Ölkəmiz Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində mühüm addımlar atmışdır
Siyasət

Ölkəmiz Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində mühüm addımlar atmışdır

Qloballaşan dünyada yeni münasibətlər quran, eyni zamanda mövcud əlaqələrini şaxələndirən Azərbaycan humanist ideyalara sadiq ölkə olduğunu həyata keçirdiyi məqsədyönlü siyasətlə təsdiqləyir. Dünyada sülhün, əmin-amanlığın carçısı kimi tanınan müstəqil dövlətimiz heç bir ölkənin daxili işlərinə qarışmadan daha böyük uğurlara hədəflənmiş siyasət yürüdür. Nüfuzlu qurumlar, beynəlxalq təşkilatlar çərçivəsində dünya dövlətləri ilə həmrəylik, əməkdaşlıq, tərəfdaşlıq nümayiş etdirərək beynəlxalq səviyyəli, mühüm əhəmiyyətli təşəbbüslər irəli sürür və bu təşəbbüslərin reallaşmasında dost ölkələrlə birgə fəaliyyət göstərir.

Bəşəri dəyərlərin təbliğinə mühüm töhfələr verən ölkəmiz 2011-ci ildə BMT-dən sonra dünyanın ən böyük təsisatı olan, heç bir blokda iştirak etməyən Qoşulmama Hərəkatının 120 ölkəsindən 119-nun mandatını qazanaraq Hərəkata tamhüquqlu üzv qəbul olunmuş, üzvlüyü zamanı beynəlxalq hüququn norma və prinsiplərini müdafiə etməklə təsisat daxilində böyük nüfuz və etimad qazanmışdır. Həyata keçirdiyi siyasətlə Hərəkatın missiyasını dəstəkləyən dövlətimiz 2019-cu ildə QH-nin 18-ci dövlət və hökumət başçılarının zirvə görüşünə evsahibliyi etmiş, 120 üzv dövlətin və 42 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən Bakı Sammitində 2019-2022-ci illər üçün Hərəkata sədrlik ölkəmizə həvalə olunmuşdur. Uqandanın sədrliyi bir il gec təhvil alacağı təqdirdə üzv dövlətlər 2023-cü ildə də QH-yə sədrliyi ölkəmizə həvalə etmişlər. Bu, Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə sadiq olan ölkəmizə olan etimadın, inamın göstəricisidir.

Dünya dövlətləri ilə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi sahəsində liderlik qazanan, bu istiqamətdə ümumi səylərini və imkanlarını birləşdirməyə hər zaman hazır olan, sülhü təhdid edən çağırışlara qarşı durmağa, sabit inkişaf və təhlükəsizliyə nail olmağa çalışan Azərbaycanın xarici siyasətinin əsasında dünya ölkələri ilə qarşılıqlı anlaşmanı möhkəmləndirmək, siyasi və iqtisadi əməkdaşlığı inkişaf etdirmək dayanır. Məqsəd və məramı dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək, insan hüquq və azadlıqlarını qorumaq, qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək, BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri danışıqlar, sülh yolu ilə dinc vasitələrlə, həll etmək və s. olan Hərəkata 4 il sədrliyi dövründə dövlətimiz beynəlxalq münasibətlərin tənzimlənməsinə öz töhfəsini vermişdir. Belə ki, dövlətimizin təşəbbüsü ilə Qoşulmama Hərəkatına üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun "COVID-19-a qarşı birlikdəyik" mövzusunda zirvə görüşü formatında video-konfransı təşkil olunmuş, Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin olunması ilə bağlı qətnamə irəli sürmüş , pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış etmişdir. Dövlətimiz inkişaf etmiş ölkələri və donor təşkilatları inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırmış, əksəriyyəti Qoşulmama Hərəkatına üzv dövlətlər olmaqla 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərmiş, Qoşulmama Hərəkatının sədri kimi dünyada vaksinlərin ədalətli bölgüsü və inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlılığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirmişdir. Azərbaycan həmçinin 2020- ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuş, Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı etmişdir. 2022-ci il iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı konfransında üzv dövlətlər Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaratmaqla ölkələr arasında həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində daha bir addım atmışlar. Konfransdan qısa müddət sonra Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammitinin keçirilməsi ölkəmizin BMT-nin gənclərlə bağlı siyasətini dəstəklədiyini və buna əsaslanaraq təşkilatın gənclik qolunu yaratdığını nümayiş etdirmişdir. Ötən il isə daha bir aktual mövzuya həsr olunmuş Qoşulmama Hərəkatının Bakı konfransında ölkəmiz tərəfindən Hərəkatın Qadınlar Platformasının yaradılması təklifi irəli sürülmüşdür. "Qadın hüquqlarının inkişafı və qadınların səlahiyyətləndirilməsi" mövzusunda keçirilən konfrans çərçivəsində təşkil olunan "Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişafı" mövzusunda panel iclasda nümayiş etdirilən fləşmob çərçivəsində Fransanın yürütdüyü müstəmləkəçilik siyasətindən əziyyət çəkən ölkələrin konfransdakı nümayəndələri xəritə üzərinə öz bayraqlarını sancaraq beynəlxalq ictimaiyyətə çağırış etmişlər.

 Üzvlükdən sədrliyə doğru layiqli yol keçən Azərbaycan Hərəkatın təsisatlanması istiqamətində mühüm addımlar atmış, bu müddət ərzində üzv dövlətlərlə münasibətlərin yüksəldilməsinə, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa mühüm töhfələr vermişdir. Eyni zamanda Bandunq prinsiplərinə sadiq qalaraq terrorla mübarizəyə, münaqişələrin həlli ilə bağlı beynəlxalq əməkdaşlığa, beynəlxalq hüquq və öhdəliklərin yerinə yetirilməsinə, qaçqınlar probleminin, yoxsulluğun azaldılmasına, ətraf mühitin qorunmasına, üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə səy göstərmişdir. Bütün bunların fonunda fəxrlə demək olar ki, QH-nin ən gənc üzlərindən olmasına baxmayaraq, Azərbaycan Hərəkata sədrliyi təhvil alacaq ölkələrə sanballı miras qoymuşdur.

Mehparə ƏLİYEVA,

"Respublika".