Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyikcə ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.
Heydər ƏLİYEV,
Ümummilli lider.
Cəmiyyətin ən həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunmuşdur. Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışıb, necə deyərlər, hər şeyin yaxşısını uşaqlara verib.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli inkişafının təmin olunmasına yönəldilmişdir. Hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu, əbədiyaşar Heydər Əliyev daim uşaqlara diqqət və qayğı göstərib, onların ən böyük himayədarı, sevimlisi olub. Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülüb, müvafiq qanunvericilik aktları qəbul edilib. Uşaqların yüksək təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli vətəndaş kimi yetişməsi ulu öndərin daim diqqətində olub. Dahi şəxsiyyət Heydər Əliyevin "Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir" - müdrik kəlamı uşaqlara olan məhəbbətinin təzahürü idi.
Məhz, ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, uşaq siyasətində də mühüm addımlar atıldı. Azərbaycan dövləti 1994-cü ildə BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşuldu. Bu Konvensiyaya qoşulmaq ölkəmizin uşaq hüquqlarına yüksək dəyər verdiyinin, uşaqların ehtiyaclarının hərtərəfli təmin olunması istiqamətində görülən işlərin bariz nümunəsi idi. Eyni zamanda, "SOS Kinderdorf İnternəşnl" təşkilatı ilə respublika hökuməti arasında əldə olunmuş razılaşmaya əsasən "Bakı SOS uşaq kəndi" salınmışdır. Uzaqgörən və müdrik şəxsiyyət Heydər Əliyev xalqımızın sabahını - gənc nəsli yaşatmaq, uşaqların həyat səviyyəsini yaxşılaşdırmaq üçün xarici ölkələrin diqqətini respublikamıza yönəltmiş, həmişə hər bir azərbaycanlı uşağın yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışmışdır. Dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılmışdır. Məqsəd uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsi olmuşdur. Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə keçirilən ənənəvi bayramında iştirak edən ulu öndərimiz Heydər Əliyev demişdir: "Artıq biz ictimai-siyasi cəhətdən çox sabit bir Azərbaycan yaratmışıq. İnsanlar rahat yaşasınlar və biz bunu, sabitliyi daimi edəcəyik... Əmin olun ki, siz bizim rastlaşdığımız çətinliklərlə rastlaşmayacaqsınız. Ancaq bu, sizə imkan verəcək ki, bizim başladığımız işləri daha da uğurla həyata keçirəsiniz. Siz bizim ümidimiz, gələcəyimizsiniz".
Ulu öndər Heydər Əliyev müstəqilliyin bərpasının ilk illərində böyük ictimai-siyasi problemlərlə üzləşmiş, ədalətsiz müharibəyə cəlb olunmuş, torpaqlarının 20 faizini itirmiş ölkəmizi düçar olduğu faciələrdən xilas edərkən uşaqların taleyini bir an belə unutmamış, böyük işlərdən vaxt taparaq həmişə onların görüşünə gəlmiş, problemlərinin həlli istiqamətində təsirli tədbirlər görmüşdür. Məhz bu sonsuz diqqət və qayğının nəticəsi idi ki, uşaqlar ulu öndər Heydər Əliyevlə hər bir görüşdən böyük zövq alırdılar. Heç şübhəsiz, bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoymuşdur. Ulu öndərin qanunvericilik təşəbbüsü əsasında 1998-ci ildə Milli Məclisdə "Uşaq hüquqları haqqında", 1999-cu ildə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlar qəbul edilmiş və icrası yüksək səviyyədə təmin olunmuşdur. Ümummilli