15 iyun 1993-cü ildə xalqımız müdrik liderinin rəhbərliyi ilə özgüvəninə əsaslanaraq dayanıqlı və davamlı təhlükəsizliyə möhkəm zəmin yaratmaqla dövlət müstəqilliyinin əbədiliyini təmin etdi
Ötən əsr bir çox proseslərlə yanaşı, yeni müstəqil dövlətlərin yaranması, bəzi xalqların dövlət müstəqilliklərini yenidən bərpa etməsi, bəzilərinin isə müstəqillik əldə etməsi ilə yadda qaldı. Keçmiş SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən dövlətlərdən olan Azərbaycan qədim tarixə, mühüm coğrafi-strateji mövqeyə, iqtisadi potensiala, zəngin mədəniyyətə və özünəməxsus dövlətçilik ənənələrinə malik nadir ölkələrdəndir.
Hər bir xalq və millət üçün qürur və şərəf hissi doğuran müstəqillik iqtisadi, siyasi, intellektual, mədəni ehtiyatların inkişafına təkan verməklə ciddi sınaq meydanına çevrilir. Hər kəsdən daha yüksək vətənpərvərlik, məsuliyyət və intizam tələb edilir. Şərq və Qərb sivilizasiyalarının qovuşuğunda yerləşən Azərbaycan tarixin bütün dönəmlərində Şərqin siyasi, ticarət və mədəni mərkəzlərindən biri olub. Bunlara baxmayaraq, ictimai-siyasi təşkilatlanmanın və dövlətçiliyin formalaşması proseslərinin qarşısı müvəqqəti də olsa, daha güclü dövlətlərin təsiri ilə alınmışdır.
Ötən əsrin əvvəllərində yaranan, müasir və müstəqil Azərbaycan dövlətinin sələfi olan AXC də həmin taleyi yaşadı. Qısa müddətdə - 23 ay ərzində müsəlman Şərqində ilk parlament tipli demokratik respublika yaradılmaqla dövlət quruculuğunun ən əsas sahələrində mühüm işlər görüldü. Müasir elm və təhsil tariximizin ən şərəfli səhifələrindən olan BDU-nun açılması da həmin dövrə aiddir. Milli vətənpərvər qüvvələr müstəqilliyimizin qorunub saxlanmasına təşəbbüs göstərsələr də, təcrübəsizlik, səhvlər, daxildən anti-Azərbaycan qüvvələrinin fəallığı və xaricdən müdaxilə buna imkan vermədi. Nəticədə Azərbaycan sərhədləri, ərazisi, dövlət dili və bir sıra digər dövlətçilik atributları mövcud olmaqla keçmiş SSRİ-də müstəqilliyi kvazi qaydada qorunub saxlanmışdır, necə deyərlər, kvazimüstəqil idi. O illərdə ölkə rəhbərlərinin heç də hamısı psevdoazad respublikanın imkanlarını gələcəkdə milli maraqlar naminə istifadəyə yönləndirə bilməmişdilər. Ancaq 1970-1980-ci illərdə gələcək müstəqilliyimizin zəruri əsasları formalaşdırılmaqla azadlıq mücadiləsinə hazırlıq mərhələsi başlandı. Təsadüfi deyil ki, 1980-ci illərin sonlarında başlanmış siyasi-iqtisadi böhran keçmiş ittifaqda yaranmış vəziyyətin çarəsini tapmaq üçün mübarizəni kəskinləşdirmişdi. Mərkəz ilə respublikalar arasında qarşılıqlı münasibətlər problemi kulminasiya həddinə çatmışdı. Yaranmış xaotik vəziyyəti idarəolunan hala gətirmək üçün müxtəlif cəhdlər edilsə də, bir nəticə hasil olmadı. Dərin böhrandan çıxış yolları axtarılması prosesi müxtəlif ciddi əsaslandırılmış iqtisadi-siyasi proqramların reallaşdırılmasını zəruri edirdi (Məsələn: "500 gün", "antiböhran", "Novooqaryovo prosesi", "üçlər sazişi", "nomenklatur özəlləşdirmə" və s.).
O dövrdə "yeni iqtisadi xətt"in "atası" L.Abalkin və hakimiyyət tərəfindən proqramların qəbul edilməməsi, konfederallaşdırılmanın tədricənliyini əldən verdi. Həmin illərdə bir sıra tədqiqatçılar keçmiş ittifaq respublikalarında istehsalın həcminin orta illik artım sürətini, ÜDM istehsalını, respublikalararası göndərişləri, yük dövriyyəsini, sənaye sahələrində, kənd təsərrüfatında istehsalın dinamikasını və digər makroiqtisadi göstəriciləri nəzərə almaqla bu qənaətdə idilər ki, Rusiyadan sonra Azərbaycan kimi respublikalar müstəqil yaşamağa hazırdırlar.
Təəssüflər olsun ki, imkanları belə qiymətləndirilən ölkəmiz müstəqilliyinin ilk kövrək addımlarını atdığı tarixi zaman çox mürəkkəb olmaqla taleyimiz üçün əhəmiyyətli hadisələrlə və ziddiyyətli məqamlarla dolu bir dövr idi. 1990-1991-ci illərdə keçmiş SSRİ-ni qoruyub saxlamaq naminə təşkilati xarakterli cəhdlər göstərildi. Dəqiq fəaliyyət proqramı olmadığından konkret şəraitə uyğun təklif edilən "siyasi sous" da müxtəlif idi. Bütün bunlar hadisələrin inkişafına ölkə rəhbərliyinin təsir qabiliyyətini daha da azaltdı. Hərbçilər isə bundan istifadə edərək "qayda-qanunu" bərpa, laxlamış mövqeləri bərqərar etmək üçün cəhdlər edirdi. Müttəfiq respublikalara hərbi müdaxilələr həmin respublikaların ittifaqdan ayrılmaq və suveren dövlətə çevrilmək