Qədim zamanlardan Azərbaycanın böyük dövlətçilik ənənələri olmuşdur. Azərbaycan tarixin müəyyən dövrlərində böyük torpaqlara sahib olub. Zaman keçdikcə işğalçı qüvvələr torpaqlarımızı işğal edib, müstəqilliyimiz əlimizdən alınmışdır.
XX əsrin əvvəllərində Çar imperiyasının dağılması nəticəsində, o vaxtkı mütəfəkkir ziyalılarımız 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini yaratdı və müstəqilliyini elan etdi. Lakin bu müstəqil dövlətimizin də ömrü uzun sürmədi. Cəmi 23 ay yaşayan AXC daşnak-bolşevik quldurlarının və daxilimizdəki xainlərin hərbi təcavüzü nəticəsində süquta uğradı. 23 ay ömür sürməsinə baxmayaraq, AXC Azərbaycanın müstəqilliyini dünyaya tanıtdı. Azərbaycan xalqı müstəqil, azad yaşamaq uğrunda mücadilə apardı və öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etdi. Mövcud olduğu qısa zamanda AXC Azərbaycanın ilk parlamentini, hökumətini yaratdı. Dövlət atributları təsis edildi. Dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Parlamentdə milli müstəqilliyin gücləndirilməsi, ölkədə siyasi, iqtisadi inkişafın təmin edilməsi, demokratik prinsiplərin bərqərar olması istiqamətində mühüm qərarlar qəbul edildi.
AXC bütün ölkə vətəndaşlarına eyni hüququ verərək dini, irqi bərabərsizliyi aradan qaldırdı. Qısa müddət ərzində Milli Ordu quruldu və Qafqaz İslam Ordusu ilə Bakı və ətraf ərazilər işğaldan azad edildi.
AXC-nin xarici siyasətinin əsası dünya birliyi tərəfindən Azərbaycanın tanıdılması olmuşdur. Bunun üçün Paris Sülh Konfransına Cənubi Qafqazda yeni bir müstəqil dövlətin qurulduğu barədə rəsmi məlumatlar göndərildi. Şərq xüsusiyyətlərini, xalqın milli mədəniyyətini, Avropanın demokratik dəyərlərini özündə birləşdirən bir dövlət quruldu. AXC xalqın milli şüurunu özünə qaytardı, Azərbaycan xalqının müstəqil, azad yaşamağa layiq bir xalq olduğunu nümayiş etdirdi.
1918-ci ildə qəbul edilmiş qərara əsasən təhsil ana dilində aparılmağa başladı. 1919-cu ilin sentyabrında Parlamentdə Bakı şəhərində universitet açmaq barədə qərar qəbul edildi. Azərbaycan Dövlət Universitetinin Nizamnaməsi təsdiq olundu və fəaliyyətə başlaması ilə milli kadrların hazırlanması istiqamətində mühüm addım atıldı. Universitetlə yanaşı, digər ali və orta təhsil müəssisələrinin yaradılması üçün hazırlıqlar aparıldı.
AXC ədliyyə sahəsinə də xüsusi diqqət ayırırdı. Cümhuriyyətin yarandığı 28 may 1918-ci ildə ədliyyə Nazirliyi təsis edildi.
Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, "Müstəqilliyi qorumaq, saxlamaq, o müstəqilliyi əldə etməkdən qat-qat çətindir". Azərbaycan Xalq Cümhuriyyəti də bu müstəqilliyi qoruyub saxlaya bilmədi.
1991-ci ildə Azərbaycan xalqı yenidən müstəqil dövlət qurmağı bacardı. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilmiş və Azərbaycan Respublikası AXC-nin varisi olduğunu təsbit etmişdir. Azərbaycan XX əsrin sonlarında müstəqilliyini bərpa edəndə ölkədə ağır vəziyyət hökm sürürdü. Azərbaycan parçalanmaq təhlükəsi ilə üz- üzə qalmışdı. Hakimiyyətdə olanların səriştəsizliyi, digər tərəfdən, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi müstəqilliyimizi itirmək təhlükəsini yaratmışdır. Belə çətin bir vəziyyətdə xalqın haqlı tələbi və təkidi ilə ulu öndər hakimiyyətə gəldi. Heydər Əliyev Azərbaycan dövlətçiliyini qorumaq üçün qətiyyətli tədbirlər gördü. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və Azərbaycan dövlətinin xilaskarı oldu. Ulu öndər Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı, dövlət müstəqilliyinin qorunması üçün dəfələrlə ölümlə üz-üzə qaldı, lakin heç vaxt bu yoldan dönmədi, hər zaman bu müqəddəs amal uğrunda çalışdı.
Heydər Əliyev Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyən etdi və 1993-cü ildə prezident seçildikdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı. Dünyanın siyasi arenasında Heydər Əliyev şəxsiyyəti, sözü və siyasəti Azərbaycanın nüfuzunu artırdı. Xarici təzyiqlərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev bir sıra beynəlxalq iqtisadi layihələri reallaşdırdı. Regionda baş verən çətin <