Bakıda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı keçirilib
Mayın 2-də Bakıda, Heydər Əliyev Sarayında Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı keçirilib. Toplantı Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilib.
AZƏRTAC xəbər verir ki, Ulu Öndərin hakimiyyət illərində xaricdə təhsil almış həmvətənlərimizin qatıldığı toplantıda dövlət və hökumət nümayəndələri də iştirak ediblər.
Əvvəlcə Sarayın foyesində Ulu Öndərin hakimiyyətinin hər iki dövründə Azərbaycan təhsilinə qayğısından bəhs edən fotosərgi ilə tanışlıq olub.
Toplantı açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov çıxış edib.
Bu günlərdə xalqımızın böyük tarixi şəxsiyyət, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin böyük təntənə ilə qeyd edildiyini bildirən Baş nazir deyib ki, Ulu Öndərin 100-cü ildönümü onun ideya və arzularının gerçəkləşdiyi, tövsiyə və vəsiyyətlərinin yerinə yetirildiyi tarixi şəraitdə keçirilir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" Sərəncamında qeyd edildiyi kimi, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
1974-cü ildə Moskva şəhərində Plexanov adına Xalq Təsərrüfatı İnstitutuna daxil olduğunu, 1978-ci ildə həmin İnstitutu bitirdiyini xatırladan Ə.Əsədov deyib: "O illərdə belə nüfuzlu ali məktəblərə qəbul olmaq biz gənclər üçün böyük şərəf idi. Bu istiqamətdə atılan addımların hansı qlobal məqsədə xidmət etdiyi barədə təsəvvürümüz olmasa da, üzərimizə düşən məsuliyyəti - Azərbaycan üçün gərəkli mütəxəssis kimi yetişməyin əhəmiyyətini dərk edir, respublika rəhbərinin xeyir-duasından daha da ruhlanırdıq. İllər sonra Ulu Öndər özü etiraf edirdi ki, bu uzaqgörən strategiyanın məqsədi bir çox ixtisaslar üzrə milli kadrların hazırlanması ilə yanaşı, həm də Azərbaycan gənclərinin dünya görüşlərinin genişləndirilməsi idi. Bugünkü toplantının iştirakçıları Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində fəaliyyət göstərən, Vətənimizin hərtərəfli inkişafına töhfələr verən insanlardır. Hər birimiz böyük həyat yolu keçərək şəxsiyyət kimi formalaşmışıq, müxtəlif peşələrə yiyələnmişik, müxtəlif vəzifələr tutmuşuq. Lakin bizi birləşdirən mühüm bir faktor var - əksəriyyətimiz Ulu Öndərin böyük diqqət və qayğısı nəticəsində Azərbaycandan kənarda ali təhsil almaq şərəfinə nail olmuşuq. Bu gün biz böyük iftixar hissi ilə deyirik ki, Heydər Əliyev məktəbinin məzunları, Heydər Əliyevin kadrlarıyıq".
Əli Əsədov bildirib ki, Azərbaycanın qədim tarixi və zəngin dövlətçilik ənənələri, bu ənənələri yaradan və yaşadan böyük xalqı, doğma Vətənin tarixinə öz adını əbədi yazdıran qəhrəman övladları, dahi şəxsiyyətləri var. Ancaq Ulu Öndər Heydər Əliyev onların arasında xüsusilə seçilir. Yüz il əvvəl qədim Naxçıvanda sadə, zəhmətkeş ailədə dünyaya göz açan, uşaqlığı əyalət şəhərində keçən Heydər Əliyev iş fəaliyyətinə hələ gənc yaşlarında dövlət qulluğunda başlamışdı. Sonralar onun nəhəng bir ölkənin rəhbərlərindən olması, dünya miqyasında şöhrət qazanaraq öz xalqını şərəfləndirməsi, onun əsl lider kimi çox mürəkkəb və məsuliyyətli missiyanı şərəflə yerinə yetirməsi Ulu Öndərə qismət olan bənzərsiz bir taledir. "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam", - Ulu Öndər həyat amalını belə ifadə etmiş və bu amala daim sadiq olmuşdur.
Ulu Öndərin 1972-ci ildən etibarən hər il yüzlərlə azərbaycanlı gənci SSRİ-nin böyük təcrübəyə malik ali hərbi təhsil məktəblərinə oxumağa göndərdiyini xatırladan Əli Əsədov diqqətə çatdırıb ki, o illərdə məhz Ulu Öndərin şəxsi təşəbbüsü ilə böyük çətinliklərlə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı