Tarixə nəzər salanda görürük ki, dövlət başçıları, prezidentlər hər biri öz dəst-xətti, xarakteri, tutduğu əməlləri ilə yadda qalıblar. Kimi müsbət, kimi də mənfi qəhrəman kimi əbədiləşib, bütün məziyyətləri ilə tarixin səhifəsində iz salıblar. Uşaq vaxtı oxuduğumuz nağıllarda olduğu kimi: mərhəmətli, qoçaq, ağıllı və yaxud da, qəddar, ağılsız və fərsiz padşahlar. Zəmanəmizdə də belədir, bütün dövlət başçılarının özünəməxsus imici, çəkisi var. Gülünc, biabırçı vəziyyətlərə düşən, dünya siyasətində təlxək obrazı yaradan Fransa prezidenti Makron kimi tipajlar da var. Onun həyat və fəaliyyətinə diqqət edəndə gənclik illərində təhsillə bərabər bütün sahələrə, hətta incəsənətin bir sıra növlərinə meyil etdiyinin şahidi oluruq. Əslində, Makron siyasi aləmdə ciddi tipaj deyil.
Makrona qarşı olan münasibətin əsas göstəricilərindən biri də onun yumurta yağışına tutulmasıdır. Artıq bu, ənənəvi hal alıb. Dəfələrlə fransız dövlət başçısının başı yumurtaya tuş gəlib. İlk dəfə onun yumurta "hədiyyə"si 2016-cı il iyun ayında olmuşdu. Həmin zaman ölkənin iqtisadiyyat naziri vəzifəsini yerinə yetirən Emmanuel Makrona nümayişçilər etirazlarını yumurta atmaqla bildirmişdilər. Bu insident Montrey şəhərində nazirin Xalq cəbhəsi siyasi koalisiyasının 80 illiyinin şərəfinə yeni poçt markasının təqdimatına gəldiyi zamanda baş vermişdi. Belə ki, Makron avtomobildən düşərkən etirazçılar "get" qışqıraraq naziri yumurta atəşinə tutmuşdular. Nümayişçilərin etirazının səbəbi isə həmin dövrdə hökumətin əmək qanunvericiliyinə planlaşdırdığı islahatla bağlı idi.
Makron Fransa prezidenti kimi fəaliyyət göstərməsinin dördüncü ilində daha tragikomik hadisə ilə qarşılaşmışdı. Belə ki, 2021-ci ilin yenə də iyun ayında Drom rayonuna səfəri zamanı dövlət başçısı daha çətin vəziyyətə düşmüşdü. Adəti üzrə, özünü xalq arasında rahat hiss etməyə çalışan Makron meydanda "sevənlərinə" yaxınlaşdığı zaman bir qadın ona şillə vurur. Prezidentin mühafizəçiləri dərhal hadisəyə müdaxilə etsələr də, artıq olan olmuşdu. Bəli, bu, bir dövlət başçısının ölkəsində qazandığı "hörmət"dir. Lakin baş verənlərə qarşı Makronun sərsəm fikirləri vəziyyəti daha gülünc hala gətirmişdi. Belə ki, o, "Le Dauphine" saytına məsələ ilə bağlı bildirmişdi ki, insidenti çox da şişirtmək lazım deyil: "Gəlin, hadisəni böyütməyək. Mən bunu fərdi fakt olaraq dəyərləndirirəm".
Aldığı şillədən dərs çıxarmayan Makronun yeni "mükafatı" elə həmin il, sentyabr ayında Lion şəhərində oldu. Restoran ticarəti ilə bağlı sərgidə iştirak edən prezidentə bir nəfər çiy yumurta "qonaqlığı" verdi. Həmin adam "Yaşasın inqilab!" qışqıraraq çiy yumurtanı prezidentin başına çırpmaqla öz etirazını bildirdi. Məsələ ondan ibarətdir ki, başı daşdan-daşa dəyən Makronun artıq başı yumurtadan-yumurtaya dəyir. Son zamanlar Fransa prezidenti yenidən "yumurta atəşi"nə tuş gəlib. Bu dəfə o, İsraildən sonra səfər etdiyi Misirdə naməlum şəxsin hücumuna məruz qalıb. Misirdə də cənab Makrona bu tərzdə etiraz edilib. Düzdür, mühafizəçilər Makronu qorumağa çalışsalar da, yumurtalar həm Makrona, həm də onlara dəyib. Yazının əvvəlində də qeyd etdiyim kimi, bir ölkənin prezidentinin şəxsi nüfuzu, beynəlxalq aləmdə qazandığı imic dövlətlərarası münasibətlərdə vacib rol oynayır. Deyək ki, Makronu ölkəsində sevmirlər, fransızların ona qarşı məlum aqressiyası var. Bəs, başqa ölkələrdə niyə Fransa dövlət başçısı eyni ssenari üzrə qarşılanır? Demək ki, cənab Makron beynəlxalq aləmdə, dünya siyasi meydanında özünə ciddi dövlət başçısı imici yarada bilməyib. Hakimiyyətə gəldiyi gündən, ilk növbədə ölkəsində olan erməni lobbisinin maraqlarından çıxış edən Makron ölkəsinin imicini aşağı salmaqdan başqa heç nə bacarmır. Onun atdığı addımları, yürütdüyü siyasəti analiz edəndə görürsən ki, bu şəxs sanki məqsədli şəkildə ölkəsini aşağılamağa, beynəlxalq aləmdə nüfuzunu zəiflətməyə çalışır. Məlumdur ki, Fransada siyasi-iqtisadi vəziyyət günbəgün ağırlaşır. Makronun siyasi savadsızlığı və bacarıqsızlığı sayəsində sadə fransızların büdcəsinə ağır zərbə vurulmuş, ölkədə yanacağın qiymətində "partlayış" yaranmışdı. Yanacağın qiymətinin artması məhsulların bahalaşmasına gətirib çıxarmış və bu da vətəndaşların həyat tərzinə mənfi təsir göstərərək inflyasiyaya təkan vermişdi.
Bəli, bu gün Makron hakimiyyətinin formalaşdırdığı Fransa göz önündərir. Ölkəni bürüyən etiraz aksiyaları, bahalaşma, xarici uğursuzluq, polis özbaşınalığı. Makron tarixdə təkcə ölkə daxilində uğursuz siyasəti ilə deyil, həm də xarici siyasətdə neokolonializmi ilə yadda qalır. Afrika qitəsində müstəmləkə və acgöz istismardan tutmuş ta Cənubi Qafqaza kimi əlini uzatmaq istəyir. Səhv etdiyini bilsə də, dərs çıxarmağı bacarmır. Çünki buna onun siyasi savadı yetmir. Firənglər kimi onu beynəlxalq aləmdə də sevmirlər. Gülüş hədəfinə çevrilən bu adamın hər addımını, çıxışını və yaxud da görüşünü məsxərəyə qoyurlar. Makronun Fransaya rəhbərliyi dövründə ölkədə sosial-iqtisadi vəziyyət daha da pisləşdi. Baş verənlərə onun laqeyd münasibətinin nəticəsində isə narazı kütlənin sayı kəskin artdı. O, qeyri-ciddi yanaşmaları sayəsində daha çox satirik personaj imici yaratdı. Əslində, vaxtında səmtini dəyişib, bu istiqamətdə getsəydi, bəlkə də daha uğurlu alınardı. Çünki o, pianoçu, futbolçu, iqtisadçı kimi daha çox uğur qazanıb, nəinki prezident kimi.
Ramidə YAQUBQIZI,
"Respublika".