Ermənistanın hərbi təxribatları səngimir
Digər xəbərlər

Ermənistanın hərbi təxribatları səngimir

İşğalçı ölkə bu çirkin əməlindən məqsədli şəkildə yararlanmağa çalışır

Tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar fonunda Azərbaycan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanması təklifini etdi. Azərbaycanın 30 illik işğal dövründə yaşadığı faciələrə baxmayaraq, belə bir addımı atması humanizmin, eyni zamanda bölgədə sülhün təmin edilməsi istəyinin göstəricisidir.

Bütün bu addımlar Azərbaycanın ədalət və beynəlxalq hüquqa əsaslanan siyasətinə uyğun olaraq atılır. Ölkəmizin bütün zamanlarda ədalətin və beynəlxalq hüququn yanında olduğu daim bəyan edilir. Ərazi bütövlüyümüzü, tarixi ədaləti bərpa edən Azərbaycan imzaladığı 10 noyabr tarixli Bəyanata əsasən üzərinə götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirərək qarşı tərəfdən də bunu tələb edir. Bir sözlə, Azərbaycan sülh istəyir, Ermənistan isə nə istədiyini də bilmir... Odur ki, müxtəlif formatlarda keçirilən görüşlərdə baş nazir Nikol Paşinyan bir cür danışır, başqa cür hərəkət edir. Terrorçu Ermənistan öz havadarlarına arxalanaraq Azərbaycanla təhdid, terror dilində danışmağa üstünlük verir.

Azərbaycan hər zaman bəyan edir ki, Qarabağda yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir və ölkəmiz özünün suverenliyinə aid olan məsələləri digər üçüncü tərəflə, o cümlədən Hayastan Respublikası ilə müzakirə etməyəcək. Qarabağ münaqişəsi həll olunub və o, Azərbaycan ərazisidir. Azərbaycan üçün Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxıb. Elə Brüssel, Moskva, Praqa və Soçi görüşlərində qəbul edilən sənədlərdə də Qarabağa istinad yoxdur. Bir sözlə, bu bölgədə yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun həll olunacaq və onlara heç bir xüsusi imtiyaz nəzərdə tutulmur. Yəni, bu məsələnin Ermənistana və digərlərinə aidiyyəti yoxdur. Bütün bunları Ermənistan hakimiyyəti və havadarları çox yaxşı başa düşür. Onlar onu da yaxşı bilirlər ki, Azərbaycan Prezidenti səsləndirdiyi hər bir fikrin arxasındadır və istədiyinə də nail olur. Bir lider kimi onun istəyi isə xalqının maraqlarına xidmət edir, atdığı hər bir addım ölkəmizin daha da güclənməsinə istiqamətlənib. Məhz bu səbəbdən də, işğalçı Ermənistan terrora daha çox üstünlük verir. Sülh müqaviləsini imzalamaqdan məqsədli şəkildə yayınır və bununla da vaxt udmağa çalışır, ardı-arası kəsilməyən təxribatlar törədir. Ermənilər son vaxtlar daha çox fəallaşıblar. Bunun da əsas səbəbi uzun fasilədən sonra sülh danışıqlarına başlanılmasıdır. Çünki özgə torpağında qurulan Ermənistan dövləti İkinci Qarabağ müharibəsindən əvvəl "Qarabağ Ermənistandır və nöqtə", "Yeni ərazilər naminə yeni müharibə", "Azərbaycana bir qarış da torpaq qaytarmayacağıq", "7 şərt" kimi bəyanatlar səsləndirərək Azərbaycanla "şərt dilində" danışmağa çalışdığı kimi, indi də hərbi "təxribat dili"ndə özünü ifadə etmək istəyir. Bu təxribatlardan məqsədli şəkildə yararlanmağa çalışır. Ardıcıl siyasət yeritməyə qadir olmayan Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalaması üçün Qarabağda yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizminin yaradılması ilə şərtləndirməsi tamamilə qəbuledilməz və təhlükəli yanaşmadır. Bu, onların vaxtilə irəli sürdükləri "öz müqəddəratını təyinetmə", "müstəqillik" kimi absurd fikirlərin indi başqa bir ad altında davam etdirilməsi deməkdir. Azərbaycan Prezidenti isə bütün görüşlərdə Ermənistanla sülh sazişinə Qarabağ məsələsinin daxil edilməyəcəyini bildirir.

Bütün hadisələr onu göstərir ki, Ermənistan öz çirkin əməllərindən, təxribatlardan əl çəkmir, regionda sülhün pozulması, qarışıqlığın yaranması üçün var gücü ilə çalışır. Hazırda gedən sülh danışıqlarının baş tutmaması üçün təxribatlar törədilir. Bu təxribatlar isə Ermənistanın özünü uçuruma çəkir. Maraqlı burasıdır ki, Ermənistan tərəfi törətdiyi təxribatlar fonunda çox vaxt Azərbaycanı ittiham edir. İddialarına görə, guya Azərbaycan Ordusu onların döyüş postlarına zərbələr endirir. Əslində, bu, yeni bir yanaşma deyil. Ermənilər həmişə belə edirlər, özləri təxribat törədib, sonra da onu Azərbaycanın üzərinə atmağa çalışırlar. Bununla bağlı yalan məlumatlar Avropa Birliyi, Avropa Parlamenti, Avropa Şurası və s. kimi qurumlara ötürülür. Bununla da Azərbaycana təzyiq göstəriləcəyini güman edirlər. Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının missiyası da Azərbaycan əleyhinə donoslar verməklə məşğuldur. Bu da Ermənistana sərf edir. Azərbaycan isə dünyaya bəyan edir ki, ölkəmizin belə təxribatlarda  heç bir marağı yoxdur, çünki biz Ermənistana sülh müqaviləsini təklif edən tərəfik. Ermənistan isə vaxtaşırı bu cür təxribatlar vasitəsilə sülhdən mümkün qədər boyun qaçırır. Deməli, erməni tərəfi sülh müqaviləsinin bağlanmasında maraqlı deyil.

Azərbaycan ermənilərin hər bir təxribatına adekvat cavab verməyə hazırdır və dəfələrlə düşmənin burnu ovulub. Ancaq hər bir qarşıdurma, toqquşma ölüm-itim deməkdir. Beynəlxalq ictimaiyyət Ermənistanın haqq yoluna qayıtmasına çalışmalıdır. Onsuz da istər rəsmi İrəvan, istərsə də onun havadarlarının heç bir davranışı Azərbaycanı öz hədəflərindən çəkindirməyəcək.

Zümrüd QURBANQIZI,

"Respublika".