Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristoferseni qəbul edib. Görüşdə Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov da iştirak edib.
Qurumun mətbuat xidmətinin məlumatından deyilir ki, görüş zamanı S.Əliyeva Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Ombudsman Konstitusiya Qanununda təsbit edilmiş mandatının mövcud müsbət beynəlxalq təcrübəyə uyğun olaraq genişləndirilməsi ilə bağlı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununa təklif olunan əlavə və dəyişikliklərdən bəhs edib.
Müvəkkil Ermənistanın Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyi barədə məlumatları bu günədək təqdim etmədiyini bildirib. Həmçinin Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında mina terroru həyata keçirildiyi, basdırılmış minaların azad edilmiş ərazilərimizə təhlükəsiz qayıdışı ləngitdiyi, aparılan genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərinə ciddi maneə yaratdığı diqqətə çatdırılıb.
"Respublika".