Ombudsmanların Avrasiya Alyansının VII Toplantısı
Digər xəbərlər

Ombudsmanların Avrasiya Alyansının VII Toplantısı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsmanların Avrasiya Alyansının Moskvada keçirilən VII Toplantısında iştirak edib.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, çıxışı zamanı Səbinə Əliyeva Rusiya Federasiyasının Federal Ombudsmanı Tatyana Maskalkovaya tədbirdə iştirak üçün dəvətə, eyni zamanda pandemiya dövründə vətəndaşlarımızın hüquqlarının, o cümlədən sağlamlıq hüququnun müdafiəsi istiqamətində göstərdiyi həssas yanaşmaya, habelə müxtəlif dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsinə, üzləşdikləri problemlərin çevik və operativ həll edilməsində göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib.

Görüşdə Ombudsman milli insan hüquqları təsisatları, xarici ombudsmanlar, habelə insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən digər beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq etdiyini, habelə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində birgə layihələr həyata keçirildiyini diqqətə çatdırıb.

O, həmçinin insan hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə Azərbaycan Ombudsmanının səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı qanunvericiliyə ediləcək dəyişikliklər barədə məlumat verib.

Yekunda Azərbaycan Ombudsmanı S.Əliyeva milli insan hüquqları təsisatlarının əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində müsbət təcrübələrin və fikir mübadilələrinin aparılmasının, birgə tədbirlərin təşkil edilməsinin vacibliyini vurğulayıb.

“Respublika”.