Ölkəmiz regiona təhlükəsizlik, əmin-amanlıq gətirir
Siyasət

Ölkəmiz regiona təhlükəsizlik, əmin-amanlıq gətirir

Bu gün Qarabağın bütün şəhər və kəndlərində Azərbaycan bayrağı dalğalanır, artıq ölkəmiz öz suverenliyini və ərazi bütövlüyünü tam təmin edib. Əgər bir zamanlar xalqımız torpaq itkisi, yurd həsrəti çəkirdisə, artıq həmin ərazilərin işğaldan azad edilməsi sevincini yaşayır. Ən əsası isə məcburi köçkün kimi doğma ocağından didərgin düşən soydaşlarımız, 30 il sonra azad, abad yurdlarına qayıdırlar.

Vətən müharibəsinin 44 günlük qəhrəmanlıq salnaməsi Şanlı qələbəmizi bizə nəsib etdi. Ancaq işğaldan azad edilmiş ərazilərdə hələ də separatçıların tör-töküntüləri qalmışdı. Azərbaycan onlara bölgəni tərk etmək üçün vaxt vermişdi. Ancaq onlar verilən vaxtdan qanunlar çərçivəsində deyil, terror məqsədləri ilə istifadə etdilər. Vaxtaşırı, imkan düşən kimi hərbi postlarımızı atəşə tutur, qeyri-qanuni silah daşıyır və gizlin yollarla mina basdırılmasını həyata keçirirdilər. Bu isə ərazidə onlarla azərbaycanlı hərbçi və mülki şəxslərin həlak olmasına, ağır yaralanmasına səbəb olurdu. Azərbaycan dövləti erməniləri terror əməllərindən çəkinməyə və bölgədə yaşayan erməni əsilli vətəndaşları birgəyaşayışa dəvət etdi. Bütün bunlar hayları xain əməllərdən çəkindirməyə yetmədi. Bu səbəbdən də, ölkəmiz məsələni Azərbaycan qanunları çərçivəsində həll etdi.

Sentyabr ayının 19-da erməni separatçıları yenidən silahlı hücum törətdilər. Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat ərzində keçirilən lokal antiterror tədbirlər nəticəsində qarşı tərəfi təslim olmağa məcbur etdi. Qanunsuz erməni silahlı dəstələri silahlarını təhvil verməli oldular. Bu isə Azərbaycan dövlətinin, Ali Baş Komandanın apardığı düzgün siyasətin nəticəsi idi.

Xalq, millət olaraq dövlətimizin, Ordumuzun əldə etdiyi qələbə hər birimizdə böyük qürur hissi doğurur. 44 günlük müharibədən sonra da Ermənistan silahlı qüvvələrinin hər bir təxribatının qarşısının qətiyyətlə alınması bir daha ordumuzun gücünün göstəricisidir. Son lokal xarakterli antiterror tədbirləri zamanı da Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirdilər. Bütün dünyaya, Ermənistanı müdafiə edən bir çox dövlətlərə müharibə mədəniyyətini, döyüş qabiliyyətini göstərdilər. Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Silahlı Qüvvələrinin hər zaman bir şüarı olub: biz mübarizəmizi döyüş meydanında aparırıq, dinc sakinlərlə deyil. Sentyabrın 20-də aparılan antiterror tədbirləri zamanı da heç bir mülki şəxsə ziyan vurulmadan, dinc sakinlər hədəf alınmadan, mülki obyektlərə atəş açılmadan ərazilərimiz quldur dəstələrindən təmizləndi. Ordumuz yalnız hərbi infrastruktur obyektlərini sıradan çıxartdı. Cəmi birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan işğaldan azad edilmiş bütün ərazilərində suverenliyini tam bərpa etdi.

Vətən müharibəsindən keçən müddət ərzində Ermənistan üçtərəfli Bəyanatın bir sıra müddəalarına əməl etməmişdi. Hansı ki, Bəyanatın 4-cü bəndinə əsasən Ermənistan silahlı qüvvələri Qarabağ ərazisindən çıxarılmalı idi. Əksinə, həmin silahlı dəstələr ərazidə yenidən davamlı olaraq təxribatlar törətməyə davam edirdilər. Bu səbəbdən də, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı təhdid yaranırdı. Azərbaycan dövləti antiterror tədbirləri həyata keçirərək üçtərəfli Bəyanatın 4-cü bəndini özü yerinə yetirmiş oldu. Bu, dövlətimizin BMT-nin Nizamnaməsinə əsaslanan müstəsna hüququdur. Biz dövlət, xalq kimi öz hüquqlarımız uğrunda haqlı mübarizə apardıq və ərazilərimizdə suverenliyimizi tam təmin etdik. Uğurlarımızın kökündə isə ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti dayanır. Elə bu siyasət nəticəsində də cəmi bir gün çəkən antiterror tədbirləri erməni separatçılarını təşvişə saldı və onlar təslim olub şərtlərimizi qəbul etməyə hazır olduqlarını bildirdilər.Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşə razılıq verdilər.

Qarabağda yaşayan erməni əsilli əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Qarabağdakı erməni sakinlərin Azərbaycan tərəfindən qeydiyyata alınması, maddi yardımların göstərilməsi dövlətimizin vətəndaşına qayğısının sübutudur. Azərbaycan tərəfi hər zaman olduğu kimi, sülh və birgəyaşayışı təbliğ edərək Qarabağda yaşayan erməni əsilli vətəndaşlara bölgəni tərk etməməyə və qanunlarımız çərçivəsində yaşamağı təklif edir. Ölkə başçısı İlham Əliyevin xalqa müraciətində, işğaldan azad edilmiş bölgələrdə aparılan yenidənqurma işlərinin Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda davam edəcəyini qeyd etmişdir. Ölkə başçımız Qarabağ erməniləri üçün müxtəlif sosial proqramların icra ediləcəyini demişdir. Baxmayaraq ki, Ermənistan dövləti tərəfindən hər zaman bizə qarşı cinayət, terror hadisələri törədilib, lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələlərdə erməni xalqını heç vaxt günahlandırmayıb, Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları olduqlarını vurğulayıb. İlham Əliyev hesab edir ki, bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. Ölkə başçısının yürütdüyü siyasət nəinki Qarabağ bölgəsində, eyni zamanda gələcəkdə Cənubi Qafqazda insanların sülh mühitində yaşayacağına əminlik yaradır.

R.MƏHƏRLƏMOVA,

"Respublika".