"Ermənistanın işğalının digər mənfi fəsadı minalardır. Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır". Prezident İlham Əliyev bu fikirləri İyulun 5-də Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşü zamanı söyləyib. Düşmənin mina terrorunun Böyük Qayıdış Proqramının həyata keçirilməsini ləngitdiyini bildirən dövlət başçımız Azərbaycanın humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirdiyini də qeyd edib.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan bütün potensialını ortaya qoyaraq uzun illər düşmən əsarətində qalan, vandal ermənilər tərəfindən yerlə-yeksan edilən ərazilərində yenidənqurma işlərinə başlayıb. 30 il əvvəl yurd-yuvasından məcburi köçkün düşmüş soydaşlarımızın geri qayıtması üçün ölkəmiz var gücünü səfərbər edib. Dağıdılmış şəhərlərin, viran qoyulan kəndlərin, qəsəbələrin bərpası istiqamətində genişmiqyaslı layihələr, Baş planlar hazırlanıb və icrasını mümkün olduğu qədər tez bir zamanda reallaşdırmaq üçün əhəmiyyətli tədbirlər görülür. Bütün bunların nəticəsidir ki, artıq Zəngilanın Ağalı, Tərtərin Talış kəndlərinə və Laçın şəhərinə Böyük Qayıdış uğurla həyata keçirilir. Lakin mənfur düşmənin işğal dövründə, eyni zamanda 44 günlük müharibədə məğlubiyyətindən sonra əzəli torpaqlarımızı tərk edərkən basdırdığı minalar bu işləri ləngidir.
Bərpa və quruculuq işlərinə başlamazdan əvvəl minatəmizləmə işləri aparılır, mina və PHS-ləri təmizləmək üçün geniş tədqiqat, xəritəçəkmə və təmizləmə əməliyyatları həyata keçirilir. Qabaqcıl texnologiya və qoruyucu vasitələrlə təchiz edilmiş, yüksək təlim keçmiş minatəmizləmə qrupları partlayıcı təhlükələri zərərsizləşdirir və ilk növbədə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektləri minalardan təmizlənir.
Müdafiə Nazirliyinin mühəndis istehkam qoşunları və Minatəmizləmə Agentliyinin mütəxəssisləri işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsində beynəlxalq təcrübəyə əsaslanaraq genişmiqyaslı fəaliyyət göstərirlər. Belə ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına əsasən ötən ay işğaldan azad edilmiş ərazilərdə 689 mina aşkarlanıb. Sentyabr ayı ərzində Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 242, tank əleyhinə 447 mina və 909 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. undan əlavə, 4550,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Müharibənin bitdiyi 3 il ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri zamanı hər addımda düşmənin alçaq niyyətinə, mənfur xislətinə rast gəlinir. Öz torpağı olmadığını və bu yerlərin əsl sahibinin geri dönəcəyini yaxşı bilən düşmən əraziləri zəhərləmək üçün əlindən gələni edib. Hətta ağ bayraq qaldırıb ərazilərdən çıxmaq üçün vaxt istəyəndə belə fürsəti fövtə verməyib. Çıxdığı evləri, yolları, viran qoyduğu kəndləri, dağıtdığı şəhərləri minalayaraq pisliyini, kin-küdurətini davam etdirib. Suriya və Livandan gətirilərək qeyri-qanuni məskunlaşdırılan ermənilər 2021-ci ildə Laçın rayonunu tərk edərkən 1400-dən çox mina basdırmaqla öz xislətlərini bir daha nümayiş etdirmişlər. Bu gün onların çirkin əməllərinə Xankəndidə də rast gəlirik. Xankəndi şəhəri ərazisində yerləşən müəyyən inzibati binalarda xeyli sayda partlayıcı qurğular, tələ qurğular və silah-sursat aşkar edilib.
Tərk etdikləri əraziləri minalamaq, vətəndaşlarımızın həlak olmasına cəhd etmək və bütün bunların fonunda işğaldan azad olunmuş ərazilərə öz sahiblərinin qayıtmasını hər vasitə ilə gecikdirmək kimi düşmənin xislətini təsdiqləyən minlərlə fakt var. Basdırdığı bir milyondan çox minanın xəritəsini verməmək, yaxud da qeyri-dəqiq xəritələr təqdim etməklə Ermənistan düşmənçilik mövqeyindən əl çəkmir. Uzun illər Ermənistanın işğalçılıq, etnik təmizləmə siyasətinə məruz qalan Azərbaycan bu gün də mina terrorunu ağır fəsadlarını aradan qaldırır. Mövcud çətinliklərə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır və bu əraziləri dünyanın ən gözəl guşələrindən birinə çevirmək üçün böyük işlər görülür. Eyni zamanda regionda sülhün, əmin-amanlığın bərqərar olması üçün Ermənistanla münasibətlərin normallaşmasına, xalqların birgəyaşayışına hesablanmış məqsədyönlü addımlar atılır. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın niyyəti təhlükəsiz, qarşılıqlı anlaşma əsasında birgə həyat qurmaqdır.
Mehparə ƏLİYEVA,
"Respublika".