədən düşməsini və bununla da Rusiya tərəfinin roluna son qoyulmasını deməsi Paşinyanın Moskvadan üz döndərməsinin göstəricisidir. Rusiyanı Ermənistandan sıxışdırmaq üçün siyasi xəttin qəbul edilməsinə baxmayaraq, baş nazir "komanda yoldaşlarını" daha diqqətli və sakit olmağa, Moskvaya qarşı birbaşa bəyanatlardan çəkinməyə də çağırıb. O bildirib ki, belə hallar hökumət üçün pis nəticələrə gətirib çıxara bilər.

Bundan başqa, qapalı toplantıda oktyabrda Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Sammiti çərçivəsində İspaniyanın Qranada şəhərində Aİ Şurasının sədri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun birgə iştirakı ilə keçiriləcək görüş də müzakirə edilib. Paşinyan çoxdan gözlənilən sülh müqaviləsinin imzalamağa indi daha çox yaxınlaşdıqlarını dilə gətirib və görüşdə sülh sənədin imzalanmasının əsaslarının qoyulmalı olduğunu da diqqətə çatdırıb. Əslində bu ilk dəfə deyil ki, Paşinyan özünü "sülh göyərçini" kimi göstərir. Amma ola bilsin ki, Paşinyan çıxış yolunun sadəcə sülh müqaviləsinin imzalanması olduğunu dərk edib, "imana gəlib". Ermənistan baş nazirinin sözlərinə görə bununla bağlı Qranadada bəyanat qəbul ediləcək və Bəyanatda sülh sazişinin əsas bəndləri hesab edilən delimitasiya, demarkasiya, bir-birinin ərazi bütövlüyünün tanınması və sair öz əksini tapacaq.

Ermənistan mediasına sızdırılan xəbərlərə əsasən bu nəticəyə gəlmək mümkündür ki, Ermənistan baş naziri öz postunu itirməmək üçün bəzi müsbət addımlar ata bilər. Amma yalan və saxtakarlıqdan ibarət olan Paşinyan siyasətini nəzərə alaraq, Ermənistanın yenidən prosesdən yayınmaq istəyəcəyi də istisna deyil.

Nəzrin ELDARQIZI,

"Respublika".