Avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiq təqdim edildi
Digər xəbərlər

Avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiq təqdim edildi

20 iyun AYNA məlumatında bildirilir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq, xidmət keyfiyyətini artırmaq məqsədilə sərnişindaşıma sahəsində innovativ həllərin tətbiqini davam etdirir. “BakıKart” plastik kartlarını idarə etmək və səfər planlamasını aparmaq üçün yeni tətbiq istifadəyə verilib. Bu tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaya, “BakıKart” plastik kartların balansını artıra və gediş haqqını ödəyə bilərlər. Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün yalnız mobil nömrə və şifr kifayətdir. İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər.

Tətbiq istifadəçilərə bir neçə QR biletləri yaratmağa və QR bilet tarixçələrini görməyə imkan verir. Həmçinin istifadəçilərə vaxta qənaət etmək imkanı qazandırır və ictimai nəqliyyatdan istifadə prosesini sadələşdirir.

Tətbiq hazırda beta versiyada olduğu üçün istifadəçilər xətalarla və ya qeyri-dəqiq məlumatlarla qarşılaşa bilərlər. Bununla əlaqədar olaraq beta istifadəçilərdən qarşılaşdıqları xətalar barədə tətbiq vasitəsilə məlumat vermələri vacibdir.

“Respublika”.